Son əlavələr‎ > ‎

Zaur Həsənovdan 2 il əvvəl şəkili sahibkarlardan biri də iş yerinin sökülməsinə etiraz olaraq intihar etmişdi; onu intihara vadar edənlər əvvəl həbs edilsələr də, xəlvəti azadlığa buraxıldılar, intihar edənin ailəsinə isə bir qəpik belə kompensasiya ödənilmədi...

28 Ara 2013 01:28 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
     2011-ci il Avqustun 4-ü, saat 10.30 radələrində Şəki Rayon Məhkəməsi fevral ayında özünü Kiş çayının üzərindəki körpüdən ataraq intihar etmiş mərhum Hikmət Səlimovun həyat yoldaşı Nailə Ramazan qızı Səlimovanın şikayətinə baxmalı idi. N.Səlimova Şəki Şəhər Prokurorluğunun 110826001 №-li cinayət işinə xitam verməsi barədə 26 aprel 2011-ci il tarixli qərarından şikayətçi  idi ( Bax: >> ). O, hesab edir ki, Şəki rayon prokurorluğu onun ərinin intiharı ilə bağlı başlanmış cinayət işıinə tam əsassız olaraq xitam vermişdir. Belə ki istintaq materiallarından da sübut olunub ki onun əri vəzifəli şəxslərin qanunsuz hərəkətlərinə dözə bilməyərək intihar etməyə məcbur olmuşdur. Məlumat üçün əlavə edirik ki,  Şəki Rayon Prokurorluğu əvvəlcə CPM-nin 125 (özünü öldürmə dərəcəsinə çatdırma) maddəsi ilə iş açsa da sonra xəlvəti olaraq həmin maddə ilə başlanmış cinayət işinə xitam vermiş və bu qərarını N.Səlimovadan gizlətməyə çalışmışdır...
   Lakin məhkəmə iclası baş tutmadı. Belə ki məhkəmənin göstərilən  başlama vaxtına yarım saat qalmış N.Səlimova Şəki Rayon Məhkəməsinə teleqram vuraraq məhkəmənin vaxtı barədə bir neçə saat əvvəl bildiriş aldığını və həmin səbəbdən də məhkəməyə gəlməyə hazır olmadığını bildirmiş, məhkəmə iclasının vaxtının dəyişdirilməsini xahiş etmişdir. Həmçinin, Şəki Rayon Məhkəməsinə həm də "tövsiyyə" etmişdir ki imkan daxilində  növbəti məhkəmə iclasının vaxtı barədə ona azı 3-gün əvvəl məlumat versinlər.
     2-ci məhkəmə iclası avqustun 15-nə, saat 15 00- təyin olundu. Məhkəməmədə zərəçəkmiş tərəfdən məhrumun həyat yoldaşı Nailə Səlimova işə yenə hakim Kamran Süleymanov baxmasına yazılı şəkildə etiraz etsə də onun vəsatəti təmin olunmadı. Prokurorluqdan isə heç kim gəlməmişdir. Onların nümayəndəsi isə yəqin ki, elə hakim K.Süleymanov özü olub.
     Bir neçə dəqiqədən sonra isə hakim N.Səlimovanın şikayətinin təmin olunmaması barədə hökmü oxudu. Guya ki, CM-nin 125-ci maddəsinə görə məhrum Hikmət Səlimovun ölümündə heç kimi günahlandırmaq olmaz. K.Süleymanov bu fikrini əsaslandırmaq üçün hətta adam göndərib CM-ni gətizdirdi və 125-ci maddəni oxudu:

Maddə 125.: Özünü öldürmə həddinə çatdırma

Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma—
— üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  Zərərçəkmiş tərəfin hakimə irad tutanda ki bəs həmin 125-ci maddədəki

"Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə"
ifadəsi nə deməkdir?  K.Süleymanov cavab verdi ki, Siz heç CM-nin "komentariyasını" oxumusunuzmu? Oxuyun və bilin ki, amansız rəfətar etmək nəyə deyirlər. N.Səlimova isə bildirdi ki, amansız rəftər göz qabağındadır, amansız rəftər nəticəsində H.Səlimov özünü öldürdü! Bu amansız rəftar deyilmi? Hakim cavab verə bilməsə də, qərarını da dəyişmədi.
 N.Səlimova bu qərardan apelyasiya şikayəti verəcəyini bildirir.
 Yeri gəlmişkən, N.Səlimova həm də məhkəmədə bildirdi ki, onun ərinin ölümü ilə bağlı işin ört-basdır edilməsi üçün təqsirkarlar məhkəmə və prokurorluq işçilərinə 60 min manat pul veriblər!
  Aydın Məmmədov


Şəki Rayon Məhkəməsinə

 

       Zərər çəkmiş qismində,  mərhum Hikmət Səlimovun həyat yoldaşı Nailə Ramazan qızı Səlimova ( ünvan:  Şəki, M.Rəsulzadə, ev 292, tel.: (0177) 6 15 41 )

 

Şəki Şəhər Prokurorluğunun 110826001 №-li cinayət işinə xitam verməsi barədə 26 aprel 2011-ci il tarixli qərarından şikayət

 

  Məlumunuz olduğu kimi, mənim ərim, mərhum Hikmət Səlimov bu il fevralın 3-də özünü Kiş çayının üzərindəki körpüdən ataraq intihar etmişdir. Və o da məlumunuzdur ki,  onun intihar etməsinin yeganə səbəbi rəsmi qurumların göstərişiylə mağazasının bir hissəsinin qeyri-qanuni olaraq uçurulması olmuşdur; ərim – mərhum H.Səlimov bu qanunsuzluğa dözə bilməyərək intihar etməyə məcbur olmuşdur.

Bu hadisədən sonra Şəki Şəhər Prokurorluğu CPM-nin 125 (özünü öldürmə dərəcəsinə çatdırma) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi açmış və  sonuncu maddə üzrə Şəki şəhər İcra Hakimiyyətinin iki vəzifəli əməkdaşı – Şəki şəhər icra başçısının şəhər təsərrüfatı üzrə müavini Eldəniz Qəhrəmanov və Şəki şəhər tikinti və memarlıq şöbəsinin müdiri, şəhərin baş memarı Yusif Abdurahmanov həbs olunmuşdular.

Sonra isə guya, 125-ci maddə üzrə istintaq hələ başa çatmadığına görə, yalnız  CPM-nin 309.1 maddəsi üzrə iş baxılmaq üçün Şəki rayon məhkəməsinə göndərilmiş və cinayətkarlar həbsdən azad edilmişlər. Əslində isə özünü öldürmə dərəcəsinə çatdırma maddəsi məmurlara verilmiş cinayət işi ilə bağlı olduğuna görə, ayrıca icraata verilə bilməzdi. Gözdən pərdə asmaq üçün yüngül maddə veriblər, özünü öldürmə həddinə çatdırma vəzifə səlahiyyətlərini aşma cinayətindən daha ağır maddə olduğuna görə istəməyiblər ki, onlara daha ağır cəza versinlər. Nəzərdə tutublar ki,  sonradan bu cinayət işi xitam versinlər, yəni ört-basdır eləsinlər.  Elə belə də oldu, mayın 26 da Şəki Şəhər Prokurorluğu 125-ci maddə ilə başlanılmış cinayət işinə qeyri-qanuni və əsasız olaraq xitam verdi. Və ağır bir cinayəti ört basdır edildi. Guya ki, mənim ərim öz xoşu ilə intihar edib və onu buna heç kim intihara vadar etməyib. Halbuki, istintaq materiallarında sübut olunmuşdur ki ərimi intihar etməyə Eldəniz Qəhrəmanov və Yusif Abdurahmanov məcbur ediblər. Onu da qeyd edim ki  Şəki Şəhər Prokurorluğunun 110826001 №-li cinayət işinə xitam verməsi barədə 26 aprel 2011-ci il tarixli qərarı mənə 5 iyul 2011-ci il tatixdə verilmişdir.

Odur ki

xahiş edirəm

 

Şəki Şəhər Prokurorluğunun 110826001 №-li cinayət işinə xitam verməsi barədə 26 aprel 2011-ci il tarixli qərarı ləğv edilsin.

 

                                                                                                                    İmza:  Nailə Səlimova

 

 

 

Əlavə: 1. Şəki Rayon prokurorluğunun məktubunun sürəti - 1 vərəq;

            2. Şəki Şəhər Prokurorluğunun 110826001 №-li cinayət işinə xitam verməsi barədə 26 aprel 2011-ci il tarixli  qərarın surəti - 7 vərəq.