Bir-neçə gündür ki, “Şəki-İpək” ASC-nin baş müəssisəsinə elektrik verilişi dayandırılıb. Səbəb elektrik enerjisinə görə yaranmış 32 min manat borcun ödənilməməsidir. Nəticədə baş müəssisənin fəaliyyətini davam etdirən yeganə istehsalatında – Pambıqəyirici istehsalatında da iş dayanmış, baş müəssisənin mühafizə xidmətinin işçiləri gecəni şam işığında keçirməyə başlamışlar...
.

Azərbaycanda İpəkçiliyin tənəzzül səbəbləri

İpək parça istehsalının xammal bazası baramadır. Baramanın yetişdirilməsi üçün, yəni barama qurdunun yemlənməsi üçün isə tut ağacının yarpağı tələb olunur. Barama qurdu cəmi 40 gün ərzində tut yarpağı ilə qidalanır və sonda 700-1000 m uzunluğunda ipək sapdan barama sarıyır. Bu 40 gün ərzində barama qurduna tut ağacının yarpağından başqa heç nə lazım deyil. Sarıdığı barama isə valyutadır – yəni baramanın dünya bazarında daimi müştərisi var.

2,7 kq yaş baramadan 1 kq quru barama, 3 kq quru baramadan 1 kq ipək sap, 1 kq ipək sapdan isə 7-10 m
2 ipək parça istehsal olunur. Yuxarıda qeyd etdiyimiz kimi barama ipək parça istehsalının xammal bazasıdır. Baramanın dünya bazarında daimi müştərisi var, “qızıl pula” satılır. Barama həm də iş yeri deməkdir. Sovet dövründə yalnız Şəki İpək İstehsal Birliyinin baş müəssisəsindəki Baramaaçan istehsalatında1800 nəfər işçi çalışırdı və onlar il ərzində 180 ton (filiallarla birlikdə 250 ton) ipək əldə edirdilər. Lakin müəssisədə istehsal olunan ipək parça, müəssisədə istehsal olunan bütün parçanın m2 -nə nisbətdə təxminən 10 %-ni, qiymətinə nisbətdə isə təxminən 30 %-ni təşkil edirdi (müəssisədə istehsal olunan bütün parçanın m2 -nə nisbətdə təxminən 90 %-i, qiymətinə nisbətdə isə təxminən 70 %-i süni saplardan toxunan parça idi).

Hal-hazırda dünyada hər barama mövsümdə istehsal olunan baramanın tən yarısı Çində yetişdirilir. İkinci yerdə Hindistan (15%), üçüncü yerdə isə Özbəkistan (3%) gəlir. Sovet dövründə Özbəkistandan sonra SSRİ-də ən çox baramanı Azərbaycan verirdi. Lakin indi Azərbaycanda barama istehsalı demək olar ki yox dərəcəsindədir.

Xanlıq dövründə Şəkidə ipəkçilik birbaşa xanın nəzarətində olmuşdu. Xan toxmacar bağları saldırır, tut ağacları əkdirirdi. Çar Rusiyası dövründə də bu iş daima dövlətin nəzarətində qaldı. Azərbaycan ərazisində ilk olaraq 1829-cu ildə baramaaçan fabrik (manufaktura) Şəkidə fəaliyyətə başladı (indi çox vaxt səhvən, hesab edilir ki, bu fabrik guya, Xanabad kəndində olmuşdur)  və yaranandan bir müddət sonra "Çarabad fabriki" adlandı. Çünki ipəkçiliyin inkişaf etdirilməsi məqsədi ilə 1841-ci ildə bu fabrikin ətrafında “Çarabad” adlı ipəkçilər məhəlləsi salınmış və orada rus koloniyası məskunlaşdırılmışdır. İpəkçilik cəmiyyətinin bütün binaları və idarələri həmin məhəllədə cəmləşmişdi. O cümlədən 1863-cü ilə qədər Çarabad koloniyası nəzdində fəaliyyət göstərmiş ipəkçilik məktəbi də burada idi. Çarabad tut plantasiyası 802X158 sajen ölçülü sahəni (13 887 kv sajen) əhatə edirdi və plantasiyada 40 000 tut ağacı vardı.

1896-cı ildə Şəki şəhərində 40 baramaaçan fabrik fəaliyyətdə idi. 1915-ci ildə Şəkidə 8 min fəhlə barama emalı işi ilə məşğul olurdu. Birinci dünya müharibəsinin başlaması ilə, yolların bağlanması, xaricdən qurd toxumunun gətirilməməsi və digər səbəblərdən 8 min fəhlə işini itirir. O dövrlərdə yaşamış şəxslərin şəhadətlərinə görə, bu fəhlələr özləri və ailə üzvüləri ilə birlikdə - cəmi 25 min nəfər, acından ölübmüşlər və həmin səbəbdən də Şəki şəhərinin əhalisinin sayı 1917-ci ildəki 51 min nəfərdən 1922-ci ildə 24 min nəfərə qədər - yarıbayarı azalmışdır!

Sovet hakimiyyətinin ilk illərində ipəkçiliyin bərpasına və daha da inkişaf etdirilməsinə kifayət qədər diqqət yetirildi. 1931-ci ildə Şəkidə nəhəng ipəkçilik kombinatı istifadəyə verildi. Əgər daha əvvəl Şəkidə Avropa və Rusiyanın toxuculuq sənayesi üçün yalnız xammal – yəni ipək istehsal edilirdisə, indi artıq buranın özündə nəinki həm parça toxunurdu və həm də güllənirdi, yəni hazır məhsul istehsal edilirdi.

1975-ci ildə Şəki şəhərindəki bir sıra fabriklər kombinata birləşdirilməklə yeni təsisat – İstehsal İpək Birliyi yaradıldı. Bundan sonra kombinat – baş müəssisə, əvvəlki fabriklər isə filial adlandı. Sovet dövrünün sonunda Şəki İstehsal İpək Birliyinin 7 min nəfər işçisi vardı. Burada bir il ərzində istehsal edilən parçanın uzunluğu Yer kürəsi ekvatorunun uzunluğuna 40 000 000 m-ə bərabər idi.

Sovet dövrünün son illərində Şəki İstehsal İpək Birliyinin partkomuna raykom katibi statusu verilmişdi. Həmin vaxtlarda, Birliyin istehsal etdiyi hazır parçanın yarısını respublikanın 2 bölgəsindən – əsasən Stepanakertdən, qismən isə Ordubaddan, güllənmək üçün Şəkiyə göndərilmiş parça təşkil edirdi. Sonralar Ağdaş, Qax və Xocalı şəhərlərində də Birliyin filialları yaradılmışdı...

Müstəqillik dövründə - 1991-ci ildən sonra, İstehsal İpək birliyi Şəki “İpək” şirkəti adlandı. Müəssisə cəmi bir-neçə il ala-babat fəaliyyət göstərə bildi. 1994-cü ildən sonra elektrik enerjisinin fasilələrlə verilməsi, yaxud heç verilməməsi, qiymətinin isə həddindən artıq baha olması, xaricə mal satışında dövlətlər səviyyəsində məhdudiyyətlərin yaradılması səbəbindən 1996-cı ildə şirkətin fəaliyyəti tam dayandı və baş müəssisə ayrıca, filialları və başqa subyektləri ("Marxal" İM, "Səadət" Pioner düşərgəsi və s.) isə ayrı-ayrılıqda özəlləşməyə çıxarıldı. Əlavə edək ki, Əmlak Komitəsi o vaxt baş müəssisəni respublikanın özəlləşməyə çıxarılan ən böyük 15 sənaye müəssisəsindən biri kimi təqdim edirdi.

1999-cu ildə baş müəssisə əsasında Şəki-İpək” ASC yarandı. Baş müəssisənin 3500 işçisındən cəmi 700 nəfər 4 çekdən ibarət özəlləşmə payından 3 çek təqdim edərək ASC səhmdarı olmaq istədi. Yalnız 2002-ci ildə məlum oldu ki, ASC-nin səhmlərinin 98 faizini “Pərvanə” MMC adlı bir qurum xəlvəti almış və müəssisəyə sahib olmuşdur. 700 nəfər işçi birlikdə isə səhmlər paketinin cəmi 1 %-dən bir qədər çoxuna malikdir. Biz yalnız bunu bilirik ki, “Pərvanə” MMC-nin sahibi, yaxud sahiblərindən biri  Xəqani Bəşirov adlı həm Azərbaycan və həm də Fransa vətəndaşı olan bir biznesmen idi. Belə ki, Xaqani Bəşirov Beynəlxalq Bankdan 2 il ərzində 185 milyon manat (təqribən 230 milyon dollar) kredit alıb qaytarmadığına görə 2011-ci ildə həbs edilərkən (5 aylıq həbsdən sonra o, azad edilmişdir) baş prokurorun imzaladığı təqdimatda “Pərvanə” MMC-nin Xəqani Bəşirova aid olması dolayı yolla da olsa təsdiqlənir və həm də o, həmin MMC üçün də Beynəlxalq bankdan qanunsuz olaraq kredit alıb mənimsəməkdə günahkar bilinib:
  
Xəqani Bəşirov külli miqdarda pul vəsaitini mənimsəmək məqsədilə, Panama Respublikasında qeydiyyata alınmış və özünün direktoru olduğu “Oceanstream INC” şirkəti tərəfindən Azərbaycan Respublikasında qeydiyyata alınmış “General Construction” MMC-nin təsisçilik hüququnu əldə edərək, “Xəzər Menecment Sistems” MMC, “Ceneral Construction” MMC və həmin cəmiyyətin əməkdaşlarının adına rəsmiləşdirilmiş “Aygün İnşaat”, “Aqora”, “Pərvanə”, “Uni Oyl”, “Alfa Layn”, “Beta Layn”, “Kondor Qrup” və “Siqma Layn” MMC-lər tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən (ABB) qanunsuz olaraq alıb və müəssisələrə kredit kimi rəsmiləşdirilib”...

Elə bu aralarda – Xəqani Bəşirovun həbs edildiyi vaxtlarda, məlum olmuşdur ki “Şəki-İpək” ASC səhmlər paketinin artıq heç də 98 faizi “Pərvanə” MMC-yə yox, əslində “General Construction MMC-yə (81 % ) və Senat Associates LTD-yə (17 %) məxsusdur. Bunlardan birincisinin adı artıq yuxarıda,  Xaqani Bəşirova aid MMC-lər sırasında çəkilib.  İkincisi barədə isə nədənsə "Şəki-İpək" ASC-nin fiziki səhmdarlarının – 700 nəfərin, ümumiyyətlə məlumatı yoxdur? Bunun adına biz yalnız "Şəki-İpək" ASC idarə heyəti sədrinin müşaviri və "Kainat" MMC idarə heyətinin sədri Teymur Musayevin mətbuata verdiyi müsahibələrində təsadüf edə bilirik. Bu doğrudursa, belə görünə bilər ki, "Pərvanə" MMC "Şəki-İpək" ASC səhmlərinin 17 %-ni Senat Associates LTD-yə satmış və  "Şəki-İpək" ASC-nin idarəsini 2005-2011-ci illərdə onların nümayəndələrinin əlinə vermişdir. Onlar isə özbəklər idilər  "Şəki-İpək" ASC-nin Beynəlxalq Banka kredit borcu 50 milyona yüksələndə hamısı bir günün içində Azərbaycandan qovuldular. Üstündən bir müddət keçəndən sonra isə onlardan Marat Əkbərovu (idarə heyətinin sabiq sədrini) və Nəbi Şadiyevi "Şəki-İpək" ASC səhmlərini götürüb qaçmaqda ittiham etdilər (əslində isə Azərbaycanda hələ səhm çap olunmayıb, çap olunmayan şeyi necə götürüb qaçmaq olardı?!) və barələrində İnterpol xətti ilə axtarış elan edildi. Yeri gəlmişkən əlavə edək ki, ASC idarə heyətinin sədri "Marat Sultanoviç” kim tanınan Marat Əkbərov  təbiətən mülayim xarakterli, xeyirxah bir şəxs idi. Nəbi  Şadiyev isə deyilənə görə Özbəkistanın kriminalı kimi tanınırdı, 2 arvadı vardı, hər arvad üçün Şəkidə bir ev kirayə etmişdi, onun bir evinin aylıq işıq pulu 300 manata çatırdı. Bu pul da hökumət hesabına ödənilirdi. Özbəklərin dövründə fəhlələrin maaşı  100 manatdan çox deyildi, əlacları olsaydı bir az da aşağı maaş verərdilər, amma özləri – yəni Marat Sultanoviçlə gələn 10-15 nəfər mütəxəssisin hər biri 7-8 min manat maaş almışdı. Üstəlik, onların kommunal xərcləri, mənzillərinin kirayə haqqı da Azərbaycan tərəfindən ödənilirdi. Onların heç bir iş görmədiyini də demək doğru olmaz, amma toxuculuqdan ümumiyyətlə başları çıxmırdı və bu sahəyə heç diqqət yetirməmişdilər. Özbəklərin dövründə müəssisənin kredit borcu 50 milyona çatdı. Yerlərdə barama istehsalı sürətlə endi.

1999-cu ildə Şəki "İpək" şirkətinin baş müəssisəsi əsasında "Şəki-İpək" ASC yaradıldıqdan az sonra, ölkə başçısı səviyyəsində ASC-yə indiki  pulla 300 min manat məbləğində yardım edilmişdi.

“Şəki-İpək” açıq səhmdar cəmiyyətinin sağlamlaşdırılması məqsədilə maliyyə yardımının ayrılması haqqında 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

“Şəki-İpək” açıq səhmdar cəmiyyətində istehsal fəaliyyətinin bərpası, əhalinin məşğulluğunun təmin edilməsi və müəssisədə özəlləşdirməqabağı sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının 2001-ci il dövlət büdcəsinin “İqtisadi fəaliyyətlə bağlı sair xərclər” bəndində nəzərdə tutulan vəsaitdən “Şəki-İpək” açıq səhmdar cəmiyyətinə 1,5 milyard manat ayrılsın. 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Şəki-İpək” açıq səhmdar cəmiyyətinin fəaliyyətinin bərpası ilə bağlı zəruri tədbirlər proqramı hazırlayıb təsdiq etsin və onun həyata keçiril- məsinə nəzarət etsin. 
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
 Bakı şəhəri, 11 iyun 2001-ci il
 № 734

Bu yardım iki mərhələdə müəssisəyə verildi  əvvəl yarısı, sonra isə o biri yarısı. Birinci hissəni İcra hakimiyyəti zəif iradəli rəhbərliyin əli ilə mənimsədi. Hətta kassada kəsir də saxlamışdılar. İşin üstünü ört-basdır etmək üçün MTN mütəxəssislərdən birini - Sabiq İmanovu məcburi qaydada ASC-yə sədr gətirdi. Sabiq İmanov nəinki kəsiri ödədi, hətta dövlət yardımının ikinci hissəsindən elə qənaətlə  istifadə etdi ki, o, 1 il sonra vəzifədən gedəndə, pulun az qala yarısı kassada qalmışdı. Bu zaman müəssisədə 2 min nəfər işləyirdi, yerlərdə barama istehsalı 133 tona çatmışdı. Məhz həmin vaxt "Pərvnə" MMC "Şəki-İpək" ASC-nin sahibi elan edildi. Sabiq İmanovun yerinə, ipəkçilik və toxuculuq sənayesindən heç bir anlayışı olmayan Elman Qarayevi göndərdilər.  Ömrünü-gününnü müəssisədə keçirmir mütəxəssislər bir-bir işdən uzaqlaşdırıldılar.  Yerlərdə barama istehsalı sürətlə azalmağa doğru getdi. ASC-yə Beynəlxalq Bankdan kredit axını başladı. Sonra özbəklər gəldilər. Baramaçılığın problemlərini aradan qaldırmaq əvəzinə, baramanı Özbəkistandan almağa girişdilər.
2011-ci ildə Özbəkistan barama satmaqdan imtina etdi. Bundan sonra keçdilər ya, Özbəkistandan, ya da Çindən ipək gətirməyə. Nəticədə müəssisənin azı 300 nəfər işçisi olan Baramaaçan istehsalatı bir daha işləmədi. 2015-ci ilin əvvəlində ASC səhmdarlarının yığıncağında müəssisənin Beynəlxalq Banka 70 milyon manat kredit borcunun olduğunu bildirilmişdir. 
2015-ci ilin ortalarında isə Çindən ipək gətirilməsi üçün 1 milyon manat pul tapa bilmədilər. Nəticədə Pambıqəyirici istehsalatdan başqa, bütün digər istehsalat və sexlərdə iş dayandı. İlin sonunda isə  elektrik enerjisindən istifadəyə görə cəmi 1-2 aya yığılmış 32 min manatlıq borc ödənmədiyinə görə müəssisəyə elektrik nəqli də dayandırıldı və işləməkdə olan sonuncu Pambıqəyirici istehsalatın qapıları da bağlandı.  

İndi isə bir neçə kəlmə də  "Şəki-İpək" ASC-nin  Pambıq əyirici istehsalatı haqqında. Hələ 90-cı illərin lap əvvəllərində müəssisəyə süni qrupdan olan sapların gətirilməsində problemlər yaranırdı və nəticədə toxucu dəzgahlar boş dayanırdı. Boşdayanmanı aradan qaldırmaq üçün bəzi dəzgahlarda pambıq parça toxunmasına cəhd edildi. Bir-neçə toxucu dəzgahı alışıb yandıqdan sonra, yəqin edildi ki, ipək parça toxunması üçün yaradılmış məkanda, pambıq parça toxunması təhlükəli işdir... 

29 avqust 2005-ci ildə KİV-də belə bir xəbər getmişdi:

“ŞƏKİ-İPƏK” ASC 2 YENİ PAMBIQTƏMİZLƏMƏ ZAVODU TİKİR

Hazırda Saatlı və Ağcabədi rayonlarında 2 yeni pambıqtəmizləmə zavodu tikilir. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən Trend xəbər agentliyinə məlumat verilib. Verilən məlumata görə, tikinti işləri “Şəki-İpək” ASC tərəfindən aparılır. Hər birinin illik emal gücü 15-20 min ton olacaq zavodlar bu ilin sonunda istifadəyə veriləcəkdir. Hazırda isə “Şəki-İpək” ASC-nin Əli-Bayramlıda illik emal gücü 30 min ton olan bir pambıqtəmizləmə zavodu fəaliyyət göstərir. Qeyd edək ki, ölkədə ən çox pambıqtəmizləmə zavodu “MKT” ASC-yə məxsusdur. Hazırda bu müəssisənin tabeliyində 14 zavod vardır. İsveçrənin “Cekot” şirkətinin tabeliyində 3, Ağdam və Kürdəmirdə fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin hər birinin tabeliyində isə bir pambıqtəmizləmə zavodu fəaliyyət göstərir. Bunlardan başqa Saatlı və Samux rayonlarında emal sexləri də fəaliyyət göstərir. 

"Şəki-İpək" ASC-nin pambıqtəmizləmə zavodları tikməsinin, hətta pambıq əkməsinin şərti isə bu olmuşdu ki, pambığı dünya bazarına çıxarıb satacaq, qazancını isə ipəkçiliyin inkişafına yönəldəcəkdir. Lakin pambıq yetişəndə xaricə pambıq satılmasına icazə verilmir. Nə etməli? Məcburiyyət qarşısında baş müəssisənin 2№-li Toxucu istehsalatındakı bütün toxucu dəzgahları "lom" metal kimi satılır və onların yerində pambıq əyirmək - yəni pambıqdan sap istehsal etmək üçün dəzgahlar quraşdırılır. 
Beləliklə ipəkçilik müəssisəsində pambıq sap istehsalına keçilir. İstehsal edilmiş sapın xaricə satılmasına icazə verilsə də, ondan pambıq parça toxunmasına icazə verilmir. Baxın,  2011-ci ildə Almaniyadan alınmış bu toxucu dəzgahlarında dünya standartlarına uyğun, ən yüksək keyfiyyətli pambıq parça istehsal etmək mümkün idi, lakin buna icazə verilmədi.
























Yuxarıda Trend-nin 2005-ci il xəbərindən göründüyü kimi, 
"Şəki-İpək" ASC pambıqtəmizləmə zavodlarına malik olmaqla yanaşı, həm də tikinti işləri ilə də məşğul olmuşdur, yəni zavodlar tikmişdir. Lakin zavodlar hazır olan kimi, "Şəki-İpək" ASC-yə mənfəət vermək əvəzinə müstəqil MMC-yə çevrilirlər. Bunlardan biri Saatlıdakı “Şəki-İpək Aqro” MMC-dir, hansı ki  icraçı direktoru Cavid Muxtarov kredit maxinasiyasında şübhəli bilinərək bu ilin əvvəllərində həbs olunmuşdur. "Şəki-İpək" ASC ipəkçiliyi inkişaf etdirməkdən başqa, hər şeylə məşğul olmuşdur, pambıq zavodları tikməklə yanaşı, həm də ət-kolbasa məhsulları  istehsal etmək üçün keçmiş Ət kombinatını (indiki "Kainat" MMC) özəlləşdirmiş, un üyütmək üçün dəyirmanlar qurmuşdur. Görünür elə buna görədir ki,  2011-ci ildə Beynəlxalq Bankın Şəki üzrə ümidsiz kreditlərinin həcmi (47 milyon; 2011-ci ildən 2015-ci ilə qədər hər il üçün 13 faiz  artımı nəzərə alsaq dübbədüz 70 milyon!), "Şəki-İpək" ASC-nin Beynəlxalq Banka kredit borcu ilə üst-üstə düşürdü. Görünür, "Kainat" MMC-yə, dəyirmanlara, pambıq zavodlarına yönəldilmiş gedər-gəlməz kreditlərin hamısı  "Şəki-İpək" ASC-nin "belinə" yazılmışdır. İndi isə belə bir görüntü də yaranıb ki, deyəsən, hər kəsin borcunu özünün belinə yazmağa başlayıblar. Məsələn, yuxarıda qeyd etdiyimiz kimi, bu  ilin əvvəlində "Şəki-İpək" ASC səhmdarlarının yığıncağında rəsmən 70 milyon manat kredit borcunun olması vurğulanmışdır. Üstündən bir müddət keçəndən sonra, deyilənə görə Şəki İH "Şəki-İpək" ASC-nin rəhbərliyindən  işin dayanması ilə bağlı hesabat istəyəndə, müəssisənin cəmi 40 milyon manat kredit borcunun olmasını  göstərilmişdir. 

Yaxşı, bəs "Şəki-İpək" ASC kimindir? Neçə il bu məsələdə baş sındırrmış şəxs kimi bunu deyə bilərəm: heç kimin!  Nə Xəqani Bəşirov, nə Cahangir Hacıyev, nə Marat Sultanoviç, nə Nəbi Şadıyev "Şəki-İpək" ASC-nin sahibi deyillər və ola da bilməzlər! "Şəki-İpək" ASC dövlət mülkiyyətidir. Dövlət bankının kreditləri ilə özəlləşdirilmiş, müəssisəyə investisiya adı ilə dövlət bankının 13 %-lik kreditləri "sırınmışdır". Axı dövlət bankında tonlarla pul istifadəsiz qalaraq "kif"lənirdi və həmin pulu kredit adı ilə kiməsə "sırımaq" lazım idi.

İpəkçiliyin tənəzzülü də elə bu səbəbdəndir. Lap yuxarıda qeyd edildiyi kimi, barama qurduna barama sarımaq üçün yalnız tut yarpağı lazımdır, vəssalam, barama qurdu 
investisiya, kredit, model və bahalı dəzgahlar tələb etmir, yalnız tut yarpağı, tut yarpağı istəyir!!! 

Aydın Məmmədov