Son əlavələr‎ > ‎

Xocalıda ipək birliyinin filialı

24 Şub 2013 11:10 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
“İpəkçi” qəzeti, 16 iyun,1990-cı il, №17-18 (1623)

KÖNLÜM KEÇİR QARABAĞDAN 

Xocalıda ipək birliyinin filialı

Azərbaycan SSR prezidenti Ayaz Mütəllibov Xocalı ipəkçilərinin qonağı olmuşdur

Xocalı şəhərində V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyi filialının açılacağı xəbəri Dağlıq Qarabağda xoş müjdə kimi qarşılandı: inşaatçılar işə girişəndə, daşı daş üstə qoyanda bu ümid, bu söhbət daha da artdı. Qarşıya qoyulan məqsəd nəcib idi. Xocalıda işsizlik problemini həll etmək üçün təşəbbüs göstərilmiş, ilk uğurlu addımlar atılmışdı.

Nəhayət, iyun ayının 1-də filialın birinci növbəsi işə düşdü – toxucu sexinin qapıları açıldı. Həmin gün Xocalıda oğul da, ağbirçək də, ağsaqqal da kədərdən, dərddən uzaq görünürdü.

Filialın birinci növbəsinin işə düşməsi üçün çox zəhmət çəkilmiş, inşaatçılar, dəzgah quraşdıranlar gecə-gündüz yorulmaq bilmədən işləmiş, hər kəs öhdəsinə düşən işi vicdanla, can yanğısı ilə görmüşdü. Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi Toxuculuq İdarəsinin rəisi, ipək birliyinin sabiq baş direktoru İbrahim Mustafayev Xocalıya ezam olunduqdan sonra özünü bir daha bacarıqlı mütəxəssis, təşkilatçı kimi göstərə bildi. Dəzgahların istismara hazırlandığı bir ay müddətində İbrahim Mustafayev Xocalıda qaldı, mütəxəssislərdən, fəhlələrdən öz köməyini əsirgəmədi. Azərbaycan SSR Yüngül Sənaye naziri Əhməd Mustafayev və onun birinci müavini Vaqif Axundov da filialın tikintisi, yeni sexin istifadəyə verilməsi ilə əlaqədar qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün ciddi səy göstərdilər.

Artıq birgə zəhmətin, el gücünün bəhrəsi gözəl nəticəsini vermişdir: toxucu sexi işə düşmüş, 80 dəzgah məhsul verməyə başlamışdır. Hər ay burada 50-60 min metr astarlıq “Sarja” parçası toxumaq nəzərdə tutulmuşdur. Yeni istehsal sahəsində hazırda 100 nəfər əməkçi çalışır. Sexdə əriş dəzgahının quraşdırılmasının başa çatdırılması burada toxucuların xammala – əriş sapına olan ehtiyacının ödənilməsinə imkan vermişdir. Bir azdan daha 20 dəzgahın ahəngdar səsi eşidiləcəkdir.

Filialın işçi qüvvəsi ilə təmin olunmasına qabaqcadan hazırlıq görülmüşdür. Toxucularımızdan Cəmilə Cəfərova, Çiçək Səfərova, Sərfinaz Orucova, ərişçilərimizdən Təranə Hacıyeva, Zenfira İsmayılova və başqaları Şəki ipək birliyində peşənin sirlərinə yiyələnmişlər. Usta köməkçilərimizdən Nəzər Bilalov, Ayaz Məmmədov və başqaları – bir sözlə bütün kollektiv, əl-ələ verib, həvəslə işə başlamışlar.

Perspektivdə görüləsi işlərimiz çoxdur. Yeni sənaye müəssisəmizdə gələcəkdə 750 nəfər çalışacaqdır. Bu isə Xocalıya Ermənistandan, Stepanakertdən, ətraf ərazilərdən pənah gətirən adamların, o cümlədən mesxeti türklərinin iş yeri tapmalarına kömək edəcəkdir.

Bizim filial Dağlıq Qarabağda ən iri ipək müəssisəsinə çevrilir. Bu ilin sonuna kimi filialın burucu və baramaaçan sexləri də məhsul verməyə başlayacaqdır.  Hazırda fəhlələr üçün yeni yaşayış evləri tikilir. Filialın yaxınlığında fəhlə qəsəbəsi salınır, uşaq bağçası – körpələr evi, fəhlə yataqxanası tikilir.

Filialın birinci növbəsinin açılışı Xocalıda əsl təntənəyə çevrilmişdir. Azərbaycan SSR prezidenti Ayaz Mütəllibov yoldaş filialın açılışında şəxsən iştirak etmiş, yeni istehsalat sahəsinin istifadəyə verilməsi münasibətilə ipəkçiləri təbrik etmiş, onlara müvəffəqiyyətlər arzulamışdır. Dəzgah arxasında toxucularımızla prezidentin söhbəti maraqla keçmişdir. Ayaz Mütəllibov yoldaş ipəkçilərimizə Dağlıq Qarabağla əlaqədar görülmüş işlər, eyni zamanda gələcəkdə nəzərdə tutulan tədbirlər haqqında. Respublikanın siyasi-iqtisadi həyatında baş vermiş dəyişikliklər barədə məlumat vermişdir.

Görüş iştirakçıları, ipəkçilər, bütün Xocalı camaatı Ayaz Mütəllibov, respublika Yüngül Sənaye naziri Əhməd Mustafayev və Şəki ipək birliyinin baş direktoru Çingiz Əfəndiyev yoldaşları əmin etmişlər ki, onlar partiya və hökumətin, respublika prezidentinin, sahə nazirliyinin, ipək birliyinin göstərdikləri bu qayğıya əməli işlə cavab verəcəklər.

Yavər ƏZİMOV,

V.İ.Lenin adına Şəki İstehsal İpək birliyinin Xocalı şəhərindəki toxuculuq filialının direktoru.

Comments