Son əlavələr‎ > ‎

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev: Hakimiyyətə yetərincə bağlılığına baxmayaraq S.Mehbalıyevin gec-tez cəzalandırılacağı şübhə doğurmur. Amma çox böyük ehtimalla bunu indi etməyəcəklər...

7 Oca 2014 14:43 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
     
2014 Yanvar 03( Cümə )  13:27:47

     Zaur Həsənovun ölümü ilə bağlı cəmiyyətdə müzakirə olunan mövzulardan biri də bu işdə adı gedən şəxslərin, konkret olaraq Səttar Mehbalıyevin əməlində özünü öldürmə həddinə çatdırma cinayətinin tərkibinin olub-olmaması ilə bağlıdır. Bununla əlaqədar Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin fikirlərini təqdim edirik. 

     - Cinayət Məcəlləsinin 125-ci maddəsi özünü öldürmə həddinə çatdırmaya təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma kimi tərif verir.

     Cinayət tərkibi əməli cinayət kimi səciyyələndirən, cinayət qanunu ilə nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin məcmuyudur. Başqa sözlə, hər hansı əməlin cinayət olması üçün araşdırılmalı xeyli şeylər var - təqsir, motiv, məqsəd, konkret hərəkətlərin mövcudluğu və s. Normanın göstərişindən də göründüyü kimi bu maddənin tətbiqi üçün özünə qəsd etmiş şəxsin təqsirkardan maddi, xidməti (zabit-əsgər, müdir-işçi və s.) və digər  asılıqlığı (ər-arvad, valideyn-övlad və s.), amansız rəftar (ac-susuz saxlamaq, mütəmadi fiziki və mənəvi zorakılığa məruz qoymaq və s.) olmalıdır. Həmçinin cinayət hüququ baxımından məsuliyyətin yaranması üçün təqsirkarın davranışı ilə özünə qəsd hadisəsi arasında birbaşa səbəbli əlaqə olmalıdır. Ola bilər ki, bu işdə həmin elementlərdən hansısa biri və ya bir neçəsi var. Amma bu hadisədə S.Mehbalıyevin cinayət məsuliyyətini aradan qaldıran çox ciddi bir fakt var: bu işlə bağlı qazi ilə S.Mehbalıyevin rəhbərlik etdiyi təşkilat arasında məhkəmə mübahisələrinə yekun vuran qanuni qüvvəyə minmiş məhkəmə qərarları var. Z.Həsənovun mülkiyyət və digər haqlarına müdaxilə həmin məhkəmə qərarlarının icrasından doğub. 

     - Demək istəyirsiniz ki, baş verənlər sırf siyasi hadisədir.

     - Ona görə bu məsələyə yalnız hüququn, Cinayət Məcəlləsinin prizmasından baxmaq və nəticələr çıxarmaq yanlış və ziyanlı yanaşma olardı. Baş verən faciənin kökündə siyasi amillər dayanır: bu ölüm ölkədə pis idarəçiliyin, məmur, məhkəmə özbaşınalığının nəticəsidir. Vətəndaşlarının bu cür özbaşınalıqdan sığortalanmadığı Almaniyadan, Fransadan, İngiltərədən, lap elə Latviyadan Azərbaycanın fərqi ondadır ki, bu ölkədə məmur özbaşınalığı idarəçilik üsuludur. Azərbaycanda sən məmursansa, hakimiyyətə xidmət etməlisən, yaxşı halda ona loyal olmalısan. Azərbaycanda məmur idarəetmənin iştirakçı deyil, yuxarıdan verilən direktivlərin, əmrlərin, göstərişlərin icracısıdır. 

     Azərbaycanda idarəçilik sistemi elə qurulub ki, məmur korrupsiya çirkabına batmalıdır, aldatmalıdır, oğurlamalıdır, qamarlamalıdır. Kimisi az, kimisi çox. Hakimiyyətə nə qədər sədaqətlisənsə, yuxarıdan gələn göstərişləri nə qədər can-başla yerinə yetirirsənsə, hakimiyyətə yaxınlıq, qohumluq əlaqələri qura bilmisənsə, məmur (vəzifə, hakimiyyət) pilləsində daha irəli getmək imkanın, ucuz-bucaqsız maddi nemət bolluğuna çıxış imkanın, büdcə vəsaitlərinin talanmasından gələn gəlirlərin bölgüsündə daha çox pay almaq haqqın yaranır.

     Səttar Mehbalıyev “Mən axı neyləmişəm ki?!” deyəndə, əslində, haqlıdır. Həmkarların 20 illik rəhbəri düşünür ki, minlərlə özü kimi məmurun etdiklərini edir və buna görə ona bu günə qədər gözün üstə qaşın deyən olmayıb (və hətta əksinə). 

     S.Mehbalıyevin rəhbərlik etdiyi təşkilat haqları pozulan, o cümlədən zaurların müdafiəsində olmalıdır. Amma S.Mehbalıyev İlham Əliyevin üçüncü dəfə prezident seçilməsinə dəstək verir, özü də başda olmaqla rəhbərlik etdiyi təşkilat ötən 20 ildə keçirilən bütün seçkilərdə hakim partiyaya dəstək verib, seçki saxtakarlıqlarında iştirak edib. Bu xidmətin, loyallığın müqabilində mehbalıyevllər hüdudsuz səlahiyyətlər əldə edirlər: qanunları poza bilərlər, məhkəmələrə öz xeyirlərinə bu və ya digər qərarı çıxarmaq göstərişi verə bilərlər və s....  

     - Düşünürsünüz ki, S.Mehbalıyev cəzalandırılmayacaq?

     - Bu ölkədə məmurlar qanunları pozduğuna görə cəzalandırılmırlar, hakimiyyətin çızdığı oyun qaydalarını pozduqlarına görə cəzalandırılırlar. Fərhad Əliyev, Əli İnsanov ona görə cəzalandırıdı ki, oyun qaydalarını pozdular, cızıqlarından çıxdılar, hakimiyyətin maraqlarına toxunan, onun üçün təhlükə yaradan və ya belə ehtimala əsas verən hərəkətlərə yol verdilər. Və ya başqa nümunə: birincilərdən fəqrli olaraq Səfər Abiyev (eləcə də Füzuli Ələkbərov, İrşad Abbasov və başqaları) nə hakimiyyətə qarşı çıxış kimi qiymətləndirilə bilən hər hansı hərəkətə yol vermişdi, nə də oyun qaydalarını pozmuşdu. Amma vəzifəsini itirdi. Müdafiə naziri ona tapşırılan sahədə hüdudsuz özbaşınalığına və ya tüğyan edən korrupsiyaya görə cəzalandırılmadı, sadəcə, son dövrlərdə əsgər ölümləri ilə bağlı məsələ cəmiyyətdə ciddi söz-söhbət doğururdu, bu da hakimiyyət üçün təhlükə yaradırdı. 

     Hakimiyyətə yetərincə bağlılığına baxmayaraq S.Mehbalıyevin gec-tez cəzalandırılacağı şübhə doğurmur. Amma çox böyük ehtimalla bunu indi etməyəcəklər. İctimai rəyin tələbi ilə kimsənin vəzifədən uzaqlaşdırılması, cəzalandırılması hakimiyyət üçün təhlükəli ola biləcək presedent yarada bilər. Qazilərin, gənclərin, müxalfətin, vətəndaş cəmiyyətinin, İsmayıllının, Qubalılının ayağı yer alar – düşüncəsi. 

     Amma ədaləti Səttar Mehbalıyevin cəzalandırılmasında axtaranların düşüncəsini bölüşmürəm (hərçənd bunu vacib sayıram). Hətta bu cür yanaşmanı ziyanlı sayıram.

     Məgər əlində həmin o bələdiyyənin və digər orqanların verdiyi qanuni sənədlər olan vətəndaşların evlərini, dükanlarını Neft Şirkətimi sökmür?! Yoxsa bunu Bakı şəhər İcra Hakimiyyəti, nazirliklər etmir?! Yoxsa Naxçıvanda, Gəncədə bunu etmirlər?! Həmin və adını çəkmədiyim qurumların özbaşınalıqlarına bəraət qazandıran qərarları məgər Azərbaycan məhkəmələri vermir?! 

     Məgər polisdə, həbsxanalarda, orduda azmı adam özbaşınalığın, hərc-mərcliyin ucbatından həyatını itirir?!

     Və ya bu ölkədə yarıtmaz səhiyyədən və imkansızlıq ucbatından həkimə müraciət etmək imkanı olmadığı üçün adi vərəmdən, xərçəngdən və digər xəstəliklərdən ölənlər yoxdur?! 

     Hərçənd ki, özbaşınalığın qurbanlarının kimliyinin elə bir əhəmiyyəti olmamalıdır toplum üçün, amma  onların arasında azmı Qarabağ qazisi olub?!

     Düşünürəm ki, bu məsələ ilə bağlı media, vətəndaş cəmiyyəti topluma doğru mesajlar verməli və hədəfləri göstərməkdə yardımçı olmalıdır. 

     Məmur Səttar Mehbalıyevləri yetirən məmur özbaşınalığı, korrupsiya, avtoritar idarəçilik üzərində qurulmuş sistemdir. Zaur Həsənovun ölümündə əsas cinayətkar həmin sistemə söykənən hakimiyyətdir.

Mənbə: Contacs.az>>


İntihar etmiş qazinin atası: Qərar verilmişdi ki, cinayət işi açılsın, amma hələ heç bir addım atılmayıb, təbii ki, şikayət edəcəm

İntihar etmiş Qarabağ müharibəsi əlili Zaur Həsənovun atası Həsən Həsənov yanvarın 7-də “Media forum” saytına açıqlama verib


   Zaur Həsənov ötən il dekabrın 25-də Bakıda, Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə üstünə benzin tökərək özünü yandırıb. O, 1995-ci ildən bəri paytaxtın Bibiheybət qəsəbəsində işlətdiyi kafenin Həmkarlar İttifaqları Konfederasiyasının iddiası ilə sökülməsinə etiraz edib. Məsələ böyük rezonans doğurduğundan ölkə prezidenti işə qarışıb və dekabrın 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Zaur Həsənovun ailəsinə ayda 1500 manat yardım vermək qərarı çıxarıb. Sökülmüş obyektinə görə isə Zaur Həsənova 100 min manat ödənilib. Zaur Həsənov dekabrın 28-də xəstəxanada dünyasını dəyişib.

   Yanvarın 7-də “Media forum” saytına açıqlamasında Həsən Həsənov deyib: “Oğlumun intiharı ilə bağlı hüquq mühafizə orqanlarının apardığı araşdırmadan hər hansı yeni xəbər yoxdur. Hadisə ilə bağlı ölkə prezidentinə müraciət edilmişdi. Qərar verilmişdi ki, cinayət işi açılsın, amma hələ heç bir addım atılmayıb. Təbii ki, şikayət edəcəm. Tapsınlar görək bu işin səbəbkarı kimdir? Şəhərin mərkəzində – Həmkarlar İttifaqları Konfederasiyasının, Konstitusiya Məhkəməsinin yerləşdiyi binanın önündə görmədilər ki, o boyda adam özünü yandırır? Bir nəfər onun qarşısını ala bilməyib”.

   Dekabrın 29-da Bakının Fəvvarələr meydanında Zaur Həsənovun ölümü ilə əlaqədar bir qrup gənc aksiya keçirib. Bu aksiyaya görə 6 nəfərə inzibati həbs cəzası verilib, 16 nəfər isə cərimələnib.

   Həsən Həsənov “Media forum”a bildirib ki, bu aksiyadan xəbəri olmayıb: “Oğlumu intihar həddinə çatdıranlara etiraz olaraq gənclərin aksiya keçirməsindən xəbərim olmayıb. Əgər onlar həbs olunublarsa və onlara qarşı təzyiqlər varsa, mən müraciət edərəm ki, onları buraxsınlar. Çünki onlar haqq sözlərini deyiblər. Haqq sözünü dedikləri üçün insanı həbs edərlər?!”

   Zaur Həsənovun iki qardaşı həbsdədir. Onlardan biri – Anar Həsənov 12 il həbs cəzası alıb, 8 il yarımdır cəza çəkir. Həsən Həsənov “Media forum”a deyib ki, həbsdə olan övladlarından Anarın Zaurun yas mərasimində iştirak etməsinə icazə verilməsi, ümumiyyətlə əfv olunması üçün müraciət edəcək: “Anar 11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. O, əfv ərizəsi yazıb, ərizə lazımi instansiyalara təqdim ediləcək”.

Qarabağ qazisinin intiharı ilə bağlı cinayət işi başlanmayıb

8 Yanvar 2014 12:52                       
2 həftə əvvəl Azərbaycan Həmkarlar Konfederasiyasının yerləşdiyi binanın önündə Qarabağ qazisi Zaur Həsənov özünü yandırdı. Xəstəxanaya yerləşdiriləndən 2 sonra isə qazi dünyasını dəyişdi. Adətən belə hallarda hüquq mühafizə orqanlarının dərhal fakt üzrə Cinayət Məcəlləsinin 125-ci – özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlayırlar. Qarabağ qazisinin intiharından 2 gün sonra isə Azərbaycan Baş Prokurorluğu belə bir xəbər yaymışdı: “Dekabrın 25-də Bakı şəhər sakini Həsənov Zaur Həsən oğlunun müvafiq məhkəmə qərarına etiraz əlaməti olaraq özünü yandırması faktı üzrə Səbayel rayon prokurorluğunda zəruri prosessual hərəkətlər yerinə yetirilməklə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Hazırda araşdırmalar davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.
Yəni rəsmi məlumatda cinayət işinin başlandığı qeyd edilmirdi. Qazinin özünü yandırması faktı üzrə cinayət işinin başlanıb-başlanmadığını öyrənmək üçün Baş Prokurorluğun mətbuat xidmətinə müraciət etdik. Xidmət rəhbəri Eldar Sultanov sualımıza belə cavab verdi: “Hazırda qeyd edilən faktla bağlı Səbayel Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, dekabrın 25-də II qrup Qarabağ müharibəsi əlili, 5 uşaq atası Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında üstünə benzin tökərək özünü yandırıb.

E.MƏMMƏDƏLİYEV
Mənbə: Musavat.com

 Səttar Mehbalıyevin topdağıtmaz səltənəti 

Həmkarlar İttifaqları Konfederasiyasının saysız hesabsız mülkləri miylonlar qazandırır Hər ay 1.5 milyon insan haqq verdiyi bu təşkilat kimin haqqını müdafiə edib?


8 Yanvar 2014 10:45

Özünü yandıraraq canına qəsd edən mərhum qazi Zaur Həsənov və onun intihara sövq edilməsində adı keçən Azərbaycan Həmkarlar İttifaqları Komfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev sadə və kasıb birisi deyilmiş. İnternet resurslarında S.Mehbalıyevlə bağlı məlumatlar axtararkən qurumun saytına da baş vurdum. Əslində saytda insanların əmək hüquqlarının pozulması, son günlər işdən qovulmuş və etiraz aksiyasına hazırlaşan neftçilər barədə bir cümlə ilə belə rastlaşmadım. Amma saytda xeyli ilginc məlumatlar da varmış. Sən demə Səttar Mehbalıyevin sədri olduğu AHİK əməlli başlı imperiya imiş. Bunu yəqin etmək üçün üzağa getməyə ehtiyac yoxdur. Qurumun www.ahik.org rəsmi internet səhifəsində baxanda AHİK-nın birbaşa tabeçiliyində olan mal-mülkü və burada dövr edən milyonları görmək çətin deyil.
AHİK-in rəsmi orqanı da var, bu "Ülfət" qəzetidir. Bu qəzet S.Mehbalıyevin bəlkə də gəlir götürmədiyi yeganə «obyektdir».

Beləliklə, Azərbaycan Həmkarlar İttifaqlarının "Kurort" Səhmdar Cəmiyyəti mövcuddur. Bu cəmiyyət ictimaiyyətdə digər kurort və sanatoriyalara “putyovka” paylamaqla məşğuldur. Əslində “Kurort”un nəzdində xeyli müəssisə - “Naftalan”, “Bilgəh”, “Abşeron”, “Günəşli”, “Qaranquş” ,”Şıx”, “Pirşağı” və “Xəzər” sanatoriyaları, "Azgeokaptajminsu" Ekspedisiyası, "Avtonəqliyyat" müəssisəsi, "Azərkrortlayihə" institutu, Təchizat Birliyi, "Azərkurorttikintitəmir" Birliyi var.

AHİK birbaşa tabeçiliyində olan Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurası və bu şuranın nəzidində "Xəzər" turist bazası, "Dostluq" turist bazası, Şəki "Soyuq bulaq" turist-ekskursiya birliyi, Mingəçevir "Günəşli" turist bazası, Hacıkənd "Göy göl" turist bazası, "Bakı-Tur" Turizm Agentliyi, "Turist" Avtobazası BİS, Təmir-Tikinti Sahəsi, Bakı Səyahətlər və Ekskursiyalar bürosu mövcuddur.

Bundan başqa AHİK tabeçiliyində olan "Azərbkolxozlararası Sağlamlıq" Respublika Birliyinın nəzdində Sənaye İstehsalatı və Texniki dəstləşdirmə idarəsi, "Şahdağ" istirahət evi, "Şəfa" müalicə-pansionatı var.
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası da var. Bnunun nəzdində isə "Spartak" Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyəti, "Gənclik" Tələbə İdman Cəmiyyəti, "Məhsul" Kənd Könüllü İdman Cəmiyyəti, "Qarabağ" İdman Cəmiyyəti, "Zenit" İdman Cəmiyyəti, "Alpinist və Turizm" Respublika İdman Klubu, "Pəhləvan" Respublika İdman Klubu, "Şahmat və Dama" İdman Klubu və "Atilla" İdman Klubu var.
Qurumun Əmək və Sosial Münasibətlər Akademiyası da mövcuddur.

Məlum olduğu kimi Azərbaycanda müəssisələrdəki həmkarlar ittifaqı formal xarakter daşıyır. Bu qurmların heç bir real səlahiyyətləri yoxdur. Əksinə, onlar müəssisə rəhbərlərinə işçilərin işdən çıxarılmasına kömək edirlər. Əmək münasibətlərilə bağlı yaranan mübahisələrdə həmkarlar təşkilatlarının həmişə çox soyuqqanlı davranır. Amma bütün dövlət müəssisə və idarələrində həmkarlar təşkilatları var və bu təşkilatıar yalnız ora üzv qəbul edilənlərdən üzvlük pulu yığmaqla məşğuldurlar. Yeri gəlmişkən, burada da dövriyyə balaca deyilmiş. “Təzadlar” qəzetinin məlumata görə, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının hazırda özündə 18610 həmkarlar ittifaqı təşkilatını birləşdirir və 1 milyon 500 min üzvü var. Nəzərə alsaq ki ölkədə orta aylıq əmək haqqı təxminən 394 manatdır, deməli, hər bir işçi ayda ən azı 2 manat üzvlük haqqı keçirir. Bu isə il ərzində 40 milyon manatdan artıq vəsait deməkdir.

Qarabağ əlili Zaur Həsənov özünə qıyandan sonra Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyası “II qrup Qarabağ əlili Zaur Həsən oğlu Həsənovun ailə üzvlərini himayəyə götürülməsi haqqında” qərar qəbul edib. Bu qərarı da yuxarıda sözü gedən saytda açıqlanıb. Burada qeyd edilir ki, Z.Həsənovun övladları yetkinlik yaşına çatanadək AHİK tərəfindən himayəyə götürülür və övladların hər birinə 300 manat məbləğində aylıq yardım verilir. Z. Həsənovun sökülmüş obyektinə görə dəymiş ziyanı ödəmək üçün ona 100000 (manat məbləğində maddi yardım edilir. Ona ölkə xaricində mülicəyə ehtiyacı olarsa bütün xərclər AHİK-in hesabına ödəniləcək. Amma Zaur sağalmadı, səngərdə düşmən gülləsinə can verməyən qazi paytaxtda dünyasını dəyişdi.

Z.Həsənovun məzarüstü abidəsi də S.Mehbalıyev tərəfindən götürüləcək. Bundan əlavə, hüzr mərasiminin keçirilməsi üçün ailəyə daha 10 min manat verilib. Bunu virtualaz.org saytına açıqlamasında Zaur Həsənovun atası Həsən Həsənov deyib: "Səttar Mehbalıyev Zaurun həyat yoldaşı və böyük qızını işlə təmin edəcəyini bildirib. Bizimlə söhbətində dedi ki, Zaurun problemləri ilə bağlı ətrafı ona doğru məlumat verməyib. Buna görə də bu işdə cavabdeh olanları cəzalandırıb”.

H.Həsənov qeyd etdi ki, Səttar Mehbalıyev tərəfindən pul verilməsi, ailənin problemlərinin həlli faciənin baş verməsində günahkar olanların cəzalandırılması tələbinə təsir etməyəcək: "Mən oğlumu itirmişəm, pul onu geri qaytarmayacaq. Verilən pul da Zaurun çayxanası üçün kompensasiyadır. Həmin çayxana dağıdılmasaydı, Zaur indi həyatda idi. İndi hər gün müxtəlif insanlardan zəng gəlir, Zaurun borclu olduğunu bildirirlər. Bütün borclarını ödəyirəm. Tək istəyim Zaurun ölümünə bais olanların cəzalandırılmasıdır”.
Qeyd edək ki, sosial şəbəkədə Səttar Mehbalıyevin Prezident Administrasiyasına çağırılaraq tənbeh edildiyi, bir neçə ay vaxt verildiyi haqda məlumatlar yayılıb. Xəbərdə qeyd olunur ki, Səttar Mehbalıyevin biznes sahələrində yoxlamalara başlanılıb.
İdrak Abbasov
Mənbə: Bizim Yol>>