Son əlavələr‎ > ‎

“Azəripək” MMC-yə indiyədək 143 ton yaş barama təhvil verilib

8 Haz 2018 07:41 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 8 Haz 2018 15:28 güncellendi ]
Şəki, 8 iyun, Mustafa Dadaşov, AZƏRTAC

“Azəripək” MMC (əvvəlki adı “Şəki-İpək” ASC) tərəfindən respublikanın baramaçılıqla məşğul olan rayonlarında istehsalçılardan barama tədarükü mütəşəkkil qaydada davam etdirilir. Bu günədək kümçülərdən 143 ton yaş barama qəbul olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Azəripək” MMC-nin direktoru Nizami Qəribov məlumat verib.

Məhdud məsuliyyətli cəmiyyətdən verilən məlumata görə, barama tədarükündə hələlik Zərdab rayonu öndə gedir. Rayonun kümçüləri indiyədək müəssisəyə 34 ton 254 kiloqram yaş barama təhvil veriblər. Füzuli rayonunda istehsalçılardan 29 ton 553 kiloqram, Bərdədə 16 ton, Ağcabədi rayonunda 14 ton 543 kiloqram, Kürdəmirdə isə 11 ton 197 kiloqram yaş barama tədarük olunub.

Müəssisənin baramaaçan istehsalatı iyulun əvvəlindən etibarən fəaliyyətə başlayacaq.

Qeyd edək ki, bu il Azərbaycanda yaş barama istehsalının 450-500 tona çatdırılması hədəf olaraq qarşıya qoyulub.

Mənbə: AZƏRTAC >>

“İpəkçi”nin əlavəsi: İqtisadçı ekspert Hafiz Babalı bildirir ki, "xəbərdə texniki səhv var. "Şəki-İpək" ASC yerində durur, sadəcə matrejka yaradılıb; “Azəripək” MMC  şirkətinin yaradılmasında məqsəd odur ki, təsərrüfat fəaliyyəti yenilərin adından aparılsın və əvvəlkilərin maliyyə öhdəliyi üzrə tələblər irəli sürülməsin". Məlumat üçün əlavə edək ki, ötən il "Şəki İpək İstehsalı" adlı bir MMC də yaradılmışdır;  nizamnamə kapitalı 37,550 milyon manat, şirkətin qanuni təmsilçisi Nizami Qəribov, Müşahidə Şurasına isə Fərid Vəlizadə, Elçin Nadirov, Malik Nəsirov daxil idilər.  (Bax: Azərbaycanda eyni ünvanda qeydiyyatda olan bir neçə iri şirkət yaradılıb >> )... Diqqətimizi çəkən digər maraqlı məqam isə baramaaçan istehsalatının fəaliyyətinin iyul ayında bərpa edilməsi barədə yazılanlardır. Niyə iyulda? Barama var, artıq 143 ton, baramaaçan istehsalatı indi niyə işləməsin?