Son əlavələr‎ > ‎

Şəkinin səsi, №1, 15 iyun 1993-cü il

31 May 2013 15:36 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
 

Milli Qurtuluş günündə – 15 iyun 1993-cü il tarixdə, nəşrə başlayan və ulu öndər Heydər Əliyev hələ Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməmiş, onu Azərbaycan xalqının “böyük rəhbəri” kimi təqdim edən ilk mətbu nəşrin – “Şəkinin səsi” qəzetinin, 20 yaşı tamam olur

 

Hörmətli oxucularımız.

Məlumunuz olduğu kimi bu il “İpəkçi” qəzetinin 80, “Şəkinin səsi” qəzetinin isə 20 yaşı tamam olur.

Bildiyiniz kimi,  "İpəkçi" qəzetinin 12 dekabr 1990-cı il tarixli, 33-34 (1967-1968) saylı nəşrində, V.İ.Lenin tərəfindən deyilmiş və Sovet mətbuatının atributu olan “Bütün ölkələrin proletarları birləşin!” şüarı mərhum redaktor Salis Məmədov tərəfindən qəzetin başlığı üzərindən yığışdırılmiş, daha əvvəl “Azərbaycan Kommunist partiyası V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı, Komsomol Komitələrinin və baş direktorluğun orqanı” olan bu qəzet, bu dəfə “Şəki ipəkçilərinin açıq tribunası” elan edilmişdi. Bu, həmin vaxta qədər, Azərbaycan Sovet mətbuatında analoqu olmayan, keçmiş SSRİ-də isə tək-tük hallarda təsadüf edilən bir hadisə idi. Beləliklə, “İpəkçi” qəzeti hələ SSRİ dövründə Azərbaycanda Kommunist partiyasına və hökumətinə tabe olmayan ilk leqal  qəzet oldu!

Lakin “İpəkçi” qəzetinin redaktoru hələ Şəki İstehsal İpək Birliyindən maaş alırdı və üstəlik, qəzetin çap xərci də bu müəssisə tərəfindən ödənilirdi. 1992-ci ildə, AXC-Müsavat hakimiyyəti dövründə, Şəkidəki və Bakıdakı “bəy”lər,   “İpəkçi” qəzeti ilə yola getmədilər. Hətta o vaxtkı Mətbuat və İnformasiya naziri Sabir Rüstəmxanlı 2 dəfə televiziyada çıxış edərək “İpəkçi” qəzetinin ünvanına kəskin fikirlər söyləmiş, onu “Şəkidə oturub, Bakıdakı rəhbərlərin işlərinə qarışmaqda” günahlandırmışdır.  Bundan başqa  “İpəkçi” qəzetinin qapadılması, yaxud redaktorunun – Azərbaycan Respublikasının ilk Əməkdar jurnalistlərindən biri olan Salis Məmmədovun, “təqaüd”ə göndərilməsi barədə də Şəki İstehsal İpək Birliyinin rəhbərinə göstəriş verilmişdi. Nə etməli? Bu zaman ağlımıza gəldi ki, özümüz yeni bir qəzet təsis etməliyik. Amma necə? Nazir Sabir Rüstəmxanlı imkan verərdimi ki biz yeni bir qəzet təsis eləyək? Üstəlik, təsis üçün dövlət rüsumu da bizim maddi imkanımız ilə müqayisədə çox böyük məbləğdə idi.

Şəkinin səsinin Mətbuat və İnformasiya Nazirliyində qeydiyyatdan keçməsi üçün, mərhum Salis Məmmədov o vaxtkı Respublika Prokuroru İxtiyar Şirinova müraciət etdi.  Baş prokurorun işə qarışması nəticəsində yeni qəzetin qeydə alınması yolunda əsas maneə aradan qalxmış oldu.  “Şəkinin səsi” üçün dövlət rüsumunu isə Ali Sovetin deputatı, dostumuz Kazım Məmmədov ödədi...

1993-cü ilin iyun ayının 15-də, Azərbaycanda ictimai-siyasi vəziyyət xeyli kəskin idi. Axşam Milli Məclisdə, Ali Sovetin həm də Prezident səlahiyyətlərini icra edəcək sədri seçilməli idi. Belə bir gündə, günorta vaxtı “Şəkinin səsi” qəzetinin 1-ci sayı Şəki mətbəəsində nəşr olunurdu. Bu sayda Azərbaycan mətbuatında ilk olaraq Heydər Əliyev Azərbaycan xalqının “böyük rəhbəri” kimi təqdim edilir və onun Azərbaycanda hakimiyyətə qayıdışı  belə qiymətləndirilirdi: 

Heydər Əliyevin Vətənin bu dar günündə xalqın harayını eşidib Bakıya gəlməsi, qardaş qırğınının qarşısını almaq üçün göstərdiyi təşəbbüslər təkcə paytaxtda deyil, şübhəsiz ki, respublikamızın digər bölgələrində də ona güclü rəğbət hissi doğurmuşdur. 

Bu gün  Heydər Əliyev müstəqil respublikamızın ən istəkli övladıdır – xalq yenidən öz böyük rəhbərinə sonsuz məhəbbətini bildirir. İndi bütün Azərbaycanda – qaynar nöqtələrdə, sərhəd bölgələrində dincliyin və əmin-amanlığın hökm sürəcəyi, torpaqlarımızın düşmən tapdağından azad olunacağı gün uzaqda deyil... Əliyev müdrik adamdır. Ağır təqiblərə məruz qalmış, lakin heç vaxt onu bir insan, şəxsiyyət kimi sındırmaq mümkün olmamışdır.

   Sadə və müdrik Azərbaycan xalqı Əliyevin gücünə, onun bir insan, rəhbər kimi gözəl keyfiyyətlərinə yaxşı bələddir. Möhkəm əminik ki, Heydər Əliyev bütün gücünü, bacarığını respublikamızın siyasi-iqtisadi həyatındakı böhranın aradan qaldırılmasına, sağlam qüvvələrin bir cəbhədə birləşməsinə, vətəndaş sülhünün yaradılmasına, müharibəyə son qoyulmasına, adamların həyat şəraitinin yüksəldilməsinə yönəldəcəkdir...

 
 

 
 
 

Şəkinin səsi

 

Müstəqil ictimai-siyasi qəzet

Qəzetin təsisçiləri Salis və Aydın Məmmədovlardır

№1

15 iyun 1993-cü il

Qiyməti 3 manat


 

BAŞ REDAKTORDAN:

Sizi deyib gəlmişik...

 

MİLLƏT VƏKİLİNİN ÜRƏK SÖZLƏRİ

Həqiqət yolunu azmayın

Rəhim QAZIYEV

Milli Məclisin üzvü.

 

“ŞƏKİNİN SƏSİ” QƏZETİNİN BAŞREDAKTORU, TƏSİSÇİSİ VƏ NAŞİRİ S.MƏMMƏDOVA

 

Hüseyn MUSTAFABƏYLİ,

Şəki Şəhər İcra hakimiyyətininbaşçısı.

Çingiz MƏMMƏDOV,

Şəki şəhər prokuroru.

Əmiralı DƏMİROV,

Şəki Şəhər Polis İdarəsininrəisi.

Əlövsət PAŞAYEV,

Şəki Şəhər Xalq Məhkəməsininsədri.

 

ŞAD XƏBƏR:

Heydər ƏLİYEV yenə xalqlabirlikdədir

 

TƏBRİKLƏR

Bu qəzetin gələcəyinə inanıram

Sadıq MURTUZAYEV,

Bakı şəhəri.

“Aqil ABBAS, gözün aydın!”

Zaman QARAYEV,

yazıçı–jurnalist.

“BƏNZƏRƏM BİR QOCAMAN DAĞAKİ...”

Kazım Məmmədov,

Şəki Şəhər Əhaliyə MəişətXidməti İstehsalat İdarəsinin rəisi, şəhər Sovetinin sədri, millət vəkili.

HAMILIQLA MÜDAFİƏ ETMƏLİYİK

Tahir Məmmədov,

Şəki “İpək” Şirkəti həmkarlarİttifaqı Komitəsinin sədri.

 

YAŞAYIŞ EVİ TİKİLİR

 

EL AĞSAQQALLARIMIZ:

Sadıq Nəbi oğlu MURTUZAYEV

 

“QARABAĞ” RESTORANINDA KÖRPƏGÜLÜŞLƏRİ

 

ÇAYXANA LƏTİFƏLƏRİ

MƏHKƏMƏDƏ

SƏBƏB?! “Əhməd məsələsi”dir...

SÖZÜN DÜZÜ BAŞA BƏLADIR

“HƏSAĞA”NIN QOHUMU

 

Yarızarafat, yarıgerçək

CİB XƏRCLİYİ

İSTİQLAL ŞİRNİSİ

CƏBHƏÇİ DEYİL

ŞƏKİDƏ MƏDƏNİYYƏT ZURNASI

“MÜVƏQQƏTİ ÇƏTİNLİK”

MEYXANADA RÜŞVƏT

DAŞINI DEYƏ BİLMRƏM

DOLANA BİLMİRƏM

BAQQAL DÜKANI

 

RASİM BƏYİN KOMANDASI“TƏCRÜBƏ” APARIR

 

ŞƏKİLİSAYAĞI

HƏBLƏ DİMAX LAZIMDIR

Sabir ƏFƏNDİYEV.

 

ƏZİZ KƏLBƏCƏRLİLƏR, ŞƏKİCAMAATI SİZİNLƏDİR!

Oqtay Bağırov,

Şəki Şəhər prokurorununköməkçisi.

“ÜMİD”in RUZİ PAYI

Bəşarət HACIZADƏ,

müəssisənin işçisi.

 

Sağ ol Zöhrab bəy!

Fərrux Cəfərov,

müəllim.

 

Hacı dayının “teletayp”otağından:

AMERİKA PREZİDENTİ MƏKTUB“UÇURUR”

YELTSİNİN “SAQQIZINI” KİMOĞURLAYIB?!

QORBAÇOV ACINDAN “ÖLÜR”

TANRIDAN BİR DİLƏYİM VAR

 

“ZİNDAN”ın TƏŞƏBBÜSÜ

T.Azəroğlu.

 

TACİR GÜLAĞA

M.MÜZƏFFƏR

 

İDARƏ, MÜƏSSİSƏ RƏHBƏRLƏRİNİNVƏ OXUCULARIMIZIN NƏZƏRİNƏ!

 

Redaksiyaheyəti:

 

 


BAŞ REDAKTORDAN:

Sizi deyib gəlmişik...

 

Əziz və möhtərəm oxucular, qədirbilən Şəki camaatı!

Gördüyünüz kimi, çox şeydən qıtlıq çəksək də, qəzet sarıdan bolluqdur. Əsl hünər də elə bu çoxluğun içərisində seçilmək, sözün qədir-qiymətini yüksəltmək, respublikamızda müharibə getdiyi bir vaxtda qələmi qılınca çevirməklə haqqın, ədalətin keşiyində dayanmaq, oxucuya əsl həqiqəti çatdırmaqdır.

Əziz dost, özümüzü öymürük, sənə ucuz sensasiya, haylı-küylü, bayağı materiallar, qərəzli yazılar vəd etmirik. Vəd etdiyimiz ancaq budur ki, qəzetin baş redaktoru da, əməkdaşları da, redaksiya heyətinin üzvləri də ancaq və ancaq həqiqəti yazacaqlar. Sənin çox vaxt həsrətində olduğun, oxuyub öyrənmək istədiyin həqiqəti! Qəzetimiz “Şəkinin səsi” adlanır. Başqa ad da seçə bilərdik. İstədik ki, göz açdığımız bu qədim və gözəl yudun adını ad seçib, sizin – əziz və mehriban, qədirbilən, zəhmətkeş,  sözə qiymət verməyi bacaran şəkililərin görüşünə gələk.

“Şəkinin səsi” ancaq sizə ehtiyac olanda – əyri düzü sındıranda, haqq nazilib üzüləndə, qədirbilən, qeyrətli oğullarımızın yeri səhv düşüb müsibət baş verəndə, azad fikirlər, azad düşüncələr buxovlananda, nadanlar, yaltaqlar layiq olmadıqları vəzifə kürsülərində əyləşəndə öz kəskin, ədalətli sözünü deyəcək, kimin kim olduğunu göstərəcəkdir. İgid əsgərlərimiz düşmənin bağrını yarıb qələbə marşı çalanda bu xoş xəbərin ilk qaranquşlarından biri də bizim qəzet olacaqdır. Bu qəzetin səhifələrində həm də cəbhədə hünər göstərən həmyerlilərimizin igidliyindən yazacaq, şəhidlərimizi yad edəcəyik.

Azərbaycan Respublikası Mətbuat və İnformasiya naziri, istedadlı şair, alovlu publisist, qeyrətli Vətən oğlu, tanınmış millət vəkili Sabir Rüstəmxanlı “Şəkinin səsi” qəzetinə “doğum” şəhadətnaməsi verməklə  bu qədim yurda, onun vətənpərvər oğullarına, ziyalılarına, bütün Şəki əhlinə öz böyük məhəbbətini bir daha təsdiqlədi. Lirik, kövrək şeirləri ilə şəkililərin rəğbətini qazanan Nəriman Həsənzadə də  oxucularımıza ən xoş arzularını çatdırdı.

“Şəkinin səsi” üçün mövzu baxımdan sərhəd yoxdur. Siz qəzetimizin səhifələrində Trud-Sarıca düzünün bərəkətini artıran taxılçılarımızın, üzümçülərimizin, heyvandarlarımızın, habelə tütünçü, kümdar, meşə işçisindən tutmuş adi suçuya, gözətçiyə qədər hamının, hər kəsin qayğıları, gündəlik problemləri ilə tanış olacaqsınız. Şəkinin ictimai-siyasi qəzeti kimi nəşrə başlayan bu açıq tribunadan hər kəsə öz sözünü deməyə, obyektiv mövqedən tənqid etməyə, şəhər və kəndlərimizdə baş verən hadisələrə öz prinsipial münasibətini bildirməyə imkan veriləcəkdir.

Çalışacağıq ki, sözümüz qısa və kəsərli olsun. Siz bu qəzetin səhifələrindən qədim və gözəl şəhərimiz, onun sənaye, tikinti, təhsil, xidmət müəssisələri, ticarət, kommersiya, iaşə obyektləri, sahibkarlığa, biznesə, icarəyə,  kooperasiyaya can atan iş adamlarımız, gənc milyarderlərimiz barədə müntəzəm, ətraflı məlumat alacaqsınız.  Şəki Universitetinin, teatrımızın, mədəniyyət ocaqlarımızın fəaliyyəti də diqqətimizdən yayınmayacaqdır. Sizə xoruz səsi eşitməyən – operativ, təzə-tər xəbərlər, şəhər həyatının ən müxtəlif sahələrindən maraqlı məlumatlar verəcəyik.

“Şəkinin səsi” nöqsanlara, əliəyriliyə, rüşvətxorluğa, qanunçuluğun pozulması, təmiz, namuslu adamların ləyaqətinin tapdanması – zorakılıqla işdən çıxarılması hallarına qarşı qətiyyətlə çıxış edəcək, bu sahədə hüquq-mühafizə orqanlarının mövqeyini oxuculara bildirəcəkdir.

Şübhəsiz, nailiyyətlərimiz, uğurlarımız, istedadlı, dünya şöhrətli sənətkarlarımız barədə də ürək dolusu ilə yazacağıq.

Əziz həmvətənlər!

“Şəkinin səsi” öz səsini sizin səsinizə qatır, sizə arxalanır. Söz yox ki, xoşunuza gəlməyən, ürəyinizcə olmayan yazılarımıza da rast gələcəksiniz. Belə məqamlarda ürəkli olun, əlinizə qələm götürüb təklif və iradlarınızı, arzu və istəklərinizi, giley-güzarınızı ərklə bizə yazın. Sizin ağıllı məsləhətlərinizə bizim həmişə ehtiyacımız olacaqdır. Qəzetimizin maraqlı çıxması üçün ən etibarlı bələdçi oxucu məktubu, oxucu gözü, oxucu sözüdür.

Qəzetlərin bazar iqtisadiyyatı şəraitində düşdüyü çətin vəziyyət sizə də yaxşı məlumdur. Göstərdiyimiz xidmətin müqabilində isə sizdən umacağımız az olmayacaqdır. Artıq cari ilin ikinci yarısı üçün “Şəkinin səsi” qəzetinə abunə yazılışına başlanılmışdır. Qəzetimi ilin axırına qədər həftədə bir dəfə oxumaq üçün ailə büdcənizdən cüzi məbləğ – 50 rubl ayırmağınız kifayətdir. “Şəkinin səsi”ni şəhərimizin qəzet köşklərindən də müntəzəm alacaqsınız. Qəzetimizin bankda xüsusi hesabı olacaqdır. Bütün idarə, müəssisə və təşkilatlar, təsərrüfat, ticarət və kooperativ müəssisələr güzəştli qiymətlərlə öz elanlarını “Şəkinin səsi” qəzetində dərc etdirə biləcəklər.

“Şəkinin səsi” hamının səsidir. Onun uzun ömürlü olması, yaşaması, sizə yaxın dost, sirdaş olması isə, əziz oxucular, sizin hər birinizin qəzetimizə münasibətindən asılıdır. İnanırıq ki, Şəkinin imkanlı təsərrüfatları, idarə, müəssisə və təşkilatları, eləcə də pulunu, varını xeyriyyəçilik işlərinə sərf edən, bunu vətəndaşlıq borcu sayan ayrı-ayrı adamlar, komersantlar, kiçik müəssisə sahibləri, azad sahibkarlar öz köməklərini qəzetimizdən əsirgəməyəcəklər.

Qəzetimizin yaradıcı kollektivi bizimlə əməkdaşlıq etmək, xoş ünsiyyət yaratmaq istəyənlərin hamısına qabaqcadan öz “sağ olun”u çatdırır.

 

 


 

MİLLƏT VƏKİLİNİN ÜRƏK SÖZLƏRİ

Həqiqət yolunu azmayın

Mən Salisin bir jurnalist kimi cəsarətinə, 30 il redaktoru olduğu “İpəkçi” qəzetinin təsir gücünə yaxından bələdəm. Deputat seçilərkən, nazir olarkən barəmdə gedən məqalələri bu qəzetdə məmnuniyyətlə oxumuşam. Ona görə də istedadlı, qorxmaz eloğlumun “Şəkinin səsi” adlı qəzet buraxmaq istədiyini eşidəndə çox sevindim. İnanıram ki, “Şəkinin səsi” də “İpəkçi” kimi təkcə bir şəhərdə yox, bütün respublikada əl-əl gəzəcək, öz təsisçisinin və baş redaktorun hörmətini artıracaq, Şəki və şəkililər barədə bizə əsl həqiqəti çatdıracaqdır.

Əziz dost! Başçılıq elədiyin yaradıcı kollektivdən bircə təmənnam var. Çalışın ki, bu qarışıq zəmanədə həqiqət yolunu azmayın. Millətimiz ən çətin sınaq məqamlarını yaşayır. Qoy, “Şəkinin səsi” bu ağır günlərimizdə yaralarımıza haqq sözündən məlhəm qoysun, kişiliyi, dözümü, mərdliyi ilə seçilən bu yurda, onun vətənpərvər oğullarına əsl şərəf və baş ucalığı gətirsin.

Rəhim QAZIYEV

Milli Məclisin üzvü.

 


 

“ŞƏKİNİN SƏSİ” QƏZETİNİN BAŞ REDAKTORU, TƏSİSÇİSİ VƏ NAŞİRİ S.MƏMMƏDOVA

 

Şəhərimizdə yeni mətbu orqanı – “Şəkinin səsi” qəzetinin nəşrə başlaması münasibəti ilə icra aparatı adından və şəxsən öz adımdan Sizi və yaradıcı kollektivinizi təbrik edirəm.

Şübhə etmirəm ki, qəzetiniz şəhər və kəndlərimizin həlli vacib problemlərindən, inkişafımıza əngəl olan nöqsanlardan yazacaq, şəkililəri arxa cəbhədə ilhamla çalışmağa səfərbər edəcəkdir.

Hüseyn MUSTAFABƏYLİ,

Şəki Şəhər İcra hakimiyyətinin başçısı.

 

 

Şəkinin hüquq-mühafizə oqanlarının rəhbərləri, bütün əməkdaşları “Şəkinin səsi” qəzetinin ilk nömrəsinin çap edilməsini regionun siyasi-ictimai və mühitində yaddaqalan hadisə kimi qiymətləndirirlər.

Əminik ki, yeni qəzet, ətrafında baş verən hadisələrə dərindən nüfuz edəcək, ön sıralarda gedəcək, ali məqsədini bütün Şəki camaatına xidmətdə görəcəkdir.

Qəzetin prinsipial və cəsarətli mövqedən çıxış edərək qanunçuluğun möhkəmləndirilməsi işində Şəkinin hüquq-mühafizə orqanlarına yardımçı olacağına şübhə eləmirik.

Çingiz MƏMMƏDOV,

Şəki şəhər prokuroru.

Əmiralı DƏMİROV,

Şəki Şəhər Polis İdarəsinin rəisi.

Əlövsət PAŞAYEV,

Şəki Şəhər Xalq Məhkəməsinin sədri.

 


ŞAD XƏBƏR:

Heydər ƏLİYEV yenə xalqla birlikdədir

 

İyulun 13-də Milli Məclisin fövqəladə iclası olmuşdur. Milli Məclisin üzvləri parlamentin spikeri İsa Qəmbərin istefasını qəbul etmişlər.

İclasa sədrlik edən Tamerlan Qarayev Heydər Əliyevə söz vermişdir.

Heydər Əliyev demişdir:

                    Mən xalqımın  səsini eşidib, onun mənə olan  istəyini duyaraq, vicdanımın tələbi, prezident Əbülfəz bəyin xahişi ilə gəlmişəm. Biz birlikdə mürəkkəb vəziyyətdən çıxış yolları axtarmalı, milli barışığa, milli həmrəyliyə doğru getməliyik. Baş vermiş faciənin dərinləşməsinə yol vermək olmaz. Danışıqlar, qarşılıqlı anlaşma yolu ilə məsələləri müsbət həllinə səy göstərməli, güc yox, ağıl, zəka müdriklik öz işini görməlidir. Mən fəaliyyətimin səmərəli olması üçün Gəncəyə getmək qərarına gəlmişəm.

 

Parlament üzvləri Gəncədəki vəziyyəti öyrənmək, qarşı duran tərəflərlə danışıqlar aparmaq barədə Heydər Əliyevin təklifinə razılıq vermişlər. Elə həmi gün H.Əliyev jurnalistlərin müşayiəti ilə Gəncə şəhərinə yola düşmüşdür.

 


TƏBRİKLƏR

Bu qəzetin gələcəyinə inanıram

 

Həyatımın ən qaynar illəri Şəki ilə bağlı olub. Şəkinin torpağı nə qədər barlı-bərəkətlidirsə, adamları da bir o qədər geniş ürəkli, dost qədri biləndir. Mənimlə uzun illər ümumi işin xeyrinə sıx ünsiyyət eləyən ziyalılardan, ötkəm jurnalistlərdən biri də bu gün “Şəkinin səsi” qəzetinin təsisçisi – baş redaktoru kimi yenidən söz-sənət meydanına atılan, qələmi qılıncdan da kəsərli olan Salisdir. Bu gün də onunla dostluğumuz davam edir: mənzilimdə, iş stolumun üstündə “İpəkçi”ni görəndə çox qəzetləri kənara qoyub, Bakıda da “Salisin qəzeti” kimi məşhurlaşan qəzeti oxuyuram.

Salis Məmmədovun “Şəkinin səsi” adlı qəzet buraxacağını eşitdikdə bir daha yəqin etdim ki, bu qələm-sənət fədaisinin iş meydanında yormaq, söz köhlənindən endirmək mümkün deyil.

Mən bu qəzetin gələcəyinə inanıram. Çünki bu qəzetin beşiyi başında həyatın ən çətin sınaqlarında həqiqətə, doğru sözə arxalanan, yaşamağın mənasını həmvətənlərinə xidmətdə görən zəhmətkeş bir jurnalist dayanır. Mən “Şəkinin səsi”nin yaşaması üçün ona sponsorluq etməyə və imkanım daxilində qəzetə hər cür kömək göstərməyə hazıram.

Sadıq MURTUZAYEV,

Bakı şəhəri.

 

“Aqil ABBAS, gözün aydın!”

 

Jurnalistlər güclü rəqibi xoşlamasalar da, “Ədalət” və “Boz qurd” qəzetlərinin baş redaktoru Aqil Abbas  rəqibindən qorxan kişilərdən deyil. Özü demişkən, İsgəndər məktəbini keçib. Salis bəy Bakıda Aqil Abbasla görüşərkən niyyətini tam açıqlasaydı Aqil bəy mərdi-mərdanə deyərdi: “Şəkililər Teymurun, Nadir şahın canına vəlvələ salıb, dünyaya meydan oxuyan fatehlərin gözünün odunu ala bilibsə, bir şəkili balasının iki qəzetin baş redaktoru olması əsla təəccüblü deyil. Əksinə, mən bu təcrübənin digər bölgələrdə də yayılmasını arzulayardım. Təki qəzetçinin həyat eşqi tükənməsin, sözün düzünü yazmaqdan, deməkdən çəkindəsin”.

Köhnə həmkar, həmyerli kimi baş redaktora demək istəyirəm ki, möhkəm dayan. Bəlkə də İsgəndər bəyə oxşar səxavətli dost, sözünün üstündə duran sponsor tapmaq çətindir. Amma “İpəkçi”nin Bakıda olan oxucuları arasında düz sözə səcdə qılan, qəzetçi əməyini qiymətləndirən mərd oğullar da az deyil. Elə götürək el ağsaqqalımız Nadir Quliyevi və onun kimi digər xeyirxahlarımızı. İnanıram ki, onlar “Şəkinin səsi” qəzetini yaşatmaq üçün əllərindən gələni əsirgəməyəcəklər.

Aqil Abbas Amerikanı görüb onu cənnət adlandırsa da, istəkli dostum Salis üçün cənnət elə Şəkinin özüdür. Və heç kəs şübhə eləmir ki, baş redaktor Amerikanı görə bilməsə də, “Şəkinin səsi” qəzetinin sorağı Amerikadan gələcək. Axı, vaxtı ilə Amerika jurnalistləri də “İpəkçi”nin hünərindən çox yazmışdılar.

Təkcə qalır, Aqil Abbas ahəngində yazmaq. Amma yox! Mənim qələminə, istedadına hörmət etdiyim Salis Məmmədov yeni qəzetində də 30 il “İpəkçi”də yazdığı kimi – Salissayağı – düzü-düz, əyrini-əyri – öz ahəngində yazsa daha yaxşıdır. Başqa cür mümkün də deyildir.

Qəzetinizin qədəmləri sayalı, sözü kəsərli olsun!

Zaman QARAYEV,

yazıçı–jurnalist.

 
 ***

“BƏNZƏRƏM BİR QOCAMAN DAĞA Kİ...”

 

Nəhayət, arzusunda olduğumuz, illərdən bəri həsrətini çəkdiyimiz, intizarla yolunu gözlədiyimiz bir qəzetin – “Şəkinin səsi” qəzetinin dünyaya göz açdığı günü gördük. Adın mübarək, nəfəsin uzun olsun – təzə qəzet! İndi qələm götürüb ürəkdən gələn, ruhumuzdan qopan gur səsimizi “Şəkinin səsi”nə qata bilərik. Biz ziyalıları ancaq sözün düzü, həqiqətin bir olan üzü maraqlandırır. Şübhəsisz, “Şəkinin səsi” Sabirsayağı haqq sözü deyərkən utanmayacaqdır.

Yəqin ki, “Şəkinin səsi”ni alqışlayanlar çox olacaq. Amma, bu qəzetin bostanına qara daş atanlar, onu nüfuzdan salmağa çalışan bədxahlar, gücsüz, nadan rəqiblər də tapılacaq. Baş redaktorun 45 illik qələm təcrübəsi, açıq döyüşlərdə bərkiyən qələmi deməyə əsas verir ki, “Şəkinin səsi” ən ağır anlarda “vuruşa” hazır vəziyyətdə dayanacaq, işıqdan, həqiqətdən qorxan yarasaların başına söz mərmisi yağdıracaq, “Bənzərəm bir qocaman dağa ki...” məramı ilə özünün qədirbilən oxucularının şərəf və nüfuzunu qoruya biləcəkdir.

Kazım Məmmədov,

Şəki Şəhər Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin rəisi, şəhər Sovetinin sədri, millət vəkili.

 
 *** 

HAMILIQLA MÜDAFİƏ ETMƏLİYİK

 

Şəhərimizdə təzə bir qəzetin işıq üzü görməsi “İpək” şirkətinin çoxminli kollektivini də sevindirir. Arzumuz budur ki, “Şəkinin səsi”  “İpəkçi” qəzetinin illərdən bəri davam edən mübariz ənənələrini qətiyyətlə davam etdirsin, qısa müddətdə öz oxucularının rəğbətini qazansın. Mən də əlimə qələm götürüb “Şəkinin səsi” qəzetində müntəzəm çıxış edəcək, şirkətimizin, şəhər və kəndlərimizin problemlərindən, həllini gözləyən nəcib məsələlərdən yazacağam.

Bilirəm ki, yeni qəzet mövzu sarıdan qıtlıq çəkməyəcək: bərəkətli zəmilərimizdə, üzüm və meyvə bağlarımızda, fermalarda iş görən, zəhmət çəkən adamların arzu və istəklərindən, ön cəbhədə vuruşan həmyerli əsgərlərimizin şücaətindən ilhamla söz açacaqdır.

Əminəm ki, şəhərin sənaye, tikinti, xidmət sahələrində çalışan çoxminli fəhlə ordusu da “Şəkinin səsi”ni ümid, inam gözü ilə oxuyacaq, bu qəzet vasitəsilə günün yeniliklərindən, baş verən hadisələrdən, uğur və nailiyyətlərimizdən, işdəki nöqsan və çatışmamazlıqlardan vaxtlı-vaxtında xəbər tutacaq, yeri gələndə isə qəzetin fəal və işgüzar mövqeyini hamılıqla müdafiə edəcəkdir.

Tahir Məmmədov,

Şəki “İpək” Şirkəti həmkarlar İttifaqı Komitəsinin sədri.

 
***

YAŞAYIŞ EVİ TİKİLİR

 

73 nömrəli təsərrüfatlararası səyyar mexanikləşdirilmiş dəstənin kollektivi  tərəfindən “Dördyol” ərazisində 16 mənzilli yaşayış evi tikilir. Smeta dəyəri 36 milyon rubl olan həmin obyekti bu ilin sonuna qədər istifadəyə vermək nəzərdə tutulur.

 


EL AĞSAQQALLARIMIZ:

 

Sadıq Nəbi oğlu MURTUZAYEV

 

Sadıq Murtuzayevi respublikamızda yaxşı tanıyırlar. O, rəhbər kadr kimi bütün vəzifələrdə özünü böyük təşkilatçılıq bacarığı, əsl təsərrüfatçı səriştəsi olan yenilikçi, təşəbbüskar, zəhmətkeş torpağın, adamların dilini gözəl bilən insan kimi göstərmişdir.

S.Murtuzayev 10 ildən artıq Şəki partiya təşkilatına rəhbərlik etmişdir. O vaxt geridə qalan bu rayon Sadıq Murtuzayevin zəngin təcrübəsi, biliyi, adamları ən çətin sahələrdə səfərbər etmək bacarığı sayəsində respublikada sözün həqiqi mənasında qabaqcıl təcrübə məktəbinə çevirmişdir. Həmin illərdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev Murtuzayevin bir kadr kimi iş keyfiyyətlərini yüksək qiymətləndirmiş, ona inanmışdır. S.Murtuzayev həmişə bu etimadı layiqincə, əməli işi ilə doğrultmuşdur.

S.Murtuzayev Şəki və şəkililər barədə zehinlərdə kök salmış süstlük, ətalət psixologiyasını şəkililərin öz əli ilə dəyişdirmiş, burada o dövr üçün mütərəqqi hesab edilən aqrar islahatlar həyata keçirmişdir. Bütün bunlardan yaxşı xəbərdar olan Heydər Əliyev Şəkidəki yeniliklərlə şəxsən tanış olmaq üçün bu qədim yurda gəlmiş, qeyrətli torpaq adamları ilə görüşmüş, onların fədakar əməyini yüksək qiymətləndirmiş, Sadıq Murtuzayevin yaradıcı fəaliyyətindən razı qalmışdır.

Respublikamızın siyasi həyatındakı gərginlik, Gəncə hadisələri Sadıq Murtuzayevi də bir vətəndaş-ziyalı kimi ciddi narahat etmiş, düşündürmüşdür. O, “Şəkinin səsi” qəzetinin sponsoru kimi onun baş redaktoru M.Salislə əlaqə saxlamış, təzə qəzet barədə xoş duyğularını bildirdikdən sonra əlavə etmişdir:

-                      Heydər Əliyevin Vətənin bu dar günündə xalqın harayını eşidib Bakıya gəlməsi, qardaş qırğınının qarşısını almaq üçün göstərdiyi təşəbbüslər təkcə paytaxtda deyil, şübhəsiz ki, respublikamızın digər bölgələrində də ona güclü rəğbət hissi doğurmuşdur. 

Bu gün  Heydər Əliyev müstəqil respublikamızın ən istəkli övladıdır – xalq yenidən öz böyük rəhbərinə sonsuz məhəbbətini bildirir. İndi bütün Azərbaycanda – qaynar nöqtələrdə, sərhəd bölgələrində dincliyin və əmin-amanlığın hökm sürəcəyi, torpaqlarımızın düşmən tapdağından azad olunacağı gün uzaqda deyil: Heydər Əliyevi təzədən Bakıda, xalqın içərisində görmək, onunla uzun illər ünsiyyətdə olmuş, rəhbərliyi altında işləmiş bir adam kimi mənə də xoşdur. Əliyev müdrik adamdır. Ağır təqiblərə məruz qalmış, lakin heç vaxt onu bir insan, şəxsiyyət kimi sındırmaq mümkün olmamışdır.

   Sadə və müdrik Azərbaycan xalqı Əliyevin gücünə, onun bir insan, rəhbər kimi gözəl keyfiyyətlərinə yaxşı bələddir. Möhkəm əminik ki, Heydər Əliyev bütün gücünü, bacarığını respublikamızın siyasi-iqtisadi həyatındakı böhranın aradan qaldırılmasına, sağlam qüvvələrin bir cəbhədə birləşməsinə, vətəndaş sülhünün yaradılmasına, müharibəyə son qoyulmasına, adamların həyat şəraitinin yüksəldilməsinə yönəldəcəkdir.

 

 


 

“QARABAĞ” RESTORANINDA KÖRPƏ GÜLÜŞLƏRİ

 

“Qarabağ” restoranının kollektivi bu yaxınlarda nəcib və xeyirxah iş görmüşdür. İaşəçilər uşaq evinin balaca sakinlərini qonaq çağırmışlar. Qonaq süfrəsi arxasında balacalara onlara ürəkləri istədikləri kimi xidmət göstərilmişdir. Restoranın işçilərindən E.Məcidzadə, S.Rəfiyev, Ə.Hacıosmanov, N.Cəfərov uşaqları ovundurmaq, onları ürəkdən sevindirmək üçün əllərindən gələni əsirgəməmişlər.

Uşaq evinin sakinləri də borclu qalmamışlar. Onlar böyükləri mahnı, rəqs, şeir “sovqat”ı ilə sevindirmişlər.

Restoran işçiləri balacaları əmin etmişlər ki, bu son görüş olmayacaqdır.

 

 


 

ÇAYXANA LƏTİFƏLƏRİ

 

Əziz oxucular! “Çayxana lətifələri” bizim aparıcı rubrikamız olacaq.  Aparıcı da Allahyar əmidir. Sizin görüb tanıdığınız, “qaynanmış”, həmişə çayından “dəmlədiyimiz” Allahyarı demirik. Bu başqasıdır. Özünün dediyinə görə peşəsi şəhəri bir-iki “kruq” vurub, görüb-eşitdiklərini lətifə düzəldib sizə çatdıracaqdır. Məqsədi də odur ki, çayxanaya girəndə qəndin, çayın bahalığını unudasınız, bazar-zənbil xofunu yaddan çıxarıb bir balaca yüngülləşəsiniz.

Beləliklə, Allahyar əminin lətifələrini sizə təqdim edirik.

 

 

MƏHKƏMƏDƏ

 

SƏBƏB?! “Əhməd məsələsi”dir...

 

Günlərin birində icra aparatında şöbə müdiri işləyən Mahir bəyə də qara xəbər çatdırdılar:

-                    İşdən azadsan, yerini təhvil ver!

-                    Səbəb?

Mahir bəyə “səbəb” adlı bir arayış verdilər. Və izah etdilər ki, “filan-filan” məsələlərə görə sizi aparatdan xaric edirik.

Mahir bəy başa düşdü ki, bu səbəb deyil – “Əhməd məsələsidir”. “Öldü var, döndü yoxdur” deyib, şəhər məhkəməsinə üz tutdu. Burada “Qanun şahdır” prinsipi ilə işə baxdılar. Mahirin haqlı olduğu sübut edildi və o, bəraət aldı.

Mahirin sağ əli vəzifədən haqsız çıxarılanların başına. Eşitdiyimizə görə son vaxtlar daha bir neçə müdir – Şəki şəhər ticarətinin direktoru Fikrət Cəfərov, Şəki Tibb Məktəbinin direktoru Elmira Hacıyeva, konserv zavodunun direktoru Mahir Qasımov da məhkəmənin qərarı ilə öz işlərinə bərpa olunublar.

Məndən olsa, vəzifədən zorla çıxarılan, bir neçə ay işsiz qalan müdirlərin əmək haqlarını dövlətin cibindən yox, onları işsiz qoyan əsl səbəbkarların – icra hakimiyyəti başçısı müavinlərinin “cib xərclik”lərindən ödətdirərdim.

 

SÖZÜN DÜZÜ BAŞA BƏLADIR

“HƏSANAĞA”NIN QOHUMU

 

-                    Ağabala eşitmisən...

-                    Sözünü de!

-                    Baş memar Aqil Məmmədovun kefi yaman yuxarıdır...

-                    Olar da, torpaq-köşk istəyənlərin sayı getdikcə artır. Şəhərin küçə və məhəllələrində boş yer qalmayıb. Baş memarımızın da ürəyi yumşaqdır. Yuxarıdan razılıq işarəsi alan kimi öz vəzifə borcunu “vicdan”la yerinə yetirir. Əvəzində şəhərin “ağzı burnu” əyilir – cəhənnəmə ki... “quş damları” yük vaqonları kimi baş alıb gedir –cəhənnəmə ki... “qoy biz tox olaq, cümlə cahan batsa da, batsın” cəhənnəmə ki...

-                    Ağabala, cəbhəçi olanda nə olar, sözün düzünü danış, ha!

-                    Elə bilirsən, tək mən deyirəm?! Şəki camaatının gözü qulağı yoxdur? Srağagün çayçıda bir “yalan” danışırdılar. Guya Aqil bəy pulundan, var-dövlətindən, şəxsi avtomaşınından... hər şeydən nəfsini öldürüb – baş memar olandan sonra restoran üzü görməyib. Hələ deyirlər ki...

-                    Nə deyirlər Ağabala?!

-                    Bir də deyirlər ki, baş memar “Həsənağa”nın qohumudur. Həm də söyləyirlər ki, şəhərin mərkəzindən keçən çayın yanında yeni torpaq sahəsi “tapıb”, burada “şəhərcik” yaradır.

-                    Daha nə deyirlər?

-                    Çox şey. Amma, oxucuları yora bilmərəm. Ardı gələn nömrədə...

 

Çayçı Allahyar.

 


Yarızarafat, yarıgerçək

Əziz yumor həvəskarları, “Dünya gülməsə, yaşaya bilməz” deyənin atasına min rəhmət! Sizin zorla, necə deyərlər, qıdıqlayıb güldürmək istəmirik. Bir azca dodağınız “qaçsa”, qırışığınız açılsa bəsimizdir.

Bircə xahişimiz var, şəkilisayaq, hər sözümüzdən “söz qayırıb”, dediklərimizi özünüzə götürməyəsiniz.

 

CİB XƏRCLİYİ

 

İcra başçısının müavini:

-                    Borcunu nə tez qaytardın bəy? Hələ maaşa çox qalıb axı...

Şöbə müdiri:

-                    Guya xəbərin olmadı – sənin kimi, mənə də indicə “cib xərcliyi” verdilər.

 

 

 

İSTİQLAL ŞİRNİSİ

 

-                    Qonşu, deyirlər Şəkidə İstiqlal günü münasibəti ilə şirni paylayırlar...

-                    Çəkisi nə qədərdir?

-                    250 qram...

 

CƏBHƏÇİ DEYİL

 

-                    Məşədi, niyə bizim uşağı özünə müavin götürmürsən?

-                    Üz vurma, Soltan bəy, oğlun cəbhəçi deyil, onu dükana buraxa bilmərəm.

 

ŞƏKİDƏ MƏDƏNİYYƏT ZURNASI

 

-                    Bazara gedirsən, bəs zənbilin hanı?

-                    Almağa yox, zurna-balaban səsinə oynamağa gedirəm.

-                    Nə zurnadı elə?

-                    Mədəniyyət zurnası. Eşitmirsən, bayram havası çalınır?! Bax, buna deyərlər, “Aclıq olsun, kef olsun”, atam balası.

 

“MÜVƏQQƏTİ ÇƏTİNLİK”

 

-                    Xanpəri, dolanmaq mümkün deyil, bazara girəndə gözlərim qaralır.

-                    Kefini pozma, Gülpəri. Ölənə qədər müvəqqəti çətinlikdir.

 

MEYXANADA RÜŞVƏT

 

-                    Bəs deyirdin, vəzifəyə keçəndən sonra işim millətə xidmət olacaq, bu otaqda rüşvət-filan almayacağam?

-                    And olsun o gördüyün Qurana ki, bu otaqda, ya qeyri otaqlarda heç kim rüşvət almır!

-                    Axı “Boz qurd” da yazır, “Mozalan” da ...

-                    Əcəb də eləyirlər, ay dilbilməz. Dünya elə bu otaqdan ibarətdir?! Bu boyda şəhərin bir xəlvətxanası yoxdur?! Key oğlu key, anladın?!

 

DAŞINI DEYƏ BİLMƏRƏM

 

-                    Sağlığına qismət, mağaza üstünə neçəyə oturdu?

-                    Daşını deyə bilmərəm, torpağına 30 min vermişəm.

 

DOLANA BİLMİRƏM

 

-                    Sizin əziz canınız üçün dolana bilmirəm, bir köynəyim var, onun da yaxası süzülüb. Adam içinə çıxmağa utanıram.

-                    Utanma müdir,  – deyə az maaş alan işçi dilləndi, – mühasib pul verən kimi, bu dəfə də sizə köynək alaram, “xəcalətdən” qurtararsan.

-                    Ac qaıb üzülərsən dost.

-                    Narahat olma, həkim pəhriz buyurub.

 

BAQQAL DÜKANI

 

-                    Hacı Qara, oğlun Bədəli götür gəl bizə. Nökərin Kərəməlini də üstəlik. Müdir bəy mükafat yazıb, 150 qram ət almışam. Dörd nəfərə bir piti, necədir səninçün?

-                    Müdirinə de, cümlə qələm əhlini yığıb gəlsin baqqal dükanıma, bu xəsis canımla hərənizə bir qab plov verim, yanında da 150 qram dəm suyu. Necədir sizin üçün?

 

 


RASİM BƏYİN KOMANDASI “TƏCRÜBƏ” APARIR

 

Ötən cümə günü yuxarı Karvansaranın altındakı çörək sexinin şefi Rasim bəy növbədə mürgü döyən həmvətənlərinə bildirib ki, bu gün sexdə təcrübə aparılıb, çörəyin xəmiri soyuq və bulanlıq su ilə yoğrulub.

Təcrübə baş tutmadı, zay olmuş çörəklər küncə yığıldı. Çörəkçilər keflərini pozmadılar. “Nə gedir, kisədən gedir” dedilər, Təcrübənin camaata o “xeyri” oldu ki, adamlar növbədə daha iki saat artıq dayandılar.

Çörək sexində gündüz  saat 12-ni ötən kimi, işçilər start xəttinə düzülüb, aradan çıxırlar. Əlləri çörəkdən üzülənlərin isə “mükafat”ları kobud söz, söyüş və təhqir olur.

 


ŞƏKİLİSAYAĞI

 

HƏBLƏ DİMAX LAZIMDIR

 

·         Boş apteklər idarəsi.

·         Dərman atlı olub, xəstə piyada.

·         Tərsinə fırlanır daha dünya da.

·         Balığı dəryaya atma, qıtlıqdır. Balıq da, xaliq də bilir.

·         Keçmişdə dayılar adamları qaldırıb vəzifə kreslosuna qoyurdu, indi dayıları ayı yerinə qoymurlar: mitinqlərdə bir neçə dəfə yumruğunu qaldıranlar, bir də görürlər ki, odur  ey, qulluq kreslosundadırlar.

·         Partokratlar şapkalarını başlarına qoyub getdilər, yerinə başı açıq, iştahası kimi yerişi də iti cavan bürokratlar gəldilər.

·         Dövləti daha nə yıxa bilər, ay ciyi?  – Bat, bat, onu da bilmirsən? – “xaş-xaş”, daşbaş, alkaş.

Sabir ƏFƏNDİYEV.

 


 ƏZİZ KƏLBƏCƏRLİLƏR, ŞƏKİ CAMAATI SİZİNLƏDİR!

 

Şəki prokurorluğunun əməkdaşları doğma torpaqlarından didərgin düşüb, bu obaya pənah gətirmiş kəlbəcərli qaçqınların kədərinə ürəkdən şərik olurlar. Şəki prokuroru Çingiz Məmmədov üç aylıq əməkhaqqısını soydaşlarına verməklə, rəhbərlik etdiyi kollektivə gözəl nümunə göstərmişdir.

Prokurorluğun digər əməkdaşları da iki aylıq məvaciblərini qaçqınlar üçün ayırmışlar.

Yığılmış 200 min rubl miqdarında vəsait, taxılçılıq sovxozundakı yurddaşlarımıza paylanılmışdır. Hər bir kəlbəcərli ailəsi beş min rubl almışdır.

Oqtay Bağırov,

Şəki Şəhər prokurorunun köməkçisi.

 


“ÜMİD”in RUZİ PAYI

 

Şəhərimizdəki “Ümid” icarə müəssisəsinin (dəsmal sexinin) kollektivi də savab iş görmüşdür.  İcarədarlar 50 min rubl dəyərində ruzi payı ilə taxılçılıq sovxozunda binə qurmuş kəlbəcərli qaçqınların yanına getmişlər. Soydaşlarımız şəkililərin səxavətindən razı qalmış, çətin günün əltutanlarına minnətdarlıqlarını bildirmişlər.

Bəşarət HACIZADƏ,

müəssisənin işçisi.

  


Sağ ol Zöhrab bəy!

 

İstehsalat kombinatının direktoru Zöhrab Yunusov şəhid ailələrinin hər birinə 5 min rubl yardım etmək qərarına gəlmişdir. Bu məqsədlə şəxsi təsərrüfatından 379 min rubl ayırmışdır.

Nəcib və xeyirxah əməlinə görə Zöhrab Yunusova təşəkkür edirik.

Fərrux Cəfərov,

müəllim.

 


 

Hacı dayının “teletayp” otağından:

 

AMERİKA PREZİDENTİ MƏKTUB “UÇURUR”

 

ABŞ prezidenti cənab B.Klinton Əbülfəz Elçibəyə bir-birinin ardınca üç namə göndərmiş –Dağlıq Qarabağ hadisələri ilə bağlı təəssüf hissini bildirmişdir.

Cavan prezident üç məktub göndərmək əvəzinə, erməni dığalarına bir qulaqburması versəydi daha təsirli olmazdımı?
 
 

YELTSİNİN “SAQQIZINI” KİM OĞURLAYIB?!

 

Rusiya prezidenti Yeltsin yamanca əl-ayağa düşüb. Əlləri soydaşlarımızın qanına bulaşmış beş rus “uşağını” ölümdən qurtarmaq üçün bizimkilərin “qılığına” girir.

Doğrudur, ermənilər Yeltsinin “saqqızını” oğurlasalar da, bizim prezidentin “saqqızı” etibarlı əllərdədir. Çox güman ki, dünyanın ən böyük demokratının sözünü bu dəfə yerə salmalı olacaqlar. Biz də bir kişiyik, axı...
 

QORBAÇOV ACINDAN “ÖLÜR”

 

“Yazıq” Qorbaçov taxtdan düşən kimi altı otağını əlindən alıb, kişini külfəti ilə birlikdə üç otağa qoyublar. Raisa xanım isə göz yaşları içərisində gileylənir: “Bizim heç şəxsi mənzilimiz də yo”xdur, Mixail 3900 rubl pensiya alır”. Amma, Moskva eks-prezidentin və onun zövcəsinin göz yaşlarına inanmır.

Bizim Hacı dayı da Moskvada bu söhbətləri eşidəndə belə deyib:

-                    Mixail, kimə nömrə gəlirsən? Amerikada camaatı başına yığıb “yenidənqurma” göpu ilə bir milyon qazandın. Yaponları, almanları da mühazirə salonlarında həriflədin. Topladığın kapitalı da ötürdün şəxsi fonduna. Danışanda gah nala döyürsən, gah mıxa. Deyirlər, axır vaxtlar iştahan küsüb. Bizim arvad demişkən, boğazın elə tutulsun ki... Dalını daha demirəm...

 

TANRIDAN BİR DİLƏYİM VAR

 

Heç bilmirəm, Ruslan bəy (Xasbulatovu deyirəm) öz prezidentindən nə istəyir. Görünür, inadkar spikerin  könlündən prezident olmaq keçir.

Amma, mən – Hacı dayı, Şəki bəyi olmaq fikrindən uzağam. Tanrıdan bircə diləyim var. Allah yerli bəyin ətrafına toplaşan dələduzların könlünə insaf salsın, onlar da bəd əməllərindən əl çəkib “spirtsiz” içkilərdən vura-vura, bəyə “sədaqətlə” xidmət eləsinlər.

...Amma, öz aramızdır, cənab Xasbulatov heç yaxşı iş görmür...

 

 


 

“ZİNDAN”ın TƏŞƏBBÜSÜ

 

“Zindan” kooperativinin 5 yaşı tamam olmuşdur. Bu beş ildə onun sorağı rayonumuzun hər yerinə yayılmışdır. Çünki bu sexdə dəmirdən hazırlanan müxtəlif məişət məmulatları öz yüksək keyfiyyəti ilə həmişə sifarişçiləri razı salır.

Bu günlərdə “Zindan” kooperativinin kollektivi yeni, gözəl bir təşəbbüs qaldırmışdır. Söhbət zamanı kooperativin baş ustası Aydın Əhmədov dedi:

-                    Respublikamızda müharibə gedir. Öz doğma ev-eşiyindən didərgin düşən həmvətənlərimizin sayı xeyli artıb. Bu ağır günlərdə onları işə dəvət edirik.

 

T.Azəroğlu.

 


TACİR GÜLAĞA

 

1988-ci ildə Gülağa Hacıvahablı sahibkar dükanı açmışdır. O vaxtdan keçən beş il ərzində əhaliyə nümunəvi xidmət edir. Sahibkar dükanında əsasən xarici ölkələrdə istehsal edilmiş sənaye və ərzaq malları satılır. Buradakı mallar başqa dükanlara nisbətən daha ucuz olur.

Söhbət zamanı tacir Gülağa Hacıvahablı dedi:

-                    Biz əhaliyə xidməti günün tələbləri səviyyəsində qurmağa çalışırıq. Dükanımız hər gün səhər saat 10-dan axşam saat 12-yədək açıqdır. Bura gələn müştəriləri gülərüzlə qarşılayır və gülərüzlə də yola salırıq.

 

M.MÜZƏFFƏR

 


 

İDARƏ, MÜƏSSİSƏ RƏHBƏRLƏRİNİN VƏ OXUCULARIMIZIN NƏZƏRİNƏ!

 

Əziz oxucular! Yeni nəşrə başlayan “Şəkimin səsi” qəzeti təsərrüfat, idarə, müəssisə və təşkilatların rəhbərlərinə bildirir ki, qəzetə istənilən məzmunda və həcmdə hər cür elan vermək mümkündür. Redaksiya maliyyə vəziyyəti ağır olan kollektivlərin elanlarını güzəştli qiymətlərlə, istisna hallarda pulsuz  çap edir.

Qəzetdə başsağlığı da vermək olar.

Müxtəlif yubiley və toy şənlikləri, ad günləri ilə əlaqədar təbriklərinizi də çap etdirmək üçün redaksiyamıza göndərə bilərsiniz.

 


 

Baş redaktor  M.SALİS.

Redaktor M.AYDIN.

 

Redaksiya heyəti: Sadıq Murtuzayev, Teymur Xəlilov, Kazım Məmmədov, Mürşüd Fərəcov, Tahir Məmmədov, Tofiq Əzizov, Məmməd Cabbarov, Əhməd və Arzu Abdulhəmidovlar, Həmid Mikayılov, Natiq Məmmədov, Nazim Şirinov, Əbdülhəmid Abdullayev, Bəşarət Paşayev, Mahmud Məmmədov, Vaqif Həmidov, Rəşad Cumayev, Sabir Əfəndiyev, Elxan Ağabəyli, Çingiz Nağıyev, Akif Salamoğlu, Bayram Mahmudov, Ənvər İsmayılov, Sıracəddin Heydərov, Tofiq Xəlilov, Nəsib Növbərov, Elxan Allahverdiyev, Allahverdi Cəfərov, Fərahim Süleymanov, Zöhrab Yunusov, Fikrət Cəfərov, Hikmət Abduləzizov, Fərhad Məmmədov, Fərahim Qarayev, Abdulkərim Abdulkərimov.

 

Ünvan:

374510. Şəki şəhəri – 7.  Miçurin küçəsi, 33. “Şəkinin səsi” qəzeti redaksiyası. Telefon 4-23-15

 

Qəzet Şəki mətbəəsində çap edilir.

Qeydiyyat 652. Tiraj 4000

 

Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.