Son əlavələr‎ > ‎

DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsində sənədləşmə problemi

23 Şub 2021 08:50 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 24 Şub 2021 11:05 güncellendi ]
Şəki şəhər sakini Nəbi Hüseynbəyli 22 yanvar 2021-ci il tarixdə "İpəkçi"nin redaksiyasına  məktubla müraciət edərək şikayətlənib ki, İqtisadiyyat Nazirliyi və ƏMDX yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi bələdiyyə orqanı qərarlarını, Şəki İcra hakimiyyəti başçısının sərəncamlarını saymır, hətta Dövlət Başçısının müvafiq sərəncamları ilə özəlləşdirmə proqramına əsasən həyata keçirilmiş özəlləşdirməyə hörmətsizlik edir. Nəbi Hüseynbəylinin sözlərinə görə DƏDRX-nin Şəki Ərazi İdarəsinin rəisi Dadaş Hüseynov  ƏMDX tərəfindən hərrac yolu ilə satılmış və ƏMDX tərəfindən özəlləşdirilərək pulu dövlət büdcəsinə köçürülən əmlakların  sənədləşməsi və dövlət qeydiyyatına alınması işlərinin aparılmasına faktiki olaraq imtina edir.

Məsələ ilə bağlı biz DƏDRX-nin Şəki Ərazi İdarəsinin rəisi Dadaş Hüseynovla iki dəfə telefon bağlantısı yaratdıq. Birinci dəfə Dadaş Hüseynov bildirdi ki, Nəbi Hüseynbəylinin sənədləşdirmək istədiyi obyektin ünvanı qeyri-müəyyəndir. Həmin obyektin ünvanını təsdiq edən sənəd təqdim edərsə, onun vaxtilə özəlləşdirmiş olduğu obyekti dərhal sənədləşdirə bilərik.

Nəbi Hüseynbəyli isə bizə bildirdi ki, özəlləşmə tam qanuni şəkildə aparılıb, amma sənədlərdə ünvan göstərilməyib, ünvanı təsdiq edə biləcək sənədi əldə etmək qeyri-mümkün işdir.

İkinci dəfə Dadaş Hüseynovla telefon əlaqəsi yaradaraq şikayətçinin iradını ona çatdırdıq. Bildirdi ki bu barədə baş idarəyə sorğu göndərib ki, problemin həlli istiqamətində rəy  verilsin. "Bəli özəlləşmə tam qanuni olaraq aparılıb, amma hansısa səbəbdənsə özəlləşdirilmiş obyektin ünvanı sənədlərdə göstərilməyib, biz baş idarəmizə məlumat verdik ki, vəziyyət belədir, bu cür hallarda biz necə hərəkət etməliyik? İnşallah bir həftəyə sorğumuza cavab gələcək yəqin ki, ondan sonra Nəbi hüseynbəylinin özəlləşdirdiyi obyekti sənədləşdirərik".

Dadaş Hüseynovun dediklərini Nəbi Hüseynbəyliyə çatdırsaq da, Nəbi Hüseynbəyli Dadaş Hüseynova inanmadığını bildirdi. Dedi ki, o sadəcə işi başdan edir, belə işlər onlarda n qədərdir, kim ki onlara "görüm-baxım" etmir, bir bahanə tapıb sənədləşmədən imtina edirlər, yaxud sənədləşməni yubadırlar.

Nəbi Hüseynbəylidən fərqli olaraq biz isə düşünürük ki, problem Dadaş hüseynovun dediyi kimi bir həftəyə həllini tapacaq, sadəcə bir qədər səbrli olmaq və gözləmək lazımdır.

Aydın Məmmədov.