Son əlavələr‎ > ‎

Respublikada yaş barama tədarükü 500 tona çatdı

26 Haz 2018 06:32 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 26 Haz 2018 19:38 güncellendi ]

20 iyun tarixində xəbər yaymışdıq ki, yaş barama tədarükü 500 tona yaxınlaşmaq üzrədir (Bax: Astara rayonunda bəzi kümdarlar 1 qutu qurd toxumundan 80 kq məhsul əldə ediblər, amma... ).  Bu gün 26 iyun tarixdə, günorta saatlarında  məlumat aldıq ki,  "Azəripək" MMC tərəfindən artıq 509 ton yaş barama qəbul edilib; "Azəripək" MMC rəhbərliyi  yaş barama qəbulunun 500 tona çatması münasibəti ilə bir qrup işçisi üçün ziyafət də təşkil edib. 

Məlumat üçün əlavə edək ki, cari mövsümdə kümdarlara bəsləmək üçün 1325 qutu qurd toxumu paylanılmışdı. Bunlardan 1300 qutu xaricdən gətirilən, 25 qutu isə Şəki Regional Elmi Mərkəz tərəfindən yetişdirilən toxum idi. Hər qutudan orta hesabla 40 kq məhsul əldə edilməsinin mümkünlüyünü nəzərə alsaq  yaş barama tədarükü 521 tona çata bilərdi. Lakin rəsmi bəyanatlarda hədəf  bir qədər az, 500 ton olaraq, bəzən isə 450-500 ton olaraq götürülmüşdü.

500 ton yaş barama nə deməkdir?

500 ton yaş barama  ən əvvəla o deməkdir ki, dövlət 2 milyon 500 min manat subsidiya ayırmalıdır. İkincisi, "Azəripək" MMC-nin 500 ton yaş baramanı satın ala bilməsi üçün ona 2 milyon manat borc verilməlidir. 500 ton yaş barama o deməkdir ki, Şəki ipək kombinatının 200-250 işçisi olan baramaaçan istehsalatı növbəti barama mövsümünə qədər fasiləsiz işləyə bilər və bunların maaşlarını vermək üçün "Azəripək" MMC  daha 1 milyon manat borc almalıdır. Azı 1 milyon manat isə  digər xərclərin ödənilməsi üçün borc götürülməlidir.  Cəmi 6,5 milyon, sonda 6,2 ton ipək əldə edilə bilər.  Başqa  sözlə, 1 kq ipək 100 manatdan baha başa gəlir. 


Ziyafətin yeri var idimi?

Bildiyimiz qədəri, 500 ton yaş barama tədarükündə işlərin hamısını Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyətləri və digər qurumlar həyata keçiriblər, bu işlərin "Azəripək" MMC-yə heç bir qatışacağı yox idi. "Azəripək" MMC-nin işi yerlərdə yetişdirilmiş yaş baramanı öz qapısında kq-nı 4 manata satın almaqla bitib. 500 ton olmasın, 5 min ton olsun, bizcə, "Azəripək" MMC rəhbərinin ziyafət verməsinin yeri yox idi. "Azəripək" MMC rəhbəri o zaman ziyafət verə bilərdi  ki, 62 ton ipəkdən normal parça toxutdursun və satdırsın. 

Lakin "Azəripək" MMC təmsilçiləri düşünürlər ki, yox, ziyafətin yeri var; ən əvvəla öna görə ki, ilk dəfə olaraq Şəki ipək kombinatı 500 tondan artıq yaş barama qəbul edə bilib. Heç sovet dövründə belə burada bu qədər yaş barama qəbul edilməmişdi. Sovet dövründə barama əsasən yerlərdə boğulub-qurudulduqdan sonra kombinata daşınırdı. İndi qısa bir müddət ərzində heç bir  itkiyə yol vermədən burada 500 tondan çox yaş baramanın boğulub-qurudulması birbaşa əmək kollektivinin misli görünməmiş fədakarlığı sayəsində mümkün olub və elə ona görə də ziyafətin yeri var. Bundan başqa, ilin əvvəllərində 500 ton yaş barama qəbuluna hazırlıq məqsədi ilə  Çin istehsalı olan iki ədəd buxarla işləyən baramaboğan avadanlığın satın alınaraq müəssisədə quraşdırılması nəzərdə tutulmuşdu . Tender elanı da verilmişdi (Bax: “Şəki-İpək” ASC açıq tender elan edir “Şəki-İpək” ASC açıq tender elan edir >>  )  Lakin sonda məlum oldu ki layihənin barama mövsümünün əvvəlinə qədər reallaşması mümkünsüzdür. Həmin səbəbdən, köhnə baramaqurutma məntəqəsinin daxili imkanlar hesabına gücləndirilməsindan başqa yol qalmırdı.  Kombinatın mexaniklərinin fədakarlığı nəticəsində isə bu iş müvəffəqiyyətlə həyata keçirildi... 


1931-ci ildən istismarda olan ventilyasiya sistemi... 

Məlumat üçün onu əlavə edək ki, hal-hazırda kombinatın anbarlarında 188 (509:2,7) ton quru barama olsa da, baramaaçan istehsalatı hələ də işə salınmayıb. Bu isə azı 250 nəfərin yenə də işsiz qalması deməkdir. Əldə etdiyimiz məlumatlara görə həmin istehsalatın 1931-ci ildə quraşdırılmış ventilyasiya sistemi sıradan çıxıb və nə qədər ki bu problem aradan qaldırılmayıb, baramaaçan istehsalatının işləməsi mümkün olmayacaq. 
Aydın Məmmədov