Son əlavələr‎ > ‎

“Şəki-İpək” ASC yeni inkişaf mərhələsində: nəticələr ürəkaçandır

11 Oca 2018 18:34 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 11 Oca 2018 18:35 güncellendi ]

Nizami Qəribov: Barama istehsalı 600-700 tona çatdıqda müəssisədə ikinövbəli iş rejiminə keçmək lazım gələcək

Şəki, 25 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı sayəsində son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi və ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər şimal-qərb bölgəsinin ən iri sənaye müəssisələrindən olan “Şəki-İpək” ASC-nin fəaliyyətini xeyli dərəcədə canlandırıb. Uzun illər fasilədən sonra 2016-cı ildə respublikamızda 71 ton yaş baramanın istehsal edilməsi nəticəsində müəssisənin xammala olan tələbatı qismən də olsa ödənilmiş, əsas istehsal sahələrinin fəaliyyəti bir neçə aylıq bərpa olunmuşdu. 2017-ci ildə isə yaş barama istehsalının əvvəlki illə müqayisədə bir neçə dəfə artaraq 244 tona çatması müəssisənin fəaliyyətinin əsaslı şəkildə yaxşılaşması ilə nəticələnib.

“Şəki-İpək” ASC-nin İdarə Heyətinin sədri Nizami Qəribov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində müəssisənin fəaliyyəti və gələcək planlar barədə danışıb.

- Nizami müəllim, vaxtilə 7 minə yaxın işçinin çalışdığı “Şəki-İpək” ASC-nin fəaliyyətində ötən əsrin 90-cı illərinin əvvəlində ciddi tənəzzül başladı. Bunun əsas səbəbi nə idi?

- İpəkçilik Azərbaycanda çox qədim tarixə malik sahədir. Orta əsrlərdə Azərbaycan Yaxın və Orta Şərqin ən böyük ipək istehsalçısı və toxuculuq mərkəzlərindən biri hesab olunurdu. Ötən əsrin 70-80-ci illərində Azərbaycanda, o cümlədən Şəkidə ipəkçiliyin inkişafı xüsusilə geniş vüsət almışdı. Şəki öz ipəyi ilə bütün dünyada məşhurlaşmışdı. Həmin illərdə respublikamızda ildə 5-6 min ton yaş barama və 350-400 ton xam ipək istehsal olunur, 10 milyonlarla kvadratmetr müxtəlif çeşidli ipək parça toxunurdu. İpəkqurdunun bəslənməsi və barama istehsalı ilə 150 mindən çox kəndli ailəsi məşğul olurdu. Azərbaycan barama istehsalına görə keçmiş sovetlər birliyində Özbəkistandan sonra ikinci, istehsal olunan ipəyin keyfiyyətinə görə isə birinci yeri tuturdu. Həmin dövrlər “Şəki-İpək” Kombinatı SSRİ-nin 75 müəssisəsinə ipək parça, 84 müəssisəsinə isə ipək sap göndərirdi. Şəki ipəyindən hazırlanan parçalar Yaponiya, İsveçrə, İtaliya və digər xarici ölkələrə ixrac olunurdu.

Sovetlər birliyinin dağılması, iqtisadi əlaqələrin qırılması nəticəsində bir çox sahələr kimi, ipəkçilik sahəsində də tənəzzül baş verdi. 1500 illik tarixi olan Azərbaycan ipəkçiliyi məhv olmaq təhlükəsi ilə qarşılaşdı. Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra isə Azərbaycanda digər sahələr kimi, ipəkçiliyə olan münasibət də kökündən dəyişdi, ipək sənayesinin bərpası istiqamətində zəruri işlər görüldü. Ulu Öndərin 2002-ci ildə Şəkidə olarkən İpək Kombinatının fəaliyyəti ilə maraqlanması və onun bilavasitə tapşırığı, imzaladığı sərəncamla həmin il kombinatın fəaliyyətinin bərpasına kömək məqsədilə dövlət büdcəsindən vəsaitin ayrılması nəticəsində müəssisə yenidən işə salındı.

- Hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, qədim ənənələrə malik ipəkçiliyin dirçəldilməsi də Prezident İlham Əliyev tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Baramaçılığın, ipəkçiliyin inkişafına dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Həyata keçirilən tədbirlər müəssisənin fəaliyyətinə necə təsir göstərib?

- İpəkçiliyin inkişafı təbii ki, ilk növbədə, zəruri xammal bazasından asılıdır. Əvvəlki illərdə respublikamızda barama istehsalının kəskin şəkildə azalması səhmdar cəmiyyətin normal fəaliyyətinə də ciddi təsir göstərib. Müəssisənin xammala olan tələbatını ödəmək üçün əvvəllər Özbəkistan və İrandan quru barama satın alınaraq ölkəmizə gətirilirdi. Sonralar xaricdən xammal gətirmək ümumiyyətlə, mümkün olmadı.

Məhz Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı sayəsində bu problem artıq öz həllini tapıb. Dövlətimizin başçısının regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması, kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən baramaçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlardan sonra son iki-üç ildə respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb. Nəticə göz qabağındadır. Ötən il Azərbaycanda 2007-ci ildən bəri ilk dəfə olaraq 71 ton yaş barama istehsal olunub. 2017-ci ildə isə respublikanın 30 rayonu üzrə 244,8 ton yaş barama istehsal olunaraq “Şəki-İpək” ASC-yə təhvil verilib.

- Yaş barama istehsalının artması, yəqin ki, müəssisənin ayrı-ayrı istehsalat sahələrinin fəaliyyətini də yenidən canlandırıb...

- Tamamilə doğrudur. Ötən il olduğu kimi, bu il də iyulun əvvəlindən baramaaçan istehsalatı işə salınıb və burada yenidən xam ipək istehsalına başlanılıb. Avqustun əvvəlindən isə müəssisənin burucu və toxucu istehsalatlarının fəaliyyətləri bərpa edilib. Builki mövsümdə müəssisəmizdə indiyədək 23 tondan çox xam ipək istehsal olunub. Ötən il isə ipək istehsalı 9 ton idi. Qalan xammalla daha 2 ton xam ipək istehsal etmək mümkün olacaq. Gələn il yanvarın 15-dən sonra baramaaçan istehsalatının fəaliyyəti növbəti barama mövsümünədək müvəqqəti dayandırılacaq. Digər istehsalatlar isə fəaliyyətini davam etdirəcək.

- Prezident İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində 2018-ci ildə respublikada yaş barama istehsalının 500 tona çatdırılması hədəf olaraq qarşıya qoyulub. İstehsalın artması müəssisənin gələcək fəaliyyətinə, əhalinin məşğulluğunun təmin edilməsinə nə dərəcədə təsir göstərəcək?

- Hazırda müəssisəmizdə 575 işçi çalışır. Yaş barama istehsalının 500 tona çatması imkan verəcək ki, səhmdar cəmiyyət növbəti ildə hazırkı işçi qüvvəsi ilə birnövbəli iş rejimində ilboyu fasiləsiz fəaliyyət göstərsin. Sonrakı illərdə barama istehsalı artaraq 600-700 tona çatdıqda artıq müəssisədə ikinövbəli iş rejiminə keçmək lazım gələcək. Təbii ki, buna uyğun olaraq işçilərin sayı da 150-200 nəfərədək artacaq.

Hazırda “Şəki-İpək” ASC-nin istehsal gücü ildə 135 ton xam ipəkdir. Yəni, müəssisədə üçnövbəli iş rejimində 1350 ton yaş barama emal oluna bilər. Dövlətimizin başçısı 2025-ci ildə Azərbaycanda yaş barama istehsalının 6 min tona çatdırılmasını hədəf olaraq qarşıya qoyub. Bizim proqnozlarımıza görə, 2021-2022-ci illərdə ölkədə yaş barama istehsalı 2 min tona çatacaq. Ona görə də indidən buna hazırlaşmalıyıq. Gələcəkdə müəssisənin istehsal gücünü artırmaq üçün mövcud avadanlıq tədricən yenilənməli, istehsalata yeni texnologiyalar gətirilməli, xaricdən yeni baramaaçan dəzgahlar alınmalıdır. İxrac imkanlarımızı genişləndirmək üçün yeni bazarlar tapmalıyıq. Şübhəsiz ki, yaş barama istehsalının artması əhalinin məşğulluğunun təmin edilməsinə də öz müsbət təsirini göstərəcək, işçilərin sayı artırılaraq 1500 nəfərə çatdırılacaq.

- Müəssisədə istehsal olunan məhsullar hansı ölkələrə ixrac olunur?

- Hazırda İran və Türkmənistanla iqtisadi əlaqələrimiz var. Bu ölkələrə ipəkdən toxunmuş ağardılan, yuyulan və emala hazır olan ipək parça ixrac edirik. Artıq Türkiyə şirkətləri də məhsullarımızla maraqlanır. Bundan əlavə, il ərzində müəssisədə 10 minə yaxın ipək kəlağayı da istehsal olunur. Bu məhsul əsasən ölkə daxilində satılır.

- Prezident İlham Əliyevin 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planında tədarük olunmuş baramanın ilkin emalı üçün barama qurutma məntəqələrinin, o cümlədən bəzi rayonlarda barama qəbulu və emalı məntəqələrinin yaradılması ilə bağlı məsələlər də öz əksini tapıb. Yaxın illərdə bu istiqamətdə hansı tədbirlərin həyata keçirilməsi planlaşdırılır?

- Yaş barama istehsalı 3 min tona çatanda ən azı 8 rayonda illik istehsal gücü 300 ton olan barama qəbulu və emalı məntəqələrinin açılması planlaşdırılır. Bu məntəqələrin hər birində gün ərzində 20 tonadək yaş baramanın boğulması prosesi həyata keçiriləcək. 2018-ci ildə bir məntəqənin yaradılması nəzərdə tutulur. Növbəti illərdə isə hər mövsümdə bir-iki məntəqənin açılması planlaşdırılır.

Ümumiyyətlə, baramaçılığın inkişaf etdirilməsi və ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən bütün bu tədbirlər son nəticədə ölkənin ümumi iqtisadi potensialının güclənməsinə mühüm töhfə verəcək.


Mənbə: Azertag.az >>

25.12.2017