Son əlavələr‎ > ‎

"Azərbaycan" qəzetində ipəkçiliklə bağlı təhriflər davam edir

14 Tem 2018 03:10 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 25 Tem 2018 00:47 güncellendi ]
Milli Məclisin orqanı olan  "Azərbaycan" qəzetində ipəkçiliklə bağlı 1 iyunda dərc olunmuş məqalədəki təhriflər, yalanlar  haqqında   yazmışdıq. İradalrımızdan nəticə çıxarmaq əvəzinə, 4 iyulda yenidən doğru olmayan məlumatlar yayıblar

Müəllif Bahadur İmanquliyevdir, yazır ki, 

"Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunmasına ayrılmış 4,5 milyon manat vəsait hesabına ildə 1,2 ton ipəkqurdu toxumu istehsal olunacaq ki, bu da daxili tələbatın yerli istehsal hesabına ödənilməsini təmin edəcək".

Bu, ötən ilin avqust ayında Qaxda keçirilmiş respublika müşavirəsində "Şəki-İpək" ASC idarə heyətinin sədri Nizami Qəribovun çıxışından götürülüb. Amma Nizami Qəribov nə barama istehsal edəndir, nə də qurd toxumu, bu məsələlər onun səlahiyyətinə aid deyil. Bahadur İmanquliyev 1 il əvvəlki müşavirədə səsləndirilmiş fikirləri təkrarən tirajlamaqdansa, yaxşı olardı ki, qurd toxumunun nə vaxt Azərbaycanda istehsal olunacağından söz açardı. Biz öz növbəmizdə ekspert qismində Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyevdən bunu soruşduq. Cavab verdi ki, "barama toxumu zavodu hələ tikilməyib...  2020-ci il üçün qurd toxumunun Azərbaycanda istehsalı planlaşdırılıb. Gələn ildən biz buna hazırlaşacağıq". Bahadur müəllim ordan-burdan kopyələr edib "Azərbaycan" qəzetinə yerləşdirməkdənsə, yaxşı olardı ki, "Azərbaycan" qəzetinin hesabına heç olmasa Əkrəm Fətəliyevə telefonla danışardı.

Bahadur İmanquliyev sonra yazır ki,

"Nəticədə, 2015-ci ildə cəmi 200 kiloqram barama istehasal edilən rayonda iki il sonra bu rəqəm 18 min tona çatdı. Bu, istehsalın 90 dəfə artması deməkdir. Sovet dönəmindən uzun illər qapıları bağlı qalan Şəki İpək Kombinatının da fəaliyyəti bərpa edildi. Artıq burada 600 nəfərdən çox işçi çalışır".

Bahadur müəllimin nəzərinə çatdırmaq istəyirik ki, 2017-ci ildə Şəki ryonunda 18  min ton yox, cəmi 17 ton 794 kq barama tədarükü baş tutub. Bu il isə həmin məqalə çap olunarkən, artıq 47 ton 943 kq barama tədarük olunmuşdur, operativlik üçün bunu da qeyd etmək lazım idi. Lakin iddianın əksinə olaraq Şəki ipək kombinatı hal-hazırda işləmir, təbii ki burada 600 nəfərdən çox işçi də çalışmır və bununla bağlı Prezidentə mürəciət ünvanlamışıq.

Yeri gəlmişkən, gəlin, Bahadur İmanquliyevin 1 iyul tarixli "Azərbaycan" qəzetində  dərc olunmuş məqaləsindəki bir hissəyə də diqqət yetirək:

"Ümumiyyətlə, aqroparkların yaradılması və fəaliyyəti nəticəsində ərzaq təhlükəsizliyi məsələləri öz həllini tapacaq, yerli istehsal inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək. Yalnız bir baramaçılığın timsalında bunu müşahidə etmək mümkündür. 2015-ci ildə cəmi bir rayonda 725 kiloqram yaş barama istehsal edilmişdisə, 2016-cı ildə 24 rayon üzrə 70, 2017-ci ildə isə 30 rayonu əhatə etməklə 244 ton yüksək keyfiyyətli yaş barama istehsal olunmuşdur. Bu isə ölkə üzrə barama istehsalının 2015-2017-ci illər arasında 337 dəfə artması deməkdir".
 
Bahadur müəllim deyəsən demək istəyir ki aqropark olmasaydı, barama da olmazdı? Amma başa düşə bilmirik, aqropark hara, barama hara? Və müəllif burada "2015-ci ildə cəmi bir rayonda 725 kiloqram yaş barama istehsal edil"diyini yazdığı halda, 3 gün sonra -  4 iyulda, 2015-ci ildə Şəki rayonunda cəmi 200 kiloqram barama istehsal edildiyini göstərir. İndi bunlardan hansına inanaq? Ya 2015-ci ildə müəllifin dediyinin əksinə olaraq bir yox, bir neçə rayonda barama yetişdirilib,  ya da...

Yenə qayıdaq, 4 iyul tarixli məqaləyə. Bahadur İmanquliyev daha sonra yazır ki,

"Bu ilin göstəriciləri də ürəkacandır. Artıq ölkə üzrə 230 ton yaş barama tədarük olunmuşdur. Amma bu, son hədd deyildir. Barama tədarükü əksər rayonlarda davam edir. Cari il Zərdab rayonu digərlərindən xeyli irəlidədir. Rayonun kümçüləri indiyədək 49 ton 665 kiloqram yaş barama təhvil veriblər".

Diqqət yetirin! 4 iyulda barama tədarükü demək olar ki, artıq başa çatıb, "Azəripək"  MMC tərəfindən 509 tondan çox barama qəbul edilib, amma "Azərbaycan" qəzeti - Milli Məclisin orqanı, yatıb qalıb, hələ yuxudadır, 230 tondan danışır, 2 iyula qədər Zərdab rayonu 53 ton 881 kq barama təhvil verib, amma  "Azərbaycan" qəzeti 4 iyulda yazır ki bu rayonda 49 ton 665 kq barama tədarük olunub?!

5 iyulda isə "Azərbaycan" qəzetində ipəkçiliklə bağlı Əli Səlimovun məqaləsi dərc olunmuşdur. Müəllif 5 iyulda yazır ki Ağsu rayonu "Şəki-İpək" ASC-yə 5 min 492 kiloqram  barama təhvil verib. Əslində isə 2 iyul tarixinə qədər Ağsu  rayonundan "Azəripək" MMC-yə 10 min 936 kiloqram barama təhvil verilmişdir. Ağsu rayonuna  bu il 260 qutu qurd toxumu paylandığı halda, Əli Səlimov bunu 260 qram olaraq göstərir. Əslində isə 260 qutunun çəkisi 4 kiloqram 940 qramdır...

Digər rəsmi qəzetlərin heç birində vəziyyət "Azərbaycan" qəzetində olduğu kimi olmasa da bəzilərində də "erməni-budaq cümlələrinə" təsadüf etmək mümkündür. Məsələn 9 iyun tarixli "Xalq qəzeti"ndə dərc olunmuş "Azərbaycanda qeyri-neft sektorunun inkişaf istiqamətləri" başlıqlı məqalənin bir cümləsinə diqqət yetirək:

"Aparılmış uğurlu tədbirlər nəticəsində 2015-ci ildə 35 min ton pambıq yığılmışdısa, 2017-ci ildə səkkiz dəfə çox–207 min ton “ağ qızıl”, barama tədarükü 75 ton artırılaraq 275 tona çatdırılmışdır və s".

Müəllif balaca adam deyil, o, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
dövlət idarəetməsi və menecment kafedrasının dosenti, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru İbrahimxəlil İbrahimovdur. Amma fəlsəfə doktorunun barama ilə bağlı nə demək istədiyini başa düşdünüzmü? Mən də başa düşə bilmədim. Belə ki fəlsəfə doktorunun yazdığından belə çıxır ki, 2015-ci ildə Azərbaycanda 70 ton yox, 200 ton yaş barama tədarük edilibmiş və növbəti il isə istehsal 75 ton artırılaraq 275 tona çatdırılmışdır?! 
Aydın Məmmədov