Son əlavələr‎ > ‎

Mirvari Qəhrəmanlı: Qaz itkisinə səbəb olanlar biznes sahibləri, böyük oliqarxlardır!

14 Şub 2014 10:33 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
   
“Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin tabeliyində olan idarələrdə ixtisarlar aparır. Bununla da şirkət xərclərinin azaldılmasına nail olmağa çalışır. Amma qaz itkisi düzgün hesablanmır və bununla da həm şirkətə, həm də dövlətə milyonlarla manat ziyan vurulur”.

    Bunu virtualaz.org saytına Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib.

    Hüquq müdafiəçisi dedi ki, ilkin mərhələdə Şəki-Zaqatala bölgəsində qaz itkisi ilə bağlı araşdırma aparılıb: “Şəkidə 6 faiz qaz itkisi olduğunu açıqlayırlar. Amma Şəkidə qaz itkisi 30 faizdən çoxdur. “Azəriqaz” İstehsalat Birliyi “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasında yaradılıb. Amma “Azəriqaz”ın 5 illik fəaliyyəti nəticəsində ölkədə qaz itkisinin azalması o qədər də müşahidə olunmadı. Beləliklə də bu struktur da özünü doğrultmadı. Buna görə də qurumda strukturun təkmilləşdirilməsinə başlanılıb. İlkin mərhələdə Zaqatala Regional Qaz İstismar İdarəsi yaradılır. Bura Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayon qaz istismar sahələri daxil olacaq”.

    M.Qəhrəmanlı qeyd etdi ki, Şəkidə 20193, Zaqatalada 11192, Qaxda 6800, Oğuzda 3904, Balakəndə isə 15534 qaz abonenti var: “Şəkidə 34,8 faiz, Zaqatalada 35,5 faiz, Qaxda 35 faiz, Oğuzda 24 faiz, Balakəndə isə 33,2 faiz qaz itkisi olub. İndi ARDNŞ rəhbərliyinə səslənirəm: bu qədər qaz itkisi olan qaz istismar sahələrini birləşdirmək hansı effekti verəcək? Bir məqama diqqət yetirək, reqional idarə abonenti az, qaz itkisi isə daha çox olan Zaqatala rayonunda yaradılır. Regional idarənin yaradılması üçün hansı kriteriyalar və ya indikatorlar əsas götürülüb?”

    Qaz itkisinin səbəblərinə gəldikdə isə M.Qəhrəmanlı idarə və şirkətlərdən, hüquqi şəxslərdən istismar olunmuş qaza görə ödənişlər alınmadığını dedi: “Əhalidən qaz pulu alırlar. Amma qeyri-əhali qrupundan pul yığılmır. Qaz itkisinə səbəb olanlar biznes sahibləri, böyük oliqarxlardır”.

    Təşkilat rəhbəri Şəki qaz istismar idarəsində 38 nəfərin ixtisara salındığını qeyd etdi: “Artıq bütün rayonlarda qaz idarəsinin işçilərinə bildirişlər verilib. Təkcə Şəkidə 38 nəfər işdən çıxarılıb”.

    Məsələ ilə bağlı ARDNŞ-in mətbuat xidmətindən açıqlama vermək istəmədilər. Mövzuya qayıdacağıq.

Jalə

Mənbə: Virtualaz.org >>