İpəkçiliyin tənəzzül yollarına bir nəzər və bərpa yolları

1 Haz 2013 16:39 tarihinde Aydın Məmmədov tarafından yayınlandı   [ 5 Oca 2018 14:27 tarihinde Aydin Salis tarafından güncellendi ]
Məlum olduğu kimi Azərbaycanda ipəkçilik qədim dövrlərdən əhalinin əsas fəaliyyət sahəsi olmuş, sovet dövründə bu sahə daha da inkişaf etdirilmişdi. Bunun mərkəzində isə Şəki şəhəri dururdu. Sovet dövrünün sonuna yaxın Azərbaycanda ildə 600 ton barama istehsal olunurdu. 1996-cı ildə Şəki İstehsal İpək Birliyi öz fəaliyyətini dayandırdı, ancaq dayandırmaya da bilərdi. 1995-ci ildə mən və rəhmətlik Sabir Kərimov, məsələ qaldırdıq, İcra hakimiyyəti və nazirliklə birgə tədbirlər planı hazırladıq. Süni qrupdan olan sapları biz Rusiya və Belorusdan alırdıq. O vaxt Rusiya hökuməti qərar qəbul etmişdi ki, pulu ödəmədən mal buraxılmasın. Azərbaycanda isə hökumət  qərar vermişdir ki, mal respublikaya daxil olmamış pul köçürülməsin. Bunun da yolunu tapmışdıq. Lakin nə icra hakimiyyəti, nə də nazirlik bunu etmədi. Şəki ziyalıları da bizi dəstəkləmədi. Süni qrupdan olan parçalar ona görə lazım idi ki,  təbii qrupdan olan parçaların istehsalındakı ziyanı ödəyə bilək. Süni qrupdan olan parçalar həm gəlirlə başa gəlirdi, həm də onlara tələbat vardı.
      1998-ci ildə müəssisə (həmin vaxt işləmirdi)  özəlləşməyə çıxarıldı. Bəla yavaş-yavaş yaxınlaşmağa başlamışdı. Müəssisəyə yad və bacarıqsız rəhbərlər təyin edilməyə başladı.
2001-ci ildə mərhum prezident Heydər Əliyev müəssisənin işə başlaması üçün pul ayırdı. 2002-ci ildə isə özü Şəki şəhərinə təşrif buyurdu və müəssisənin fəaliyyəti ilə yerində tanış oldu. 2001-ci ildə layiqli, bu sahə üzrə mütəxəssis, qanunlara hörmət edən Sadiq İmanov müəssisəyə rəhbər təyin edilmişdi. Nəzarəti isə baş nazirin müavini Abid Şərifov həyata keçirirdi. Barama bizim idi. Kəndlərə gedib adamlarla danışırdıq. Kənd zəhmətkeşlərinin bu sahəyə inamı itmişdi. Çünki əvvəlki illərdə pullarını ala bilməmişdilər. Birinci ili 3-4 nəfər – S.İmanov, mərhum Sabir Kərimov, mən, avtonəqliyyat  şöbəsinin rəisi Namiq Hüseynov öz şəxsi avtomaşını ilə. Bizə verilən texnika – müdirin “Volqa” və “Kamaz” markalı avtomobilləri. Ezamiyyət pulu isə verilmədi. İkinci ili toxum dəyişdirildi, nəzarət gücləndi və barama istehsalı 133 tona çatdı (Qeyd edim ki, Qəbələnin icra başçısı və İcra başçısı aparatından başqa heç bir icra başçısı və bələdiyyə sədrini məhsul istehsalı maraqlandırmırdı). İstehsal  olunan  1 kq ipək 18-20 $-a başa gəlirdi. 1 kq yaş barama üçün 1 manat, sonra isə 1 manat 20 qəpik verildi. Bizim ipəyi İran 1 kq-nı 20-22 $ alırdı. Lakin Özbəkistan ipəyi 15 $-a alınırdı. Bəla burada başlandı. DƏK tərəfindən bu sahəyə yad Elman Qarayev rəhbər təyin edildi. Sonrakı ildə müəssisədə ipəkçilik idarəsi yarandı. Onlara 6 “Niva” markalı avtomaşın verildi. Barama istehsalı 62 tona düşdü. Daha dəhşətlisi isə bu idi ki, mütəxəssislərin müəssisədən üzaqlaşdırılmasına başlanılmışdı. Baramaçılıq üzrə elmlər namizədi Ələşrəf Qasımov, satış və təchizat şöbəsinin rəisi Sabiq İmanov  (əvvəlki sədr)  müəssisədən uzaqlaşdırıldı.  S.İmanovun yerinə 8 illik natamam orta təhsilli bir sürücünü təyin etdilər.
Bu dövrdə barama yetişdirilməsi işi ilə əlaqədar mütəxəssis – bacarıqlı kadr Rasim Həsənov, Oqtay Əliyev, Əsabəli Nəzərov və digərləri də işə qoşuldular.  Özbəkistandan mülyonlarla tut ağacı gətirildi, 400 ton barama alındı (bu barama keyfiyyətinə və qiymətinə görə əlverişli idi). Lakin iş bilən kadrların  müəssisədən uzaqlaşdırılması davam edirdi. İlk komsomolçu gənclər briqadasının briqadiri, bacarıqlı kadr, müəssisənin işləməsi naminə hər şeyini təmənnasız qurban verən – əvəzolunmaz mütəxəssis, mərhum Sabir Kərimov getdi. Bu ağır faciə idi. Bundan daha dəhşətlisi isə özbəklərin gəlişi oldu. Başçıları Şadiyev Nəbi – hiyləcər, iqtisadiyyatçıları erməni. 1-ci ili nisbətən işə meylli idilər. Onlara təklif olundu ki, toxumu dəyişib 1 kq yaş barama üçün kəndçiyə verilən pulu 20 qəpik artıraraq 1 m. 40 qəpiyə qaldırsınlar, eləmədilr. Özbəkistandan  fantastik qiymətə 1 kq-ı 9 $-a keyfiyyətsiz  barama  gətirərək ipəyin qiymətini 50-60 $-a çatdırdılar.  Mütəxəssislər imkan vermədikdə, onları “təmizləmək” qərarına gəldilər. Onları aradan götürmək kollektivi ayağa qaldırmaq istəyirdilər. Növbədə mən və digər 8 nəfər idik. Əvvəlcə 6 günlük iş rejiminə keçmək üçün əmr verdilər.  Guya bu rejimdə işlədikdə  ipəyin qiyməti 2 $ ucuzlaşır. Hesabat verdim əksinə qiymət bahalaşır. Yerlərə bəzi təxribatçıları salıb bu rejimlə işləməmək təbliğatı apardılar. İmkan vermədim.  İzah etdim ki, iş rejimini seçmək müdiriyyətin səlahiyyətindədir. Ancaq həftəlik iş saatı 42 saatdan çox olmamalıdır. Əmri ləğv etdilər. Belə bir neçə təxribata əl atdılar, alınmadı. Mütəxəssislər vaxtamuzd əməkhaqqı sistemindən işəmuzd  əməkhaqqı sisteminə keçmək təklifi etdilər. Razılaşdım. İnanmırdılar. Kollektiv `razılaşma tələb etdilər. İzah etdim ki o mənim işimdir – razıyıq. İşə başlandı – 1-ci ay  əmək haqqı Baramaaçan istehsalatında 53 min manat artdı. Sonrakı ay daha da çox oldu. Buna yol verməmək üçün ipəyə saxta pasport hazırlamaqla əmək haqqını azaltmaq istədilər və bunu öz adamları vasitəsi ilə (hələ mən bilmirdim) əməkçilərə çatdırdılar. İşin sonunda hiddətlənmiş işçilər məni tapmadıqda (həmin gün mən tez getmişdim) müdiriyyətə müraciət etmək istədilər, imkan verilmədi. Səhəri işçilər 30-40 dəqiqə işi saxladılar. ANS gətirildi.  Baxın, 1 gözətçi  - 400 nəfərin qarşısını saxlayırdı, 3 gözətçi 25 nəfərlik 3 postda, telemüxbiri saxlaya bilmədi?!
Əməkçiləri bir həftəlik məzuniyyətə buraxdılar. Ancaq öz hesablarına (pülu ödənilmədən), mən etiraz edirəm. İnvestorların  nümayəndəsi müəssisəyə gəlir, təklifimi qəbul edir, pulu ödənilməklə məzuniyyət verilir. Razılaşırıq ki,  heç kim işdən çıxarılmayacaq. Ancaq o, müəssisəni tərk edən kimi R.Ramazanov, R.Məmmədova, Ə.Nəzərov, R.Həsənov kimi mütəxəssislər işdən çıxarılırlar. İnsan hüquqları müdafiəçisi Elmira Süleymanova müəssisəyə gəlir. Özbəklərlə görüşür. Gözləyirəm, gözləyirəm ki, bəlkə 2-ci tərəf kimi məni də dəvət edib fikrimi öyrənərlər. Amma nə fayda. Ya Elmira xanımın həmkarlar təşkilatı haqda məlumatı yoxdur, ya da həmkarlar təşkilatı o qədər zəifdir ki, onu sayan yoxdur. Elmira xanım hətta əməkçilərin öz hesablarına məzuniyyətə buraxılması haqda olan əmrə də (o, sexdə olarkən divarda köhnə əmr asılmışdı və onun qarşısında dayanmışdı) əhəmiyyət vermədi.
Bir neçə aydan sonra əməkçilərin mənimlə razılaşmadan işi dayandırdıqlarını və bəzi deyilənlərin yerinə yetirilməyəcəyini əsas götürərək istefa verdim.
2007-ci ildə 1 kq yaş barama üçün kəndçiyə verilən pulu birdən birə 1 manat 20 qəpikdən 3 manata qaldırdılar, toxum isə az məhsuldarlıqlı idi. Diqqət yetirin, 2002-ci ildə bir qutu toxumdan 50 kq barama alındığı halda, 2007-ci ildə bu 12-15 kq təşkil etdi. Diqqət yetirək 2002-ci ildə kəndçi 2 qutu toxum götürüb – alıb 100 kq barama. 100 kq X 1 m. 20 q. = 120 manat. 2007-ci ildə 30 kq X 3 m. = 90 manat. Eyni zəhmət, kəndçi də itirdi, müəssisə də. Bəs kim qazandı? Özbək və erməni! Qiymətin birdən-birə 3 dəfə qaldırılmasının səbəbi isə Özbəkistandan alınan baramanın qiymətinin o vaxt üçün fantastik həddə – 9$-a çatdırmaq idi! Bizim barama ilə müqayisədə onların fikrincə 9 dollar ucuz idi. İlk baxışda belədir. Bizim baramanın 1 kq-nın qiyməti (1 kq quru barama 2,7 kq yaş baramadır)  – yəni 3 manat X 2,7 kq (1 kq quru barama) = 8,1 manat . Dollara çevirdikdə 8,1 m. X 0,8 = 10,1 + 0,4 (istehsal – daşınma xərcləri ) = 10, 5 $
Amma 1 kq ipəyə sərf edilən barama Azərbaycan baraması üçün 2,5 -2,6 kq, Özbəkistan baraması üçün isə 4,5 – 5 kq idi. 1 kq ipəyin maya dəyərində oturan baramanın qiyməti Azərbaycan baraması üçün 2,6X10,5 = 27, 3 $, Özbəkistan baraması üçün isə 4X9=36$ idi. Bax, fərq də bundadır!
Bəziləri iddia edirlər ki, yerlərdə yem bazası yoxdur. Bu yalandır! Mən bu işlə əlaqədar şəxsən getdiyim rayonların (Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir, Ucar , Zərdab, Ağcabədi, Ağdaş, Göyçay, Yevlax, Qax, Zaqatala, Balakən, Şəki) kəndlərinin hər birində 15-20 nəfərin baramaya baxması üçün yarpaq var. Bu da ən azı 300-350 ton barama deməkdir. Bundan sonra Özbəkistandan milyonlarla ağac gətirilib. Bəs hanı?! Özümüzdə daha məhsuldar və ucuz ağaclar ola-ola Özbəkistandan cılız ağaclar gətirməyə ehtiyac vardımı?!
Fikrimi yekunlaşdırıram: Azərbaycanda baramaçılığı bərpa etmək üçün “Şəki-İpək” ASC -də və yerlərdə kadrları – mütəxəssis kadrlarla əvəz etmək lazımdır (birinci  Şəki rayonunun Böyük Dəhnə kəndində Qüdrət kişini yerinə qaytarmaq lazımdır). Yerlərdə icra hakimiyyətlərinə, bələdiyyələrə “büdcə” planı qoymaq faydalı olar (əksəriyyət icra və bələdiyyə nümayəndələrini bu iş maraqlandırmır) Bələdiyyə  istehsalçı və istehlakçıdan hər kiloqram barama üçün 20 qəpik alsa – 10 ton barama üçün büdcəsinə 4 min manat gəlir gətirmiş olar, heç olmasa, bunun üçün kəndçiyə kömək etməlidirlər, xırda məsələlər var ki, həll etməlidir. Toxumçuluq idarəsini kənd təsərrüfatı Nazirliyinin tərkibinə vermək lazımdır. Məhsuldar toxum hazırlanana qədər toxum xaricdən alınmalıdır. Bu sahəyə subsidiya da verilə bilər.
Tahir Məmmədov,
“Şəki-İpək” ASC Həmkar İttifaqı komitəsinin sabiq sədri,
“Şəki-İpək” ASC-nin səhmdarlarından biri