Son əlavələr‎ > ‎

Şəki İpək kombinatının əmək kollektivi 11 aprel prezident seçkisinə işsiz, sosial təminatsız və ağır maddi durumda, lakin ümidlə gedir

8 Nis 2018 12:12 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 14 Nis 2018 06:34 güncellendi ]

Məlum olduğu kimi, 1931-ci ildə fəaliyyətə başlamış Şəki İpək kombinatı bu gün də regionun ən böyük sənaye müəssisəsi olaraq qalır.

Lakin xəbər verdiyimiz kimi, fevralın 1-dən etibarən Şəki İpək kombinatının həmin vaxta qədər işləməkdə olan bütün  istehsalat və sexlərinin işçiləri öz hesablarına, "öz xahişləri ilə" ikiaylıq məzuniyyətə göndərilmişlər.

Son illər ölkədə ipəkçilik sürətlə inkişaf edir, birbaşa Prezidentin göstərişi və qayğısı ilə baramaçılıq bərpa edilib, 2016-cı ildə birdən birə 71 ton, 2017-ci ildə 244 ton yaş barama yetişdirilib və cari il üçün azı 300-400 ton yaş barama yetişdiriləcəyi gözlənilir. O cümlədən "Şəki-İpək" ASC-yə dövlət tərəfindən bir neçə dəfə irihəcmli pul yardımı göstərilib və  dövlət kombinatın istənilən problemini həll etməyə hazırdır. "Şəki-İpək" ASC rəhbərliyi baramaya subsidiya istədi, dövlət subsidiya da ayırdı, lakin yenə kombinatı işlədə, ölkə  prezidentin etimadını doğrulda bilmədilər, prezident seçkisi ərəfəsində kombinatın əmək kollektivini ağır maddi duruma salaraq işsizlər ordusuna çevirdilər.  

Prezidentimiz 29 yanvar tarixdə Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda  demişdir ki "əminəm ki, 1-2 ilə Şəki ipək kombinatı tam - sovet vaxtındakı gücü ilə işləyə bilər" ASC İdarə heyətinin sədri Nizami Qəribov  isə Azərbaycan Sənaye Korporasiyası ASC-nin 7 fevral müşavirəsində əsas problemləri bir kənara qoyaraq yun istehsal etmək niyyətində olduğunu açıqlayıb və bu xəbər mediaya elə ötürülüb ki, guya Şəki İpək kombinatı doğrudan da yun istehsalına başlayacaqdır (bax: "Şəki İpək" yun istehsalına başlaya bilər). 

Artıq iki aydan çoxdur ki, kombinatın fəaliyyəti faktiki olaraq tam dayanıb, istehsal yoxdur, amma başda "Şəki-İpək" ASC İdarə heyətinin sədri  olmaqla 15-20 nəfər baş nazirin maaşına bərabər, yaxud buna yaxın məbləğdə əməkhaqqı almaqda davam edirlər. Onların maaş almaları, daha doğrusu özlərinə maaş yazmaları, özü də yüksək məbləğdə, bu bizi əsla təəccübləndirmir. Bal tutan barmaq yalayar deyiblər, çox uzağı hazır məhsulun maya dəyəri  bir qədər də yüksələcək, bu halda aydındır ki satılmayacaq, anbarda yığılıb qalacaq. Anbarda isə hələ yer var, problem yoxdur.  Problem budur ki, "öz xahişləri ilə" məzuniyyətə göndərilən aztəminatlı işçilərin, onların ailələrinin  nə yeyib-içdikləri ilə heç kim maraqlanmır. Bu adamların maaşları aylıq təminatlarını zorla ödəyirdi, aylarla işsiz qalanda bəs nə yeyəcəklər?  Məlumat üçün əlavə edək ki, ötən il Şəkidə yalnız bir nəfərə işsizliyə görə müavinət verilib.  

15 yanvarda isə kombinatın baramaaçan istehsalatının 250 nəfər işçisi növbəti barama mövsümünün başlanmasına qədər, yəni iyun ayınadək, pambıq əyirici sexin işçiləri isə isə ötən ilin aprelindən qeyri-müəyyən müddətə öz hesablarına, "öz xahişləri ilə" məzuniyyətə göndərilmişdilər.

Xalça sexi isə bir neçə ildir ki  işləmir.  Daha əvvəl yazdığımız kimi, kombinatdakı "xalça sexi fəaliyyətə başlayanda xalçanın 1 m2-i 400 dollara başa gəlmişdi və dünya bazarında İranın Qum şəhərinin, Türkiyənin Bursa şəhərinin məşhur ipək xalçaları ilə rəqabətə davam gətirə bilərək satılırdı. Sonra  "Şəki-İpək" ASC-nin bütün inzibati xərclərini atdılar xalçanın üstünə, xalçanın 1 m2-nin qiyməti oldu 1400 dollar, alan olmadı, anbarlarda yığılıb qaldı, satılmadı". 

Pambıqəyirici sexin  işləməməsinin səbəbini isə "Şəki-İpək" ASC rəhbərliyi "pambıq dövlətə məxsusdur, dövlət bu il pambıq vermədi bizə" deyə izah edirdi. Prezidentə müraciətimizdən sonra "Şəki-İpək" ASC üçün 1209 ton mahlıc ayrıldı (bax: Zənnimizdə yanılmadıq, "İpəkçi"nin müraciətinə İlham Əliyev müsbət cavab verdi ). Hal-hazırda mahlıcın Şəki ipək kombinatına daşınması davam edir. Aprelin sonuna qədər pambıqəyirici sex fəaliyyətə başlaya və bundan sonra sentyabradək  işləyə bilər.  

Pambıqəyirici sexin illik gücü isə 3 min ton mahlıcdır. Cəmi 50-60 işçisi var, maaş azdır, 160-170 manat. Burada əsasən 20 və 34 nömrəli iplik əldə edilir. 20 nömrəli ipliklə corab, 34 nömrəli ipliklə isə kobud parça, məsələn bez toxunması mümkündür. Əldə edilən ipliyin hamısı xaricə satılır. 34 nömrəli ipliklə vaxtilə Şəki İpək kombinatında da pambıq parça istehsal edilib, lakin alan olmadı, kombinatın anbarlarında 50 min metr pambıq, 100 min metr isə ipək parça  yığılıb qalıb. 2017-ci il üçün Azərbaycanın xaricə mahlıc ixracında 2016-cı ilə nisbətən xeyli artım olsa da,  pambıq ipliyi ixracında 2016-cı ilə nisbətən 1 milyon dollar məbləğində azalma baş verib. Bu azalma birbaşa Şəki ipək kombinatındakı pambıqəyirici sexin 2017-ci ilin aprelindən işləməməsi ilə əlaqəli görünür. Nə baş verib? Mahlıc xaricə satılıb, amma Şəki İpək kombinatına verilməyib  və bu səbəbdən də 50-60 nəfər işsiz qalıb. Görünür burada istehsal olunan ipliyin maya dəyəri o qədər yüksək olur ki,  dövlət buna görə bura mahlıc vermək istəmir, daha çox mahlıcı xaricə satmağa üstünlük verir.

Ötən il "Şəki-İpək" ASC subsidiya sayəsində çox sərfəli qiymətə - 1 kq-nı 4 manata 244 ton yaş barama alsa da əldə etdiyi ipəkdən tam istifadə edə bilməyib, anbarında həm də  5-6 ton xam ipəyi hələ də qalıb. Bu nöqteyi-nəzərdən,  cari mövsümdə proqnozlaşdırıldığı kimi kombinata 450-500 ton yaş barama gətiriləcəksə, əldə ediləcək ipəyin üçdə ikisini xaricə satmaqdan başqa yol qalmır, - əgər təlabata uyğun parça istehsal edə bilməyəcəklərsə. Amma məsələ buradadır ki, baramaya dövlət tərəfindən verilən subsidiya  nəzərə alınmazsa burada ipəyin 1 kq-ının maya dəyəri 70 dollara yaxındır, xaricilər isə bizim ipəyə bu gün cəmi 50 dollar təklif edirlər. Əgər cari barama mövsümündə əldə ediləcək ipəyin üçdə ikisi xaricə satılarsa, bu o demək olacaqdır ki, dövlətin barama istehsalına ayırdığı subsidiya, Azərbaycanın yox, xarici ölkələrin toxuculuq sənayesinə yönəlir. 

O ki qaldı baramaçılığın inkişafına, obyektivlik üçün bir məsələni xüsusilə unutmaq olmaz: 2001-ci ildə kombinat Prezidentin ehtiyat fondundan ayrılmış vəsaitlə, özü də indikilərlə müqayisədə çox cüzi görünən bir məbləğdə pul yardımı ilə işə düşmüş, sovet dövründə yetişmiş mütəxəssislərin fədakarlığı sayəsində cəmi 3 ilə barama istehsalı 0-dan 133 tona çatmış, müəssisədə 2 min nəfər işlə təmin olunmuşdur (bax: Bəs 50 milyon hara getdi?! )... İndi isə  baramaaçılıqda təşkilati işlərin hamısını Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyətləri və digər qurumlar həyata keçirirlər, bu işlərin "Şəki-İpək" ASC-yə heç bir qatışacağı yoxdur. "Şəki-İpək" ASC-nin işi yerlərdə yetişdirilmiş yaş baramanı öz qapısında kq-nı 4 manata satın almaqla bitir. Dövlət isə kümdarlara yetişdirdikləri baramanın hər kq-na 5 manat subsidiya ödəyir. 

P.S. Şəki İpək kombinatının əmək kollektivi 11 aprel prezident seçkisinə işsiz, sosial təminatsız və ağır maddi durumda, lakin ümidlə gedir. Əmək kollektivi bilir ki kombinatın  mövcud durumu Prezidentin diqqətindən kənarda deyil, bügünki (9 aprel) Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda da Prezident Şəki İpək kombinatı haqqında da danışmışdır (bax: İlham Əliyev: Əgər bu il biz 450-500 ton barama tədarük etsək, əminəm, Şəki ipək kombinatı, ola bilər ki, ilboyu fasiləsiz işləsin və kombinatın əmək kollektivi əmindir ki problemlər tezliklə həllini tapacaq, işlər qaydasına düşəcəkdir.

Aydın Məmmədov