Son əlavələr‎ > ‎

Şəki ipək kombinatındakı baramaaçan istehsalatının fəaliyyəti avqust ayının sonuna qədər bərpa edilə bilər

31 Tem 2018 07:23 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 1 Ağu 2018 11:52 güncellendi ]
Bu il Azərbaycanda 513,925 ton barama yetişdirilmiş və məhsulun hamısı Şəki ipək kombinatına, yəni "Azəripək" MMC-yə təhvil verilmişdir. 

Rəsmi KİV barama tədarükünü geniş işıqladırsa da, yekun nəticələr yalnız "İpəkçi" qəzetinin saytında dərc olunmuşdur. Qəzet məlumat verir ki, Zərdab rayonunda ən çox - 53 ton 881 kq, barama tədarük edilmişdir. Qurd toxumunun məhsuldarlığına görə isə Cəbrayıl rayonu birinci olub. Cəbrayıl rayonunda 1 qutu qurd toxumundan orta hesabla 54,461 kq məhsul əldə edilib. Bəslənmək üçün ən çox qurd toxumu isə Şəki rayonuna verilmişdir: 1612 qutu. 

Respublika üzrə 1 qutudan orta hesabla 39,532 kq məhsul əldə edilmişdir ki, bu da əvvəlki illərin nəticələrindən bir qədər azdır. Ən aşağı məhsuldarlıq Astara rayonunda qeydə alınıb: bir qutudan orta hesabla 14,788 kq. Asağı məhsuldarlığa görə Astaradan sonra Saatlı (17,738 kq), Cəlilabad (22,557 kq), Hacıqabul (24,666 kq), İmişli (25,858 kq) və Şəki (29,893 kq) gəlir. 

Bu il dövlət tərəfindən qurd toxumunun alınmasına 275 min manat, subsidiya olaraq kümdarlara  2 milyon 969 min 625 manat, "Azəripək" MMC-nin yaş barama satın alması üçün kredit şəklində bu MMC-yə azı 2 milyon 55 min 700 manat, cəmi 5 milyon manata yaxın vəsait ayrılıb. 

"Azəripək" MMC "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmə şirkətidir. "Azəripək" MMC-yə təhvil verilmiş 513,925 ton yaş baramadan isə cəmi 53 ton ipək alınması nəzərdə tutulub ki, bu da builki baramanın keyfiyyətinin aşağı olduğunu göstərir. Belə ki  normal halda  63,4 ton ipək əldə edilməli idi (513,925:2,7:3). 

Şəki ipək kombinatının 200-300 işçisi olan baramaaçan istehsalatının avqust  ayının sonuna qədər işə başlayacağı gözlənilir. Baxmayaraq ki, "Azəripək" MMC-nin maliyyə direktoru Müzəffər Umarov bu barədə heç nə bilmədiyini və baramaaçan istehsalatının işə düşüb-düşməməsi barədə qərar vermək hüququnun "Azərbaycan Sənaye Korporasiyası" ASC-ə  aid olduğunu dedi.  Həmin istehsalat bu il yanvar ayının 15-də baramanın tükənməsi səbəbindən dayanmışdır və işçiləri heç bir kompensasiya ödənilmədən öz hesablarına məzuniyyətə göndərilmişdirlər. 

Bir neçə gün əvvəl isə kombinatın pambıq iplik istehsal edən sexinin də fəaliyyəti bərpa olunub. Sexdə işçilərin sayı 50-60 nəfərə yaxındır. Sexin fəaliyyəti mahlıcın olmaması səbəbindən ötən ilin aprelindən dondurulmuşdur. Bu ilin əvvəllərində kombinata 1209 ton mahlıc ayrıldıqdan az sonra, aprelin sonunda sexin fəaliyyəti bərpa olundu, istehsal edilən pambıq iplik dərhal respublikadan xaricə daşınsa da, heç bir ay keçməmiş həmin sexin fəaliyyəti müəmmalı şəkildə yenidən dayandırılmışdı. 

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadənin "İpəkçi" qəzetinə yazdığı məktubdanaydın olur ki, bu il əldə olunacaq 53 ton ipəyin azı 50 tonunun  satılması, yerdə qalan hissəsindən isə 15 min ədəd kəlağayı istehsal edilməsi planlaşdırılıb. Bu isə o deməkdir ki, kombinatın toxucu istehsalatı və burucu sexi, hansılar ki bu il fevral ayının 1-dən etibarən dayanıblar, işçiləri - 200-250 nəfər isə öz hesblarına məzuniyyətə göndəriliblər, həmin istehsalat və sex bundan sonra cəmi iki ay işləyəcək, sonra isə yenidən dayanacaqdır. Belə ki 15 min kəlağayınnın istehsal edilməsi üçün həmin istehsalat və sexin cəmi iki ay işləməsi kifayət edir. 

Bu arada, dünya bazarında ipəyin qiyməti xeyli ucuzlaşıb. Hindistanın ipəkçilik üzrə ixtisaslaşmış "Mainline Enterprises" şirkətinin meneceri Məhəmməd Muzammilin bildirdiyinə görə Çin ipəyinin 1 kq-nın qiyməti 82 dollardan, 55 dollara düşüb. Azərbaycan ipəyinin  1 kq isə dünya bazarında ən yaxşı halda 45 dollara satıla bilər. Amma məsələ burasındadır ki, subsidiyanı nəzərə almasaq, Azərbaycan ipəyinin 1 kq-nın maya dəyəri 45 dollardan baha başa gəlir. 
Sadıq Fətəliyev