Son əlavələr‎ > ‎

Məmmədzadə Tünzalə, QƏDİM XALQ SƏNƏTİ TƏKƏLDUZ - DÜNƏNİ VƏ BU GÜNÜ

31 May 2013 15:25 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
   
 
     Qədimdən qadınların uşaqlarından, ev işlərindən qalan boş vaxtlarını əl işləri kimi faydalı işlərlə dəyərləndirməkləri bu gün dekorativ tətbiqi sənətin bir qolu olan bədii tikmə sənətinin yüksək səviyyədə inkişaf etməsinə gətirib çıxarmışdır. Evin xanımları tərəfindən hazırlanan bu tikmələr müxtəlif məqsədlər üçün istifadə olunurdu.
           
    Azərbaycanda məişətdə populyar və geniş yayılmış bədii tikmə növlərindən biri də qədim tarixə malik təkəlduz tikmədir. Əsrarəngiz təsvir və naxışlarında xalqın sənət ruhunu yaşadan milli xalçalarımız və digər xalq sənətlərimiz kimi təkəlduz sənəti də tarixi köklərə söykənən xalq yaradıcılığıdır. Bu sənətin ilk nümunələrinə biz hələ Sasanilər dövründə rast gəlsək də təkəlduz sənəti get-gedə təkmilləşmiş və orta əsrlərdə bir xalq sənəti kimi öz yerini tutmuşdur. Təkəlduz sənətinin inkişafı yun və ipək kimi xammalın və təbii rənglərin burada istehsal olunması faktı ilə sıx əlaqədardır. Bu sənət maddi mədəniyyətimizin bir sahəsi olmaq etibarilə böyük əhəmiyyətə malikdir.
 
    Qədimdən öz sənətkarlığı ilə məşhur olan Şəki, təkəlduz sənətinin də vətəni sayılır. Burada zaman-zaman xalq tətbiqi sənətinin qədim və zəngin ənənələri mövcud olmuşdur. Şəkidə ipəkçiliyin başlıca yer tutması burada təkəlduz sənətinin inkişafına böyük təkan vermişdir. Təkəlduz sənəti Şəki təkəlduz ustalarının əməyi nəticəsində inkişaf etmiş, öz təşəkkülünü tapmış, gələcək nəsillərə ötürülmüşdür. Onların yaratdığı təkəlduz nümunələri Azərbaycanın sərhədlərindən kənarda da məşhur idi.
    Bu tikmə növü qadınların sevimli sənəti olsa da, xırda əmtəə istehsalı səviyyəsinə yüksələndən sonra kişilər də bu sənətlə məşğul olmağa başlayıblar. 19-cu əsrdə təkəlduzçuluğun mərkəzi Şəki şəhəri sayıldığı bir dövrdə də bu işlə əsasən kişilər məşğul olurdular. Mövsüm Məşədi Əli oğlu, Məşədi Yusif Süleyman oğlu, Məşədi Səttar, usta Əliabbas, Cabbar Əlizadə, Rza Tağızadə, Abuzər Lətifov o dövrün məşhur təkəlduz ustaları idi.
Adlarını sadaladığımız bu sənətkarların hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində, Şəki Xalq Tətbiqi Sənət muzeyində, Şəkidə Tarix Diyarşünaslıq muzeyində, Leninqraddakı Etnoqrafiya muzeyində və s. yerlərdə bir çox maraqlı əsərləri saxlanmaqdadır.
    Kompozisiya, rəng vəhdəti və ornament motivləri cəhətdən milli ənənələrə sadiq qalan bu işlər 19-cu əsrin ornamental tikmələri haqda gözəl təsəvvür yaradır.
19-cu əsrin birinci rübündə Şəkidə mahud parça üzərində müxtəlif rəngli ipək saplarla təkəlduz tikmə digər sənət növlərini kölgədə qoymuşdu. Bu zaman burada təkcə yəhər üzü bəzəyən 22, başmaq üzü bəzəyən 50, püştü üzü tikən 16 dükan fəaliyyət göstərirdi.
    Təkəlduzçuluq bir sənət olmaq etibarilə şəxsi orijinal bir yaradıcılıqdır. Burada, başqa sahələrdə olduğu kimi, texniki vərdişində əhəmiyyəti böyükdür.
Təkəlduz işləri geyim və müxtəlif məişət əşyalarının üzərində görülür. Çünki xalq hər şeyi məişətdə istifadə etmək məqsədilə bəzəməyə, ondan zövq almağa və bunlar vasitəsilə gənc nəsli yaradıcılıq ruhunda tərbiyələndirməyə çalışır.
    Üzərinə təkəlduz işlənilən məişət əşyalarından xüsusi mahud və məxmər parçaları, balış üzləri, stol örtüklərini, taxça və pəncərə pərdələrini, müxtəlif namazlıqları; geyimlərdən isə arxalığı, çəpkəni, zilpuşu, belbağını və qurşaqları göstərmək olar. Bu sadalanan məişət əşyalarının üzərinə, onların istifadə olunmasına görə müəyyən kompozisiyalarda təkəlduz işlənilirdi.
    Şəkidə xeyir və şər məclislərində, dini mərasimlərdə, mövlud mərasimlərində oturmaq üçün yerdə dövrə şəklində düzülən dör-döşəklərinin üzərinə qoyulan puştularda da təkəlduz tikməyə rast gələ bilərik. Orta əsrlərdə gəlin köçən qızların cehizlərində bu cür təkəlduzlu puştuların olması adət halını almışdır. Hal-hazırda da yaşlı insanların evlərində təkəlduzlu puştular qorunub saxlanılır.
    Təkəlduz tikmə üçün yerli və gətirilmə parçalardan - başlıca olaraq qırmızı, qara, tünd sürməyi və başqa rəngli mahuddan istifadə olunurdu. Mürəkkəb və yaraşıqlı naxışı olan və xoşrəngli ipək saplarla tünd rəngli parça üzərində icra olunması bu tikmələri başqa tikmələrdən fərqləndirən xüsusiyyətdir. Həmçinin incə zövqlə hazırlanan bir birinə sarmaşan nəbati motivlər və quş təsvirlərindən ibarət olan təkəlduz tikmənin naxışları gözəl rəng və kompozisiya ahəngdarlığı ilə də fərqlənir.
    Təkəlduz kompozisiyası və bəzəkləri cəhətdən müxtəlifdir. Gəzməli və gəzməsiz; şaxəli və şaxəsiz; içli və içsiz olur.
    Haşiyə bəzəkləri, adətən, tünd rəngli ipək saplarla, həm də miqyas etibarilə kiçik naxışlarla tərtib olunduğu halda, məmulatın mərkəz hissəsini tutan xonça naxışları, kompozisiya etibarilə nisbətən mürəkkəb olub, açıq rəngli iri naxışlardan ibarət tikilirdi.
    Xalça sənətində olduğu kimi, Təkəlduzda da ustanın fikri daima stilizə edilmiş naxışların motiv və elementlərini yaratmaqdır. Təkəlduz üçün nəbatat aləmindən müxtəlif yarpaqlar, gilənar, qızılgül, alma çiçəyi, zanbaq, bənövşə, meynə yarpağı, əncir yarpağı; heyvanat aləmindən isə, ceyran, bülbül, qaranquş və digər motiv və elementlər səciyyəvidir.
    Təkəlduz sənətində sapların rənglərinin bir - biri ilə uyğun olması əsas şərtlərdən biridir. Şəki təkəlduzu üçün səciyyəvi rənglər: qara, narıncı, yaşıl, püstəyi, qəhvəyi, ağ, sarı, şəkəri, bənövşəyi, çəhrayı və qırmızıdır. Bu sapların ümumi rəng vəhdətliyi ustanın sapları seçmə və onları uyğunlaşdırma bacarığından asılıdır. Şəki təkəlduzçuları bu işdə mahir sənətkardırlar.
    Usta sifarişçidən qəbul etdiyi məmulat üzərində müxtəlif rənglərə boyadığı ipək sapla əlvan naxışlar tökürdü. Bunun üçün təkəlduz tikmədə iki sadə alətdən – qasnaq və qarmaqdan (qüllab) istifadə edilir. Hər hansı bir məmulata naxış saldıqda əvvəlcə parçanı qasnağa tarım çəkib onun üzərinə ikinci bir qasnağı kip otuzdururlar. Sonra parçanın üzərinə naxış konturları iynə ilə deşilmiş kağız qoyub, tabaşir tozu ilə naxışın rəddini məmulat və ya parçaya köçürürlər. Bu əməliyyat qurtardıqdan sonra usta sağ əli ilə sapı üstdən qarmağa ilişdirib, alta verir və qasnağın altından sol əli ilə sapı çəkir. Sonra onlar münasib rəng çalarına malik ipək sapla tikilib doldurulurdu. Beləliklə, zəncirəbənzər ilmələr qeyd olunan istiqamətdə gedir və müəyyən olunmuş naxış kompozisiyanı əmələ gətirir.
    Bu yolla məmulat nəbati və ya həndəsi məzmunlu ornament nümunələrindən ibarət dekorativ naxış ünsürləri ilə bəzədildiyindən onun estetik mahiyyəti və əmtəə dəyəri qat-qat yüksək olurdu.
Təkəlduz nümunələri o qədər zərif və rəngarəngdir ki, bu gün belə öz estetik mahiyyətini itirməmişdir.
Şəkidə təkəlduz sənəti ənənələri bu gündə davam etməkdədir. Qorunub saxlanılan xalq sənətləri içərisində təkəlduz sənəti də mühüm yer tutur. Hal-hazırda Şəkidə təkəlduz emalatxanaları fəaliyyət göstərir ki, burada çalışan ustalar tikdikləri əl işlərini sərgiləyir və satışını təşkil edirlər. Həmçinin müasir dövr təkəlduz ustalarının böyük məharətlə yaratdıqları tikmə nümunələri ölkə daxili və beynəlxalq dekorativ-tətbiqi sənət festivallarında, sərgilərində nümayiş olunur, müvəffəqiyyət qazanırlar.
    Məhərrəmova Nuriyyə, Şəhla Şahid qızı, Əkbərova Səxavət, Məmmədova Ülviyyə, Səlimli Səyalı, Paşayeva Səkinəxatın, Əzizova Nərgiz, Salamova Yeganə, Ağayeva Gülnar, Məhərrəmova Səadət, Əsədova Samirə hal-hazırda Şəkidə təkəlduz sənəti ilə məşğul olan, onlara yadigar qalan bu sənətin sirlərini gələcək nəsillərə ötürən ustalardırlar.
    Günümüzdə təkəlduz tikmənin tətbiq olunduğu əşyalarda artmaqdadır. Öncələr təkəlduz daha çox geyimlərdə, puştularda, pərdələrdə işlənilirdisə, bu gün texnologiyanın inkişafı ilə əlaqədar olaraq tətbiq sahələri daha da genişlənib, mobil telefon üzlüklərində, çantalarda, kompüter çantalarında, eynək qablarında və.s əşyaların dekorativ bəzədilməsində tikmənin bu növündən geniş istifadə olunur.

    Bundan əlavə təkəlduz nümunələri bu gün interyerləri bəzəyən sənət əsərinə çevrilmişdir. Təsviri sənət əsərləri ilə yanaşı, müxtəlif süjetli kompozisiyalı təkəlduz nümunələri çərçivələrə salınaraq, evlərin, ofislərin, əyləncə mərkəzlərinin divarlarını da bəzəməkdədir.
    Öncələr daha çox nəbati motivli təkəlduzlu tikmələr işlənsə də, bu gün daha çox sujetli təkəlduzlar tikilməkdədir. Şəki Xan Sarayının divar rəsmlərindən fraqmentlər müasir dövr təkəlduz ustalarının ən çox müraciət etdiyi kompozisiyalardır.
    Bu gün Şəki sənətkarlarının təkəlduz texnikası ilə işlədikləri tikmələrdə vətənpərvərlik, məhəbbət, musiqi mövzuları daha geniş yer tutur. Portret janrı təkəlduz texnikasıyla 19 - cu əsrin əvvəllərində usta Cabbar Əlizadə tərəfindən işlənsə də bu janra günümüzdə daha çox müraciət olunur. Təkəlduz texnikasıyla işlənən miniatür rəsmlər də çox məşhur tikmə nümunələridir.
    Ümumiyyətlə Şəkidə zaman-zaman bu sənətə maraq olmuş, təkəlduz məktəbi formalaşmışdır. Məşhur təkəlduz ustaları bu sənətin texniki xüsusiyyətlərini kamilləşdirib, onları yaşatmışlar. Bu gün yerli və xarici sənətsevərlərin rəğbətini qazanan Şəki sənətkarlarının yaratdıqları nadir sənət əsərləri Azərbaycan dekorativ-tətbiqi sənətini zənginləşdirən sənət nümunələri sırasına daxildirlər.
Tünzalə Məmmədzadə,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının doktorantı .