Son əlavələr‎ > ‎

Qarabağ müharibəsi veteranını intihara kim təhrik edib?

12 Oca 2014 03:32 tarihinde Aydın Məmmədov tarafından yayınlandı

   Yanvarın 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) özünə qəsd edən Qarabağ əlili Zaur Həsənovla bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, əlindən alındığına görə Zaurun özünü yandırdığı kafe, əslində, ona məxsus deyilmiş və həmin obyektə çəkilən xərclərin də Həsənova dəxli olmayıb.
  
   Məlumatda başqa bir məqam da vurğulanır və bildirilir ki, sökülmüş kafenin inşasına banklardan külli miqdarda borc götürməsi Zaur Həsənovun özünü yandırmasının əsas səbəbi kimi göstərilib – iaşə obyekti sökülüb, banklardan götürülmüş vəsait geri qaytarılmayıb, bank faizləri artıb: 
  
     «İlk baxışda tutarlı səbəblərdir, hətta bankların mərhumun mülkünə əl qoyması da söylənildi. Amma dəqiq məbləğ heç kim tərəfindən açıqlanmadı. Bu günlərdə əlimizə düşən rəsmi bir sənəd bu müəmmaya aydınlıq gətirir. «Edis Group» şirkəti 2011-ci il avqust ayında Azərbaycan Respublikası Ali Məhkəməsinə əlavə kasasiya şikayəti verib. Həmin şikayətin bir bəndini olduğu kimi nəzərinizə çatdırırıq:


«ÇƏKİLƏN XƏRCLƏRİN HƏSƏNOVA AİDİYYƏTİ OLMAYIB»

    «04.07.2011-ci ildə Zaur Həsənov bizim şirkətə mübahisəli tikinti ilə bağlı sənədlərin verilməsi ilə əlaqədar müraciət edəndə, yuxarıda qeyd etdiyimiz məhkəmə qərarlarından xəbər tutduq. Mübahisəli obyekti bizim şirkət tikib, bütün xərcləri bizim şirkət çəkib, obyekt bizim balansımızdadır, bizim işçilərin istirahət obyekti kimi işə salınıb. Lakin heç bir məhkəməyə bizi cavabdeh qismində cəlb etməyiblər, obyektə baxış keçirməyiblər. 70 kvadratmetr ərazi bizim pulumuzla zibildən təmizlənib, qum tökülüb, ağaclar əkilib, abadlıq işləri aparılıb. Həmin ərazidə Qarabağ əlili Zaur Həsənov və digər 15 Qarabağ əlili ailələri ilə birgə dolanırlar».

    AHİK bildirir ki, Bibiheybət qəsəbəsi, «Şıx» sanatoriyasının ərazisində yerləşən çayxananın faktik sahibi «Edis Group» şirkəti olub. Şirkət Ali Məhkəmənin Plenumuna kasasiya şikayəti verərkən çayxananın həmin şirkətin balansında olması haqqında məhkəməyə sənədlər də təqdim edib. O da qeyd edilib ki, 70 kv.m. torpaq sahəsi Zaur Həsənova 10 illik istifadəyə verilib. Əlavə kasasiya şikayətində göstərilənlərdən bu nəticə çıxır ki, çəkilən xərclərin Həsənova heç bir aidiyyəti olmayıb.

«ONLARA BİR QƏPİK BORCU YOXDUR»

     Zaur Həsənov dekabrın 25-də AHİK binası qarşısında üstünə benzin tökərək özünü yandırıb və 3 gün sonra keçinib. O, Bibiheybətdə işlətdiyi kafenin AHİK-in iddiası ilə sökülməsinə etiraz edib.

     Qarabağ veteranının atası Həsən Həsənov ərazinin məhz oğlunun adına olduğunu israrla deyir:
«Zaurun öz obyektidir. Qalanları uydurma şeylərdir. Guya 2011-ci ildə məhkəməyə veriblər. Zaurun bundan xəbəri olmayıb. Qulaqlarına söz deyib ki, Zaur 100 min manat alıb. İndi guya onlara borcu varmış. Onlara bir qəpik də borcu yoxdur».

«ANASI PREZİDENTİN QIZININ AŞPAZIYMIŞ»

    Həsən Həsənov Samir Məmmədov adlı bir şəxsin ölümündən əvvəl Zaura yaxınlaşaraq ona birgə iş təklif etdiyini deyir. Guya Məmmədov mübahisəli məkanın sənədlərini də düzəldəcəyinə söz verib:

    «Guya əlaqələri varmış, anası prezidentin qızının aşpazıymış. Zauru dirəmişdilər divara, istəyirdilər obyektdən nəsə düzəldələr. Biri deyirdi Həmkarlar Təşkilatının sədri kimdir, burda bizik».

   «Edis Group» MMC 2008-ci ilin aprelində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Məmmədov Samir Arif oğludur. MMC-nin təsisçiləri ISHAK EDMOND (Marokko Krallığı), Samir Məmmədov, Vaqif Əsgərov və Xaqani Məlikovdur. Şirkətin qeydiyyat ünvanından AzadlıqRadiosunun əldə etdiyi bir neçə telefon nömrəsindən buranın yaşayış məhəlləsi olduğunu bildirdilər. «Edis Group» şirkətindən əlavə şərh almaq mümkün olmadı.

    Samir Məmmədovun yaşadığı evdən bir qadın onun «Edis Group» şirkətiylə bağlılığını təsdiqləsə də, sonradan özünü onun atası kimi tanıdan şəxs bunu yalanladı.


ZAUR HƏSƏNOV BƏZİ AİLƏLƏRƏ AYDA 50-100 MANAT YARDIM EDİRDİ

    «Vətən Müharibəsi Əlilləri» İctimai Birliyinin sədri Firudin Məmmədov Samir Məmmədovun bir müddət Zaur Həsənovun ortağı olduğunu deyir. O, həmin kafedən bir neçə Qarabağ əlilinin dolandığını təsdiqləyir. Firudin Məmmədov bir neçə il öncə 10-15 nəfərin adından parlament sədrinə müraciət etdiklərini söyləyir:

    «Onlara Zaur himayədarlıq edir, köməklik göstərirdi. Kimsə mühafizəsinə baxırdı, kimsə ərzaq işinə. Zaur bəzi ailələrə ayda 50-100 manat kömək də edirdi».

​    Bəs Həmkarlar İttifaqları Konfederasiyası Zaur Həsənova və Bibiheybət bələdiyyəsinə qarşı məhkəmə iddiası qaldırarkən «Edis Group» şirkəti barədə məlumatlı olubmu? AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov bu suala konkret cavab verə bilməyəcəyini deyir:

«İncə məqamlardır. Adam hər şeyi danışmaq, demək istəmir. Yaxın vaxtlarda yeni məqamlar üzə çıxarsa, təbii ki, məlumat verəcəyik».

«OĞLUM İNQİLAB ELƏDİ»

    Hüquqşünas Aslan İsmayılov bu məsələdə hansısa şirkətin adının ortaya atılmasını mənasız sayır. Onun fikrincə, məsələdə yalnız iki günahkar tərəf var – hakimlər və AHİK sədri Səttar Mehbalıyev:

   «Bildiyim qədərilə məsələ prezidentə çatıb və o, araşdırmaya göstəriş verib. İndi Səttar da qorxusundan «strelka»ları özündən atmaq istəyir. Yəni nə qədər çox adam cəlb olunsa, suçu o qədər az olar». 

   Zaur Həsənovun atası isə oğlunun öz hüquqları uğrunda intihar etdiyini düşünür:

«Oğlum özünü Qarabağ əlilləri, öz uşaqları üçün yandırdı. Borc içindəydi, borcları ödədim. Sağ olsun prezidentim, mənə kömək elədi. Oğlum özünü hüquqları uğrunda yandırdı. Oğlum inqilab elədi, başqa söhbət yoxdur».
Mənbə: Azadlıq.org>>



SƏTTAR MEHBALIYEV NİYƏ HƏBS OLUNMUR?

O, özünün iddia  etdiyi kimi günahkar deyilsə ölən Qarabağ qazisinin ailəsinə niyə pul verir; insaflıdırmı?!

Azərbaycanda qanın pulla yuyulması reallığı özünü yandıraraq bir neçə gündən sonra xəstəxanada dünyasını dəyişmiş Qarabağ qazisi Zaur Həsənovun işində bir daha və çılpaqlığı ilə təsdiqləndi. Sözügedən faciəylə bağlı o qədər iyrənc ssenari işə salındı ki, bütün bu eybəcərliyi açıb-tökmək üçün hansısa araşdırmaya belə ehtiyac yoxdu-hər şey ortalıqdadı, zatən.

Aylarla Səttar Mehbalıyevə yalvarıb-yaxaran, haqqının tapdanmasına etiraz edən mərhum Zaur Həsənov özünü yandırandan sonra çoxlarını “mələyə” çevirməyi bacardı. Xüsusilə ölkə başçısının məsələyə məlum reaksiyasından sonra başda Səttar Mehbalıyev olmaqla bir çox rəsmilər, nazirlər tələsik xidməti avtomobillərinə əyləşərək, sürücülərinə eyni əmri verdilər: Birbaş xəstəxanaya! Amma növbəylə Qarabağ qazisini ziyarət edən bu dövlət rəsmilərindən biri də dilinə gətirmədi ki, Zaur Həsənovun ölümündə kimdir günahkar?

İndi bu hadisənin üstündən bir qədər keçib, cəmiyyət də tədricən unudur baş verənləri. Nəticə isə ürəkparçalayandır: Hamı unutsa da, atasız qalan o beş körpə unutmayacaq baş verənləri, istəsə belə unuda bilməyəcək, bacarmayacaq. Mərhumun atası, ailəsi ənənəvi “azərbaycansayağı olan oldu” prinsipini rəhbər tutaraq “heç bir aksiyaya ehtiyac yoxdur” açıqlamasını verə də bilər, elə günü sabah bu hakimiyyəti dəstəklədiyini deməyə məcbur da qala bilər. Bunlar məsələ deyil axı, məsələ odur ki, ortada cinayət var və o cəzalandırılmalıdır!

Amma rəsmi ovqat belədir ki, sanki qazinin ölümündə kimsə günahkar deyil. Bütün faktlar ortadadır, Səttar Mehbalıyevin mərhum Zaur Həsənovu intihar həddinə çatdırması gün kimi aydındır, amma başqa vaxt çox “operativ” olan hüquq-mühafizə orqanları nədənsə tərpənmək belə istəmirlər. Hüquq donub, bəs çıxan nəticə nədir? Ağır da olsa baş verənlərdən çıxan “nəticə” budur ki, Zaur Həsənovu özünü yandırmağa kimsə təhrik etməyib, intihar həddinə çatdırmadan da söhbət gedə bilməz, görünür mərhum elə-belə, bəlkə də bekarçılıqdan ya elə quruca maraq xatirinə özünə od vurubmuş….Dəhşətdir…

Yaxşı, bəs doğurdan belədirsə o zaman dövlət niyə mərhumun ölümündən sonra ailəsinə 100 min kompensasiya ödəməyə, uşaqlarının hər birinə yetkinlik yaşına çatana qədər 300 manat müavinət ayırmağa razılaşdı? Məgər, özünü “maraq üçün yandıranlar”a maddi təminatın verilməsiylə bağlı yazılmış ya da yazılmamış qanunlar var? Yoxdur belə qanun, sadəcə olaraq hakimiyyət əslində hər şeyi yaxşı bilir, Zaurun özünü niyə yandırdığını da, günahkarın kimliyini də. Belə olmasaydı “səxavətlə” əlini cibinə salmağa da məcbur qalmazdı…

Elə bu günlərdə Səttar Mehbalıyev mərhumun ailəsinə təkrar olaraq 10 min manat verib. Çox qəribədir, adam bir tərəfdən iddia edir ki, bu işdə günahkar deyil, o biri yandan isə aparıb öz əlləriylə mərhumun ailəsinə 10 min verir. Niyə, bu qədərmi ürəyiyuxa və həssas adammış Səttar müəllim? Onun necə “həssas” olduğunu mərhum Zaurun azyaşlı oğlu mətbuata verdiyi məşhur müsahibəsində qeyd etmişdi. Şəxsən bu sətirlərin müəllifi həmin cocuğa inanır, elə oxucumuzun da Səttar Mehbalıyevə inanmadığına adımız qədər əminik. Əmin olduğumuz bir şey də var, Zaurun qatili gec ya tez hökmən cəzasına çatacaq, Tanrı mərhumun hələ də göz yaşı tökən beş yetiminin ahını yerdə qoya bilməz axı…

Sonda xatırladaq ki, Səttar Mehbalıyev haqqında 125-ci maddənin tələblərinə uyğun olaraq özünü öldürmə həddinə çatdırmaqla bağlı cinayət işi qaldırılmalıdır, amma bu günə qədər qaldırılmayıb.

Orxan HƏSƏNLİ

Mənbə: Savash.org>>