Son əlavələr‎ > ‎

I qrup əlil Azad Muradovdan Prezident İlham Əliyevə şikayət

16 Oca 2014 08:56 tarihinde Aydın Məmmədov tarafından yayınlandı

Yazıb   sizə   məlum   edirəm  ki,  mən   Muradov   Azad  İlqar  oğlu 1993-cü ildə  Sabirabad  rayonunda anadan olmuşam. 11 ildir ki, miyopatiya  əzələ xəstəliyindən  əziyyət  çəkirəm. İndiyə  qədər  müalicə olunsam da  hələ  yeriyə  bilmirəm 20 yaşım  var. Həkimlər   cərrahiyyə   əməliyyat  keçirməyi  və  yeriyənə  qədər  müalicə olunmağı tövsiyə edirlər. Mənim  xəstəliyimin müalicəsi və əməliyyatı  Azərbaycandan xaricdə Amerika  Birləşmiş  Ştatları, Almaniya, Fransa, İtaliya, İsrail, Koreya, Yaponiya  və s. ölkələrdə  həyata keçirilir. Mənim xəstəliyimin müalicəsində istifadə edilən  iynə  dərman preparatları  Amerika, Almaniya, İtaliya, Fransa, İsrail və s. xarici ölkələrin istehsalıdır. Mən I qrup  əliləm,  67 manat pensiya alıram. 67 manat pensiyadan başqa  Dövlət  tərəfindən mənə heç bir köməklik göstərilmir. Neçə illərdi ki, dəfələrlə  Səhiyyə nazirliyinə  müraciət edirəm  ki, məni  xarici ölkələrin birinə cərrahiyyə əməliyyata, müalicəyə göndərin və müalicəmi  davam etdirmək üçün Səhiyyə nazirliyi olaraq mənə kömək edin. Səhiyyə  nazirliyi  isə mənə  heç bir kömək göstərmir.

Xaricdə əməliyyat və müalicə üçün dəfələrlə Prezident  Aparatına ərizə yazmışam. Cənab Prezident  ərizəmi yəqin sizə çatdırmayıblar.

Heydər Əliyev fonduna da dəfələrlə ərizə yazmışam. Ərizəyə cavab olaraq  Prezident Aparatından, Heydər Əliyev fondundan bildirdilər ki, vətəndaşların xarici ölkəyə cərrahiyyə əməliyyat və müalicəyə göndərmək Səhiyyə nazirliyinin vəzifəsidir və bu işlə Səhiyyə nazirliyi özü məşğul olmalıdır. Prezident Aparatından, Heydər Əliyev fondundan Səhiyyə nazirliyinə məktub yazaraq bildirdilər ki, mənim problemimi  araşdırıb  Səhiyyə nazirliyi həll etsin. Buna baxmayaraq Səhiyyə nazirliyi mənim problemimi həll etməmişdir.

Cənab Prezident. Sizin qəbula yazılmaq üçün Prezident Aparatının internet saytına müraciət etdim Prezident Aparatından cavab olaraq bildirdilər ki, prezidentin qəbuluna yazılmaq olmur.                        

Neçə  ildə Səhiyyə nazirliyi   mənim problemimi  həll etməyib.  Hər  il  Dövlət büdcəsindən Səhiyyə  nazirliyinə  milyonlarla  pul ayrılır. Əgər Səhiyyə nazirliyi vətəndaşların problemini həll etmirsə  bu pulları bəs hara xərcləyir?!  Bu  hal  məmur  özbaşınalığı,  vəzifədən   su - istifadədir...  

2010- cu ildə  Səhiyyə nazirliyi  Vətəndaşların Respublikadan  Kənar Müalicəyə  Göndərilməsi Üzrə Komissiyasına müraciət etdim ki, məni xarici ölkələrin birinə cərrahiyyə əməliyyatına  və müalicəyə  göndərmək  üçün  rəy versinlər. Komissiyada məni  yoxlayıb müayinə  etməmiş mənim sənədlərimə baxaraq Azərbaycan daxilində  müalicə  olmağa  rəy  verdilər. Komissiyanın sədri bildirdi ki, Səhiyyə nazirliyi vətəndaşları xarici ölkələrdə cərrahiyyə əməliyyatına və müalicəyə göndərmək üçün  rəy verməyə qoymur. Biz də ona görə xarici ölkədə  cərrahiyyə əməliyyatı və müalicə olunmağa sizə rəy verə bilmirik. Mən bu  rəydən imtina edirəm və mənə verilən rəyə imza çəkən həkimlər bunlardı:  

Komissiyanın sədri Quliyev Nəsib,

Komissiyanın katibi Əliyeva İradə,

Komissiyanın üzvləri  Əsədov Bilal,

Quliyev Faiq, Kərimov Məmməd,

Məmmədbəyov  Fərid,

Vəlibəyov Rəşid,

Heydərov İbrahim,

Novruzov Rafael

Mən bu həkimlərdən cənab Prezident –  Sizə şikayət  edirəm; onlar xəstənin cərrahiyyə əməliyyatı  və müalicəsi xarici ölkələrdə mümkün olduğu  halda, Azərbaycanda mümkün  olmadığı halda Azərbaycan daxilində cərrahiyyə əməliyyatı  və müalicə olunmağa niyə rəy veriblər?! Komissiyanın sədri   komissiyanın  üzvləri yəqin məndən  rüşvət  ala bilmədikləri üçün  mənə Azərbaycan daxilində  müalicə olunmağa  rəy  veriblər?

 Cənab Prezident. Səhiyyə Nazirliyində korrupsiya, məmur özbaşınalığı, vəzifədən su-istifadə və  Səhiyyə Nazirliyi Vətəndaşların Respublikadan  Kənar Müalicəyə Göndərilməsi  Üzrə Komissiyasının qanuna zidd hərəkətləri barədə Dövlət orqanlarının saytına ərizə yazdım

Milli təhlükəsizlik naziri Eldar Mahmudova,

Konstitusiya məhkəməsinin sədri Fərhad Abdullayevə,

İnsan Huquqları Üzrə Müvəkkil (Omdusman) Elmira Süleymanovaya,

Ədliyyə naziri Fikrət Məmədova,

Daxili işlər naziri Ramil Usubova,  

Baş prokuror Zakir Qaralova.

 Baş prokurorluq ərizəmi Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərdi.  Amma bu Dövlət orqanlarının heç biri Səhiyyə nazirliyində araşdırma aparmadılar və mənim Səhiyyə nazirliyi ilə bağlı problemimi həll etmədilər.  Bu Dövlət orqanları  qanun müdafiəçisi, hüquq müdafiəçisi, güc strukturu  olaraq korrupsiya, məmur özbaşınalığı, vəzifədən su-istifadə faktları barədə niyə Səhiyyə  nazirliyində geniş miqyasda araşdırma apara  bilmirlər?! Onda belə çıxır ki, bu Dövlət orqanların heç birinin Səhiyyə nazirliyinə gücü çatmır.

Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinə ərizə yazmışam. Yazdığım ərizəyə cavab olaraq bildirdilər ki, Səhiyyə Nazirliyi Vətəndaşların  Respublikadan  Kənar Müalicəyə Göndərilməsi  Üzrə Komissiyası sizə xarici ölkələrin birinə getməyə rəy versələr onda biz sizə kömək edə bilərik.

Səhiyyə nazirliyinə bir daha ərizə ilə müraciət edərək bildirdim ki, cərrahiyyə əməliyyatı və müalicə olmaq üçün məni xarici ölkələrin birinə göndərin. Cavab olaraq Səhiyyə nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov  bildirdi ki, Səhiyyə Nazirliyi tərəfindən  təşkil olunmuş Səhiyyə nazirliyi  Vətəndaşların Respublikadan  Kənar Müalicəyə Göndərilməsi  Üzrə Komissiyasına müraciət edin. Mənim xəstəliyimin əməliyyat və müalicəsinin İsraildə mümkün olduğu barədə sənədi həmin komissiyaya təqdim etdik. Buna baxmayaraq mənə Azərbaycanda müalicə olunmağa rəy verdilər.  

Əmək və Əhalinin Sosial Müdafiəyə nazirliyini Sabirabad şöbəsinə vətəndaşlar sosial yardım almaq üçün müraciət edirlər və sənədləri şöbəyə təqdim edirlər Əmək və Əhalinin Sosial Müdafiəyə nazirliyini Sabirabad şöbəsi vətəndaşları komissiya vasitəsi ilə yoxlayırlar və vətəndaşları sosial yardım verməkdən imtina edirlər çünki, Əmək və Əhalinin Sosial Müdafiəyə nazirliyini Sabirabad şöbəsi sosial yardım düşməyən imkanlı vətəndaşlardan rüşvət alaraq  imkanlı vətəndaşlar sosial yardım təyin edirlər və sosial yardıma ehtiyacı olan vətəndaşlara sosial yardım təyin etmirlər. Dövlət sosial yardımı ehtiyacı olan vətəndaşlar kömək üçün nəzərdə tutub.

Cənab Prezident İlham Əliyev. Siz növbəti dəfə xalqın etimadını qazanıb Prezident seçildikdən sonra andiçmə mərasimində çıxışınızda   qeyd etmişdiniz ki, Azərbaycanda korrupsiya  faktları olmasın. Cənab prezident mən ona görə bu haqda Sizə məlumat verirəm. Korrupsiya, məmur  özbaşınalığı, vəzifədən su - istifadə faktları olanda, vətəndaşların dövlətə  inamı azalır. Ona görə konstitusiyaya zidd  hərəkət edən məmurlar konstitusiyanın maddəsinə uyğun olaraq cəzalandırılmalıdı. Mən konstitusiyaya uyğun hərəkət edirəm, konstitusiyanın müvafiq maddəsinə uyğun olaraq mənim söz azadlığım var və mən konstitusiyaya uyğun olaraq problem haqda düzgün məlumat verirəm. Məmurlar konstitusiyanın maddələrini pozduqları və konstitusiyaya zidd hərəkət etdikləri üçün, cənab Prezident, bu məmurları cəzalandırın və mənim xarici ölkələrin birində cərrahiyyə əməliyyatla müalicə ilə bağlı problemimi, cənab Prezident  lütfən, həll edin.

  Azad  İlqar  oğlu  Muradov