Son əlavələr‎ > ‎

Dünya bazarında ipəyə təlabat artır, son iki il ərzində qiymət iki dəfə yüksəlib, amma...

15 Şub 2018 09:51 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 5 Mar 2018 00:59 güncellendi ]
Hal-hazırda dünya  toxuculuq sənayesində istehsal edilən parçanın yalnız 0,2 faizini təbii ipəkdən toxunan parçalar təşkil edir. Çin bütün dünyada istehsal olunan ipəyin 70 faizini verir. Çindən sonra ən çox ipək istehsal edən ölkə Hindistan, sonra isə Özbəkistandır. Ümumiyyətlə 60 ölkədə az-çox ipək istehsalı var. Hər ölkədə istehsal olunan ipək keyfiyyətinə və qiymətinə görə fərqlənir. Bu gün dünya bazarında Çin ipəyinin 1 kq-ı 68-71 $, Viyetnam ipəyi 65-68 $, Hindistan ipəyi  60-65 $, Özbəkistan ipəyi isə  48-55 $  qiymətindədir. Son iki il ərzində ipəyin qiyməti iki dəfə yüksəlib. Məsələn 2016-cı ildə Çin ipəyinin qiymət 34 $ idi. 

Çin ipəyi yüksək keyfiyyətinə görə də dünyada birincidir. Hindistan ipək istehsalına görə dünyada ikinci olmaqla yanaşı həm də dünyanın ən böyük ipək məhsulları idxalçısı olan ölkədir. Çinin ipək məhsullarının 31 faizini,  xam ipəyinin 10 faizini Hindistan alır. Çində ölkə xaricinə ipək və ipək məhsulları satan şirkətlərə satdıqları məbləğin 17 faizi miqdarında subsidiya verilir. Hindistanda isə olkə xaricinə ipək və ipək məhsulları satan şirkətlərə satdıqları məbləğin 8 faizi miqdarında subsidiya verilir. Vyetnam ilə Hindistan arasında azad ticarət sövdələşməsi var, gömrük rüsumu yoxdur. Buna görə ipək məhsulları istehsal edən bir çox Hindistan şirkətləri ipək və ipək məhsullarını Vyetnamdan gətirməyə üstünlük verirlər. Vyetnamdan gətirilən ipək və ipək məhsulları Hindistana idxal edilən ipək və ipək məhsullarının həcmində 5 faiz təşkil edir.

Son illərdə Azərbaycanda, Özbəkistanda və Türkmənistanda ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı dövlət proqramları qəbul olunmuşdur. 2016-cı ildə Azərbaycanda birdən-birə 70 ton, 2017-ci ildə 244 ton yaş  barama tədarük edilib. Cari il üçün isə 400 ton yaş barama yetişdirilməsi proqnozlaşdırılıb və heç şübhə yoxdur ki bu il ölkədə 300 tondan artıq yaş barama əldə olunacaqdır. Məlumat üçün əlavə edək ki, 2,8 kq yaş baramadan 1 kq quru barama, 3 kq quru baramadan isə 1 kq ipək hasil olur. Başqa sözlə, 1 kq ipəyin əldə olunması üçün 8,4 kq yaş barama lazımdır (8,4:2,8:3=1). Əgər  bu il Azərbaycanda  yaş barama tədarükü 400 ton olacaqsa, bu 47, 6 ton xam ipək, 300 ton olacaqsa bu 35, 7 ton xam ipək deməkdir.
 
Azərbaycanda yaş baramanın alıcısı "Şəki-İpək"  ASC-dir. Ötən il barama yetişdirən fermerlər - kümdarlar, yetişdirdikləri baramanı kq-nı "Şəki-İpək"  ASC-yə  4 manata satmış, lakin həm də yetişdirdikləri  baramanın hər kq-ı üçün  dövlətdən 5 manat subsidiya almışlar. Bir sözlə kümdarlar yetişdirdikləri məhsulun kq-nı  9 manata satmışlar. 

Lakin subsidiyalar sayəsində əldə olunan ucuz xammal, dünya bazarında ipəyə, ipək məhsullarına təlabatın artması və bunların qiymətlətinin yüksəlməsi Şəki İpək kombinatınin daimi işləməsi üçün yetərli olmayıb, toxuduğu xam parçaya müştəri tapılmadığından  fevralın 1-dən etibarən qeyri-müəyyən müddətə işi dayanıb.

Hal-hazırda dünyanın bir çox toxuculuq müəssisələri ipək və ipək məhsulları, o cümlədən xam ipək parça axtarırlar; bunlardan bəziləri internet üzərindən  "İpəkçi" qəzeti ilə əlaqə yaradıb bizdən Şəki ipək kombinatının məhsulları ilə bağlı informasiya istəyirlər. Biz onları məlumatlandırırıq və lazımı ünvana istiqamətləndiririk. Bunlardan birini  -  Hindistanda gündə 8 ton ipək işlədən şirkətin nümayəndəsini isə Şəkiyə dəvət etmişdik. Yaxın günlərdə bura gələcəyini  və qiymətlər münasib olarsa bütün ipəyi və ipək məhsullarını alacağını bildirmişdi. Lakin xam parçaların qiymətləri ilə qiyabi tanış olduqdan sonra dedi ki, burada qiymətlər Hindistandan iki dəfə bahadır.  Baxmayaraq ki, Şəki ipək kombinatı xam parçasının 1 m-i təxminən 16 dollardan artıq qiymətə  təklif etmirdi,  lakin  bu da məlumdur ki, Çin bazarında bundan aşağı qiymətə hazır ipək parça almaq mümkündür ( Bax: fevral ayı üçün Çin ipək bazarında qiymətlər >>).  

 Aydın Məmmədov
Həmçinin bax: