Son əlavələr‎ > ‎

Elçin Bayramlı: Cəmi bir neçə sayt (kommunist.biz, solfront.org və s) və qəzet (Kommunist, İpəkçi və və s.) bütün ölkədə maarifləndirmə işinə xidmət edir

15 Oca 2014 17:03 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
   
      Son vaxtlar solçuluq ideyaları cəmiyyətdə sürətlə özünə tərəfdar qazanır. Bununla belə, solun ümumi təşkilatı, maddi-texniki bazası zəifdir. Bu zəifliyin çox sayda səbəbləri var. Bu yazıda onlardan bir neçəsini göstərməyə çalışacağıq.

 

Ümumiyyətlə, sol hərəkatı bütün tarix boyu güclü olub. Həmişə insanlar bərabərlik, azadlıq, sosial ədalət uğrunda mübarizə aparıb, üsyanlar, inqilablar ediblər. Bu yolda yüz milyonlarla qurban verilib. Nəhayət bu ağır mübarizə marksizm-leninizm platformasında və tarixdə ilk qansız inqilab şəklində 1917-ci ildə Rusiyada qələbə çaldı. Bundan sonra digər ölkələrdə də sosialist inqilabları baş verdi və bu ölkələr qlobal imperializmin ardıcıl təcavüzündən qorunmaq üçün Sovet İttifaqında birləşdilər.

 

Qlobal imperializm dayanmadan bu ittifaqa qarşı təxribat, terror və müxtəlif sahələrdə təzyiq edirdi. Hətta, Hitler Almaniyasını hələlik bəşəriyyətə bəlli olmayan hansısa yolla SSRİ-yə qarşı yönəltdilər. Lakin sol ideologiyanın, daha doğrusu onun ən yüksək mərhələsi olan elmi kommunizmin bayrağı altında birləşən Sovet xalqları qeyri-bərabər müharibədə qalib gəldilər və dünyanı faşizmdən xilas etdilər.

 

Bu müharibədən sonra Şərqi Avropada sosialist inqilabları alovlanmağa başladı, yeni sosialist dövlətlər yarandı. Az keçməmiş Asiyada, Afrikada, Amerikada da sosialist dövlətlər formalaşdı. Sol sunami kimi planetin hər tərəfini cənginə almaqda idi. Dünya 2 qütbə bölündü. Bu qütblər arasında soyuq müharibə 91-ci ilədək davam etdi.

 

İmperialist dövlətlər SSRİ-ni sosialist düşərgəni məhv etmək üçün çoxsaylı ağlagəlməz planlar hazırlayır, trilyonlarla pul xərcləyirdilər. Hələlik, ictimaiyyət məlum olmayan üsulla 1885-ci ildə SSRİ-nin rəhbərliyinə əvvəlcədən arvadının vasitəsilə verbovka edilmiş Mixail Qorbaçovu və onun xain komandasını gətirdilər. Bu quldurlar ölkəni və bütün sosialist dünyasını satdılar.

 

SSRİ dağılandan sonra isə bütün dünyada himayəsiz qalmış dövlətlərin üzərinə hücum başladı. Az müddətdə əksəriyyətini zorakı yolla yenidən kapitalizm sisteminə qaytardılar. Bundan sonra sol hərəkatı zəiflədi. III İnternasional da artıq yox idi.

 

Solun  düşmənləri güclüdür – burjua cərəyanları, millətçilik, dinçilik, liberalizm… hamısı başqa sahələrdə rəqib olsalar da sola qarşı birləşmiş vəziyyətdədirlər. Bu koalisiyaya ABŞ başqa olmaqla imperialist dövlətlər böyük yardımlar edirlər. Lakin bununla yanaşı qeyd etməliyəm ki, dünyada sol hərəkat o qədər də zəif deyil, əksinə çox güclüdür.

 

Elə ABŞ-ın özündə də güclüdürlər. Elə bu yaxınlarda baş vermiş “Uols Striti işğal et” hərəkatını xatırlayın. ABŞ polisi milyonların etirazını polis gücünə amansızlıqla yatırdı. Sol yönümlü inkişaf edən Liviyanın başına nə gətirdilər, məlumdur. ABŞ başqa olmaqla NATO dövlətləri dünyada ən qəddar terroçu qruplaşmaları yaradır, idarə edir və onların köməyi ilə tabe olmayan ölkələri xaraba qoyurlar.

 

Bəli, dünyada sol əvvəlki gücündə deyil. Xüsusilə də, keçmiş SSRİ respublikalarında sol hərəkata, kommunistlərə qarşı bütün güclər birləşib. Burda inqilabi potensialın son dərəcə güclü olduğunu bilirlər, üstəlik mükəmməl ənənə, yəni effektiv təcrübə də var. Ən əsası yaşanılmış xoş xatirələrin yaddaşlardan silinməsi cəhdlərinə rəğmən bu məkanda yaşayan insanların üçdə ikisi hər iki sistemi görüb və fərqi açıq şəkildə öz həyatında hiss edir.

 

Lakin artıq cəmiyyət nəyin nə olduğunu ayırd edə bilir. Sovet məkanında keçirilən sosioloji sorular bunu göstərir. Rusiya, Ukrayna, Belarus, Moldova, Orta Asiya respublikalarında sol düşüncə üstün hala gəlir.

 

Azərbaycana gəldikdə, burda məsələ bir qədər fərqlidir. Millətçiliyin, dinçiliyin sürətlə gücləndiyi ölkədə sol zəif olmalıdır. Çünki həmin ideologiyaların arxasında ABŞ dollarları dayanır, boz kağızların gücü ilə yeniyetmə və gəncləri bu ideologiyalarla yoluxdurub öz çirkin məqsədləri üçün istifadə edirlər. Onlar isə bunun fərqində belə deyillər. Onlara deyirlər ki, sol dinin düşmənidir, milli mənafelərin düşmənidir. Bu nağıllarla kütləni (daha çox gəncləri) 22 ildir aldadır və zombiləşdirməyə çalışırlar.

 

Buna baxmayaraq, Azərbaycanda sol hərəkat getdikcə güclənir. Ən maraqlısı odur ki, indiki dövrlə müqayisədə cənnət olan Sovet dövrünü görməyən gənclər daha çox fəaldırlar. Yeni nəsil gəlir və onları aldatmaq mümkün olmayacaq.

 

Etiraf etmək lazımdır ki, sol yönümlü partiyaların bir çoxu iqtidaryönlüdür və onların rəhbərləri sırf korporativ maraqları güdürlər. Digərlərinin isə heç bir maddi, texniki yoxdur. Təbliğat imkanları da zəifdir, televiziyaya, mətbuata solçuları buraxmırlar. Cəmi bir neçə sayt (kommunist.biz, solfront.org və s) və qəzet (Kommunist, İpəkçi və və s.) bütün ölkədə maarifləndirmə işinə xidmət edir.

 

Təşkilatlandırma da zəifdir. Problemlərdən biri də liderin olmamasıdır. Ən əsas problem isə birləşməyə meylin olmamasıdır. Məsələn, bir neçə kommunist partiyası var, amma hərəsi ayrılıqda zəif haldadırlar. Keçən il bir birləşmə qurultayı oldu ikisi birləşdi amma bu yaxınlarda yenidən ayrıldılar.

 

Hesab edirəm ki, ölkədə sosial vəziyyət ağırlaşdıqca sol düşüncə güclənəcək. Elə indidən solun çoxmilyonlu potensial elektoratı var. Sadəcə, vahid mərkəzdən təşkilatlandırma yoxdur. Ümumiyyətlə, ölkədə siyasi fəallıq son dərəcə zəifdir.

 

Son vaxtlar ortaya islamçı kommunistlər çıxıb. Onlar dinçilər deyil, dindarlardır. Bu yaxşı haldır. Sol dinin, mənəviyyatın düşməni deyil, mövhumatın düşmənidir. Lenin bunu qısaca belə zah edib: din şəxsi məsələdir. Çox vaxt SSRİ-də dinin təqib edildiyini deyirlər, amma bu belə deyildi, sadəcə dövlət dünyəvi dövlət idi. Heç kimin hansısa dinə inanmasına, ibadət etməsinə qadağa yox idi.

 

Ümumiyyətlə, dünyada və Azərbaycanda sol cərəyanlar, təşkilatlar çoxdur, onların çoxu burjua oyuncaqlarıdır, ən yaxşı halda trotskizdir. Məsələn, sosial-demokratları çox vaxt səhv olaraq solçu kimi təqdim edirlər. Lakin bu belə deyil. Sosial-demokratiya liberalizmin gizli silahıdır. Əsl sol hərəkatı tam şəkildə marksizm platformasına söykənməlidir.

 

Sol, daha dəqiq desək onun ən son mərhələsi olan elmi kommunizm insanlığın ən yüksək və ən son məqsədidir, əsl insan cəmiyyəti qurmaq uğrunda hərəkatdır. Gec-tez bəşəriyyət “meşədən çıxmalıdır”, meşə qanunları ilə idarə olunan cəmiyyətin əvəzinə ədalətli, sülhpərvər, yüksək şüurlu cəmiyyət qurmalıdır – kommunizmin əsas prinsipini rəhbər tutaraq, hər kəsə əməyinə, hər kəsə ehtiyacına görə.