Son əlavələr‎ > ‎

Şəki ipək kombinatının mövcud durumu ilə bağlı Prezident İlham Əliyev cənablarına müraciət

8 Tem 2018 07:03 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 12 Tem 2018 06:25 güncellendi ]
Çox hörmətli Prezident İlham Əliyev cənabları.

Məlumat üçün əvvəlcə vurğulamaq istəyirik ki, Şəki ipək kombinatının əmək kollektivi daima öz üzərində sizin diqqət və qayğınızı hiss etməkdədir. Təsadüfi deyil ki,  respublikada ipəkçiliyin acınacaqlı vəziyyəti ilə bağlı 29.01.2016-cı il tarixdə Sizə etdiyimiz müraciətimizdən az sonra bu sahədə əhəmiyyətli müsbət dəyişikliklər baş vermiş, 2016-cı ildə 70 ton, 2017-ci ildə 244 ton, bu il isə 513 tondan çox barama tədarükü baş tutmuşdur. Şəki ipək kombinatına pambıq iplik istehsal etmək üçün mahlıc verilməməsi və bununla əlaqədar olaraq  kombinatın pambıq əyirici sexinin fəaliyyətsiz qalması, işçilərinin maaş almaması ilə bağlı bu ilin əvvəllərində Sizə etdiyimiz növbəti  müraciətdən az sonra isə Şəki ipək kombinatına 1209 ton mahlıc ayırılmış, nəticədə kombinatının pambıq əyirici sexi bir il fasilədən sonra aprel ayının əvvəllərində yenidən fəaliyyətə başlamışdı.

Cənab Prezidient, lakin heç bir ay keçməmiş həmin sexin fəaliyyəti əsassız olaraq yenidən dondurulub, sexin işçiləri isə yenidən işsiz və maaşsız qalıblar.

Məlumat üçün əlavə edək ki, bu il Şəki ipək kombinatı öz tarixi ərzində ilk dəfə olaraq 500 tondan artıq yaş barama qəbul edə bilib. Heç sovet dövründə belə burada bu qədər yaş barama qəbul edilməmişdi. Sovet dövründə barama əsasən yerlərdə boğulub-qurudulduqdan sonra kombinata daşınırdı. İndi, qısa bir müddət ərzində heç bir  itkiyə yol vermədən burada 500 tondan çox yaş baramanın boğulub-qurudulması  birbaşa əmək kollektivinin misli görünməmiş fədakarlığı sayəsində mümkün olmuşdur.

Lakin bu il respublikada 500 tondan artıq barama tədarük edilməsinə baxmayaraq, Şəki ipək kombinatının baramaaçan istehsalatı da işləmir. Nəticədə sexin 200-300 nəfər işçisi də maaş almır. Bildiyiniz kimi, əgər kombinatın baramaaçan istehsalatı işləmirsə, deməli, kombinatın digər istehsalat və sexləri də işləyə bilməz, bir sözlə, Şəki ipək kombinatı işləmir, yüzlərlə işçisi də maaş almır. 

Məlum olduğu kimi, hal-hazırda Şəki ipək kombinatı "Azəripək" MMC-nin, "Azəripək" MMC isə "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin idarəçiliyindədir. Kombinatın hansı qurumun idarəçiliyində olması, hansı qurumun idarəçiliyinə yeni keçməsi, təhvil-təslimin təzəlikcə başa çatması və s. bütün bunlar  isə kombinatın bu gün işləməməsi üçün əsas ola bilməz. Əvəzində, barama və mahlıc var ikən kombinatın bu gün işləməməsi həmin qurumların fəaliyyətlərinin qeyri-qənaətbəxş olduğunu, nəticədə iqtisadiyyatımızı çökdürdüyünü vurğulamaq üçün əsasdır. Belə ki bu il dövlət tərəfindən  qurd toxumunun alınmasına 275 min manat, subsidiya olaraq kümdarlara  azı  2 milyon 567 min manat, "Azəripək" MMC-nin yaş barama satın alması üçün kredik şəklində bu MMC-yə  azı 2 milyon 54 min manat, cəmi 5 milyon manata yaxın vəsait ayrılıb, lakin kombinat işləmədiyinə görə bu qədər pul ölkə iqtisadiyyatına bir qəpik  fayda verməyəcək, təbii ki dövlət büdcəsinə də bir qəpik  geri qayıtmayacaqdır.  Əgər barama və mahlıc nəinki ölkədə, hətta bütün dünyada tükənmiş olsaydı belə,  əslində bu da heç vaxt kombinatın dayanmasına gətirib çıxarmalı deyildi. Belə ki süni qrupdan olan liflərin hesabına kombinatın daimi işləməsini təmin etmək olardı, hansı ki sovet dövrünün sonlarına doğru, kombinatın istehsal etdiyi hazır məhsulun yarıdan çoxunu süni liflərdən toxunmuş parçalar təşkil edirdi. Amma çox təəssüflər olsun ki,  son onilliklərdə boşdayanmalar Şəki ipək kombinatında bəzən illərlə uzanıb və indi də - barama və mahlıc olduqda da davam edir.

Cənab Prezident, çıxışlarınızın birində  demişdiniz ki, "əminəm ki, 1-2 ilə Şəki ipək kombinatı tam - sovet vaxtındakı gücü ilə işləyə bilər". Şəki ipək kombinatının əmək kollektivi  isə öz növbəsində həmin anın baş verməsi üçün əlindən gələni etməyə, rəşadət və fədakarlıq göstərməyə hazır olduğunu bildirir və bununla yanaşı, əmindir ki, kombinatın dayanmasına, əmək kollektivinin işsiz və maaşsız qalmasına səbəb olan amillər bu müraciətdən dərhal sonra sizin diqqət və qayğınız sayəsində aradan qalxacaqdır. 

Əvvəlcədən təşəkkür edirik.


Şəki İpək kombinatının əmək kollektivinin xahişi ilə müraciəti hazırladı:  Aydın Məmmədov, 
"İpəkçi" - "Şəkinin səsi" qəzetlərinin baş redaktoru.