Salis Məmmədov 1 iyul 1932-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olmuşdur. 1948-ci ildə Nuxa radio məlumatları redaksiyasında məlumatçı kimi əmək fəaliyyətinə başlamış və 1951-ci ilə - Nuxa radio verilişləri redaksiyası ləğv edilənədək orada işləmişdir.
    1952-ci ildən "Nuxa fəhləsi" qəzeti redaksiyasında, 1962-ci ildən isə Nuxa rayonlararası "Lenin bayrağı" qəzetində ədəbi işçi olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, 1965-ci ildə oranı bitirmişdir. Tələbəlik illərində onun vasitəçiliyi ilə Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması "Nuxa fəhləsi" qəzetində nəşr edilmişdir.
     1965-ci ilin aprelində Nuxa şəhər partiya komitəsi bürosunun qərarı ilə Nuxa İpək Kombinatının "İpəkçi" qəzetinə redaktor təyin edilmiş və 2009-cu ilin yanvar ayına qədər - 44 il bu qəzetin redaktoru olmuşdur. 1990-cı ilin dekabrında "İpəkçi"nin ənənəvi təsisçilərindən imtina etmiş və bu qəzeti "Şəki İpəkçilərinin Açıq Tribunası" elan edərək, qəzetin başlığı üstündəki V.İ.Lenin tərəfindən deyilmiş və Sovet mətbuatının atributu olan "Bütün ölkələrin proletarları birləşin!" şüarını yığışdırmışdır. Bu, həmin vaxta qədər Azərbaycanda analoqu olmayan, SSRİ-də isə yalnız nadir təsadüf edilən hadisə idi.
     Salis Məmmədov Azərbaycan Jurnalistlər İttifaqının orqanı olan "Müxbir" bülleteninin redaksiya heyətinin üzvü idi. O, 1993-cü ildə oğlu Aydın Məmmədovla birlikdə ilk müstəqil region qəzeti olan "Şəkinin səsi"ni təsis etmiş və vəfatına qədər həmin qəzetin baş redaktoru olmuşdur.
Salis Məmmədov SSRİ-nin "Şərəf Nişanı" ordeni, "Lenin yubiley" medalı, Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl Qələm" mükafatı, 21 iyul 2005-ci ildə Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif edilmişdir. 1993 və 1994-cü illərdə redaktoru olduğu "İpəkçi" qəzeti 60 illik yubileyi münasibəti ilə prezident Heydər Əliyev tərəfindən 2 təbrik məktubu almışdır.  O, 23 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür.  Salis Məmmədov 29 yanvar 2009-cu il tarixində uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.
 
 

Fəxri Xiyabanda bizdən də bir nəfər var, yaxud Salis Məmmədovun maraqlı əsli-nəcabəti haqqında məktub

Bu məktub,  Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, “İpəkçi” və “Şəkinin səsi” qəzetlərinin hal-hazırkı həmtəsisçisi və sabiq baş redaktoru mərhum Salis Məmmədova 1997-ci ildə əmisi Kazım Məmmədov tərəfindən yazılmış,  23 yanvar 1997-ci il tarixli “Şəkinin səsi” qəzetində dərc olunmuşdur.  Ötən il Kazım Məmmədov vəfat edərkən, biz onun məktubunu 23 avqustda “İpəkçi” qəzetində də dərc etdik. İndi isə ilk dəfə olaraq  məktubun mətnini HTML formatda internetə  yerləşdiririk.

   Hörmətli M.Salis! 
Keçmişindən xəbəri olmayanın gələcəyi qaranlıq olar, deyibdilər. Sənin 65 yaşının tamam olacağını biləndə qəlbimdə bir arzu baş qaldırdı. Öz nəslimizin ibrətamiz keçmişi barədə yazmağı qərara aldım. Öz nəslini, soyunu, soyadını tanımayan, qiymətləndirməyən adam öz millətinə, xalqına da yabançı olur, təəssübkeşlik duyğusunu itirir.
Bizim ulu babamız “Koxa Məhəmməd” deyə çağırırdılar. Şamaxı uzun illər Azərbaycanın tanınmış şəhərlərindən biri – ticarət, mədəniyyət mərkəzi olmuşdur. Məlum zəlzələdən qabaq ulu babamız Məhəmməd həmin şəhərdə koxalıq etmişdir. Ona görə də hələ babamın və nənəmin sağlığında bizi “Koxa Məhəmmədin nəvələri” deyə çağırırdılar.
   Zəlzələdən sonra mənim babam Hacı Abbasqulu, arvadı Xanım, üç oğlu, bir qızı ilə Şamaxıdan Ağdaşa gəlir və burada yaşamağa başlayırlar. Babam Hacı Abbasqulu iki dəfə Həcc ziyarətində olmuşdur. Bu da səbəbsiz deyil. Birinci dəfə cavan vaxtı atası Məhəmmədlə Məkkə ziyarətinə gedir. Sonradan ziyalı kimi tanınan babam öyrənir ki, Məkkə ziyarətinə hər kəs öz halal qazancı ilə getməlidir. Baba da ikinci dəfə öz qazancı, halal pulu ilə Məkkə ziyarətində olur. Nənəmin deməsinə görə, zəlzələdən qabaq Şamaxının mərkəzində babamgilin əzəmətli binaları, geniş ticarət mərkəzi olmuşdur. Ağdaşa köçdükdən sonra da babam üç oğlu ilə burada keçmiş karvansaranın ətrafında böyük ticarət mərkəzi yaradıb ticarətlə məşğul olur. Mən bu ticarət mərkəzini çox yaxşı xatırlayıram. Qapıları şəhərin mərkəzi küçəsinə açılan mağazalar, bu mağazaların zəngin, al-əlvan vitrinləri indi də gözlərimin qabağındadır. Babam ətrafındakı tacirlərin içərisində ən savadlısı, biliklisi idi.
   Yaxşı yadımdadır ki həmkarları babamın başına yığışar, ölkədə, dünyada baş verən hadisələri ondan öyrənərdilər. Babamın əlində həmişə qəzet olardı. Və o, qəzetdən oxuduqlarını maraqlananlara həvəslə danışardı. Babam oğlanlarının üçünü də rus – tatar məktəbinə qoymuşdu. Övladlarının təhsil-tərbiyəsinə xüsusi diqqət yetirirdi.
   Əziz Salis! Mənim atam – yəni sənin baban Ağamustafa ilə bağlı xatirələrim də maraqlıdır. Atamın – Sənin babanın günü-güzəranı Rusiyada, Peterburqda, Moskvada keçərdi, ticarətlə məşğul olardı. Öz mağazaları üçün oradan mal alıb göndərərdi. Kübar cəmiyyətlə, Rusiyanın tanınmış ziyalıları ilə əlaqələri var idi. Rus dilində gözəl danışırdı. Elə görünüşcə də ruslara bənzəri vardı. Babam oğluna deyərdi ki ruslarla ünsiyyət eləsən də mütləq öz millətindən olan azərbaycanlı qızı ilə ailə həyatı qurmalısan. Atam da bu tövsiyəni məmnuniyyətlə qəbul edərdi.
   Günlərin birində atam dükan qonşusu Əhməd kişi ilə birlikdə (Toğrul Musayevin rəhmətlik babası idi) Ağdaşın Qaralan-Şıxlar kəndinə gedir. Kənd adamı valeh edir. Atam səhər tezdən yuxudan durur, pəncərədən kəndin gözəl mənzərəsinə tamaşa edir. Bu zaman görür ki bir qız qonaq evinin həyətini süpürür. O vaxt kənd yerlərində qonağın evi də, həyəti də ayrı olardı. Gələn qonağa qadınlar, qızlar yox, kişilər qulluq edərdilər. Atam şəhərə qayıdandan sonra dükan qonşusundan xəbər alır:
- Əhməd kişi, mənim qonaq evimin həyətində gördüyüm qız kim idi?
Əhməd kişi mənalı-mənalı atama baxıb cavab verir:
- O qız mənim dayım qızı Cəvahir xanımdır. Amma, Ağamustafa, qızdan əlini üz, çünki o qızı sənə verməzlər.
Atam təəccüb eləyir:
- Niyə ki?
- Əvvəla, qızın atası kəndin ən varlı adamı hesab edilir. Sonrası da budur ki, sən əslən şamaxılısan, o kəndin camaatı da qıraqdan gələnə qız vermir...
   Atam inadından dönmür. Əhməd kişi Ağamustafanın xətrini çox istədiyindən, həm də onun çox namuslu, savadlı, mədəni adam olduğunu bildiyindən bu xeyir işə qol qoyur. Əhməd kişinin də o vaxt çox böyük nüfuzu, hörməti var idi. Ona görə də get-gəldən sonra qızın atasının razılığını alır. Kəndin cavanları bunu bilib atamı hədələyirlər, amma bir xeyri olmur. Və atam Cəvahir xanımla evlənir. Ağdaşla həmin kənd arasında bir çay axırdı. Adına Türyançay deyərdilər. Anam gəlin köçən zaman onun cehiz dolu arabaları bu çayın üstündən keçir. Həmin gün çaydan axan sel cehiz arabalarından birini aşırır, gəlinin yorğan döşəyini çayın aşağısına qədər aparır. Gəlinə cehiz olaraq bir inək və camış da vermişdilər. Şəhər yerində bilmədilər ki bu “yazıq” heyvanları neyləsinlər. Dördayaqlı “cehizləri” geri qaytarmalı olurlar.
   Beləliklə, 1905-ci ildə Ağamustafanın Ağdaşda bir oğlu olur. Uşağa ulu babası Məhəmmədsaninin adını qoyurlar. Bu Sənin atan, Toğrul Musayevin, İsmayıl Kazımovun dayıları, mənim və bacılarım Narıncın, Hədiyyənin və Nahidənin böyük qardaşı idi.
Əmilərim haqqında da yazmağı lazım bilirəm. Mənim iki əmim olmuşdur, Abdulla və Ağahəsən. Hər ikisi mükəmməl savada, geniş dünyagörüşünə malik idilər. Ağahəsən rus dili müəllimi idi. Abdulla isə hərbi Akademiyanı qurtardıqdan sonra respublikada görkəmli hərbi qulluqçu kimi fəaliyyət göstərir. Böyük Vətən müharibəsi zamanı diviziya komandirinin siyasi işlər üzrə müavini olmuşdur. Hərbi tribunalda müavin olmuşdur. Hazırda qəbri “Fəxri xiyaban” dadır. Nəhayət, atam haqqında onu da bildirim ki atam ölümündən əvvəl Türkənçay üzərində tikilən körpünün inşasına nəzarət edirdi. Burada ruslar çalışırdı. Atam da təcrübəli texnik kimi onlara kömək edir və işin keyfiyyətlə görülməsinə diqqət yetirirdi. Və bir müddət sonra atam dünyasını dəyişdi.
Hörmətli dostum Salis! Sizə bir cavan haqqında da söhbət açmaq istəyirəm. 21 yaşlı bu oğlanın həyatı yaşıdlarına gözəl nümunə ola bilər. Söhbət adı Sənə tanış olan Məsudə xanımın oğlu Musadan gedir. İndi həmin oğlanın 21 yaşı var. Bildiyin kimi, mən və Zərəngiz xanım Musanı üç yaşından götürüb tərbiyə edirik. Musa orta məktəbi əla qiymətlərlə, universiteti qırmızı diplomla bitirdi. Musanı aspiranturada saxlamaq istədilər, amma o razı olmadı. İngilis dilini mükəmməl bildiyindən müsabiqədə iştirak elədi, birincilik qazandı. Məlumun olsun ki, ötən il oktyabrın 29-da Musanı oxumaq üçün Amerika Universitetinə yola saldıq.Musa ingilis dilini mükəmməl bilməklə yanaşı, kompüterdən də əla baş çıxarır, fizikanı, riyaziyyatı gözəl bilir. Hələ Bakıda olarkən, ali təhsil alarkən Musa Rabitə nazirliyində işə düzəlmişdi, özü demişkən. İki professor qədər qazanırdı. Belə bir nəvə ilə öyünməyə mənim haqqım var.
   Sizə indiyə qədər barəsində çox az eşitdiyin bir əmin haqqında da danışmaq istəyirəm. İkinci əminin adı İbrahim idi. O da atanız Məmmədsani və Sizin kimi jurnalistliyi özünə peşə eləmişdi. Bir müddət Şamaxı rayon qəzetində işləmişdi. Sonra Bakıda – “Azərbaycan müəllimi” qəzetində jurnalistlik fəaliyyətini davam etdirdi. Böyük Vətən müharibəsi başlayandan sonra səsi-sorağı Uzaq Şərqdən gəldi. İbrahim burada azərbaycanlı döyüşçülər üçün nəşr edilən “Həyacan” adlıcəbhə qəzetinin redaktoru idi. Bu qəzetin bir nüsxəsi hazırda məndədir. Müharibə qurtarana yaxın – Kensberqə hücum zamanı İbrahim qəlpə yarası aldı və qospitalda dünyasını dəyişdi. Və orada qardaşlıq qəbristanlığında dəfn edildi. Çox axtarışdan sonra mən həmin qəbristanlığın baş daşında qardaşımın – Sənin əminin adını oxudum: “Rotanın siyasi işlər üzrə komandir müavini, baş leytenant Məmmədov İbrahim Mustafa oğlu”. Qısa da olsa, ata nəslimiz barədə öyrənib bildiklərimi danışdım. İllər çox tez ötür, Salis. Sənin uşaqlığın da mənim yaxşı yadımdadır. O vaxtlar mən də Şəkidə – sənin atanın – doğma qardaşımın yanında olurdum.
Rəhmətlik atan da, anan Səkinə xanım da işə gedərdilər. Qalardıq ikimiz. Çox zirək gözüaçıq uşaq idin. Hər şeylə maraqlanardın. Birlikdə şəhəri gəzir, tez-tez kinoya gedərdik. Səni kinoya biletsiz buraxırdılar. Çünki atan şəhər qəzetinin redaktoru olduğu üçün burada onun daimi yeri var idi. O vaxt məsul işçilər kinoya, teatra vəsiqə ilə gedirdilər.
   Rəhmətlik Səkinə xanım mənə ana qədər qayğı göstərmişdir. Hörmətli Salis! Üzümüzə gələn 65 yaşını indidən təbrik edirəm. “Şəkinin səsini”ni alan gün evimizdə bayram olur. Sənin qəzetin Şəki ilə Bakı arasında etibarlı ünsiyyət vasitəsidir. Qonşumuz Solmaz xanım da şəkilidir. O da “Şəkinin səsi”ni maraqla oxuyur, tanışlara dostlara çatdırır. Onu da bilirəm ki, belə çətin şəraitdə qəzet çıxartmaq.
   Həqiqəti yazmaq, haqqı müdafiə eləmək jurnalistdən böyük hünər, böyük cəsarət tələb edir. Sən belə hünər. Cəsarət sahibi kimi həmişə bizimləsən. Sənə və qəzetinə daha böyük uğurlar arzulayıram.
Hörmətlə, əmin Kazım Məmmədov,
 Bakı şəhəri.