Bəs 50 milyon hara getdi?!

9 Eki 2012 14:15 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
 
   Hal-hazırda “Şəki-İpək” ASC Azərbaycan Beynəlxalq Bankının himayəsindədir. Əgər bu bank tərəfindən verilən dövlət kreditləri olmasaydı, işçilər maaşlarını vaxtlı-vaxtında ala bilməzdilər. Belə ki müəssisənin istehsal etdiyi məhsullara Azərbaycanda tələbat çox azdır, onlar daha çox xarici ölkələrə aparılır və çox ləng satılır.  Amma müəssisəni müflisləşdirən də elə bu kreditlərin faizidir bir də dövlətdən asılılığı...

Ötən əsrin 90-cı illərinin əvvəllərində V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyində 7 min nəfərə qədər işçi vardı. Müəssisənin 1 il ərzində istehsal etdiyi parçanın uzunluğu isə Yer kürəsinin diametrinə – 40 min km-ə bərabər olmuşdu! O vaxtlar Azərbaycanda hər barama mövsümündə 150 mindən artıq kəndli ailəsi ipək qurdu bəslənməsi və barama istehsalı ilə məşğul idi və respublika üzrə il ərzində barama istehsalının həcmi 5-6 min tona çatmışdı. Amma maraqlıdır ki, o vaxt dövlət təbii ipəkdən heç bir qazanc götürmürdü, əvəzində hazır məhsulu maya dəyərindən 2 dəfə ucuz qiymətə satırdı. Məsələn, kəlağayı dövlətə 20 manata başa gəldiyi halda onun satışı 10 manata idi. Buna baxmayaraq sovet hökuməti ipəkçiliyi nəinki ləğv etmək fikrində deyildi, əksinə,  hər il təbii ipək və təbii ipək parça və s. bu kimi məhsulların istehsalını daha da artırmağa çalışırdı. Burada əsas məqsəd iş yerlərinin olması, əhalinin məşğulluğu məsələsi idi. Dövlət təbii ipək parça və s. bu kimi məhsulların istehsalında itirdiyi pulları süni ipək liflərdən toxunan parçanı maya dəyərindən 10 dəfə baha qiymətə satmaqla, artıqlaması ilə geri götürürdü. Yeri gəlmişkən, o vaxtlar mərkəzi hökumət Şəki üçün süni ipək liflərin verilməsində “xəsilik” edirdi. Belə ki  bu liflərdən hazırlanan parça maya dəyərindən 10 dəfə baha satıldığından və süni ipəkdən hazırlanan parça müəssisəyə çox böyük gəlir gətirdiyindən, mərkəzi hökumət Şəki İstehsal İpək Birliyinin süni ipək lif limitini azaldıb, bizim payımızı Rusiya, Ukrayna, Belorusiyadakı toxuculuq müəssisələrə verməyə çalışırdı. Niyə ki, slavyan respublikalarındakı toxuculuq müəssisələri daha çox gəlirlə işləsinlər, Şəki SSRİ-nin ucqarıdır, burada fəhlə 100-150 manat da ala bilər. Belə olan halda, “İpəkçi” qəzetinin baş səhifəsində əmək qabaqcıllarının imzası ilə SSRİ Yüngül Sənaye Nazirliyinə Açıq məktub dərc edilirdi; göstərilirdi ki, bu il bizim süni ipək lif limitimiz azaldılıb, bu isə filan qədər dəzgahın boş dayanması deməkdir. İndiki dövrdə qəzetdə nə qədər Açıq məktub yazırsan yaz, mindən birinə baxacaqlar, ya yox. O vaxt isə hara yazırsan, yaz, bütün məktublara ciddi reaksiya vardı. Eləcə də bizim SSRİ Yüngül Sənaye Nazirliyinə ünvanlandığımız məktuba da dərhal nazirliyin kollegiya iclasında baxılırdı və Şəki İpək İstehsal Birliyinin süni ipək limiti artırılırdı. Buna görə hətta bir dəfə Azərbaycanın o vaxtkı rəhbəri Kamran Bağırov bizə təşəkkür də etmişdi və vurğulamışdı ki, “mən edə bilməyən işi siz edə bildiniz”, – yəni demək istəyirdi ki, mən xahiş elədim limiti artırmadılar, siz isə xahiş etdiniz artırdılar…

Sovet dövrünün sonuna qədər Azərbaycanda bəlkə də yeganə müəssisə Şəki İstehsal İpək Birliyi idi ki onun baş direktoru heç bir nazirə, prokurora, rəisə, 1ci katibə “haqq” ödəmirdi. Pul almaq üçün hər yerdən gəlirdilər, yoxlayırdılar, təftiş edirdilər, amma heç nə tapa bilmirdilər.  Deyirlər bunun bünövrəsini mərhum  baş direktor Tacəddin Əfəndiyev qoymuşdur. Amma müəssisənin “qızıl” dövrü İbrahim Mustafayevin baş direktorluq etdiyi illərə təsadüf edir. Yalnız bu dövrdə müəssisənin 30 milyon manatdan çox dövlət borcu ləğv olunmuş, istehsal və maaşlar isə xeyli artmışdı.

SSRİ-nin dağılmasından sonra Şəki “İpək” şirkəti adlandırılan keçmiş Şəki İstehsal İpək Birliyi tezliklə post-sovet məkanındakı potensial müştərilərini itirməyə başladı.

 1994-cu ildə isə Rusiyaya mal satmaq qadağan edildi, deyirdilər Azərbaycanın guya Rusiyaya borcu var, onlar sizə pul verməyəcəklər, əvəzində hansısa bank hesabından – Azərbaycanın borcundan çıxacaqlar?! Daha sonra enerjidaşıyıcılarının qiyməti dəfələrlə qaldırıldı və bunun müqabilində müəssisəyə dövlət tərəfindən heç bir kompensasiya verilmədi. Sonra isə elektrik təchizatında uzunmüddətli dayanmalar başladı. Təbii ki şam işığında heç nə istehsal etmək mümkün deyil. Nəticədə 1995-ci ildə Şəki “İpək” Şirkətinin və onun şəhərdəki 4 filialının iş ahəngi tamamilə dayandı. Respublikada ipək qurdu bəslənməsi və barama istehsalı da sıfıra düşdü.

1999-cu ildə Şəki “İpək” şirkətinin yerində “Şəki-İpək” ATSC təsis edildi. Bu illərdə iş adamı Tehran Lətifov ipəkçiliyi bərpa etməyə cəhd edirdi; xaricdən barama toxumu gətirib kümdarlara paylayırdı, sonra baramanı onlardan satın alırdı… Lakin Şəkidə baş vermiş 2000-ci il 20 noyabr hadisələrində T.Lətifov  “günahkar” hesab edildikdən və həbsə atıldıqdan sonra ipəkçiliyin bərpası istiqamətində onun görmək istədiyi işlər yarımçıq qaldı.

    Bundan 1 il sonra respublika rəhbərliyində təmsil olunan Şəki əsilli şəxslərin – Abid Şərifovun, Nadir Əhmədovun vasitəçiliyi ilə  ipəkçiliyin bərpası üçün prezident səviyyəsində qərar qəbul edildi və prezidentin ehtiyat fondundan, işləməyən  Şəki “Şəki-İpək” ATSC-nin işləməsi üçün  maliyyə yardımı ayrıldı.  Şirkətin məsul vəzifəli şəxslərindən biri o dövrü belə xatırlayır: 
   “Allah rəhmət eləsin Heydər Əliyevə, – o, pul ayırdı, hamımız böyük ruh yüksəkliyi ilə işə başladıq...
   O zaman müəssisənin rəhbəri rəhmətlik Əlövsət Bəkirov idi, cəmi 6 ay işlədi, biz gördük ki, o vaxtkı icra başçısı Əşrəf Məmmədov “dişlərini qıcayıb” rezidentin ehtiyat fondundan ayrılmış pulu güdür, başa düşdük ki, bu pulu yeyə bilər, ona görə Əlövsətin yerinə daha qətiyyətli və təcrübəli olan Sabiq İmanovu otuzdurduq. Sabiq İmanov işə başlayanda gördü ki, prezidentin fondundan ayrılmış pulun artıq bir qismi mənimsənilib! Bu arada MTN-dən də böyük təzyiqlər başladı. Dedilər, elə edin ki prezidentin ayırdığı pulun mənimsənilməsi bilinməsin. Yoxsa sizin hamınızı – bütün mühəndis-texniki işçiləri həbs edəcəyik. Bizə hədə-qorxu gəlirdilər. S.İmanov bu pulu zorla ört-basdır edə bildi, hamını çağırıb vəziyyəti başa saldı, işçilərə maaş yazdırdı, guya maaş alıblar… Sabiq İmanov Bakıya gedəndə xidməti maşını ilə getmirdi, deyirdi Qaz-24 çox pul aparır, ondansa bilet alıb avtobusla getmək daha sərfəlidir. Yəni, hər şeyə qənaət edirdi, israfçılığa yol vermək istəmirdi. O, Tahir Məmmədov, rəhmətlik Sabir Kərimov gecələr evə gəlmirdilər, kəndləri evbəev gəzirdilər, camaatı barama becərməyə razı salırdılar, məsləhətlər verirdilər. Məhz bu fədakar adamların sayəsində qısa bir müddət ərzində  –  cəmi 3 ilə, barama istehsalı 133 tona çatdı! Hələ istəyirdik ki, 200 ton barama götürək. Müəssisədə işçilərin sayı isə 2000-nə çatmışdı. 
    Lakin bu arada qəfildən haradansa “Pərvanə” MMC peyda oldu,  bu  rəsmən Xəqani Bəşirova məxsusdur, “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətinin səhmləri üzrə investisiya müsabiqəsində “Pərvanə” MMC 2005-ci ildə müəmmalı şəkildə qalib elan edildi və bundan sonra – müəssisəyə sahiblik etməyə başladı. Bundan bir az əvvəl isə müəssisəyə ipəkçilikdən heç bir anlayışı olmayan Elman Qarayev adlı şəxs ATSC idarə heyəti sədri təyin edilmişdi.
Sabiq İmanov cəmi 3-il şirkətə rəhbərlik etmişdi, nəticələr indiki ilə müqayisədə  əla idi, müəssisənin 1 qəpik də borcu yox idi, burada  2000-nə yaxın işçi var idi. O, prezidentin ehtiyat fondundan ayrılmış pulu Azərbaycan Beynəlxalq Bankına yox, Dəmiryol Bankına qoyanda, bu, Beynəlxalq Bank rəhbərliyində təmsil olunan bəzi şəxslərin  xoşuna gəlməmişdi, hansılar ki,  müəssisə 2005-ci ildə özəlləşdirildikdə onların  “Pərvanə” MMC-si bura sahib olmuşdu.  Sabiq İmanovun yerinə Elman Qarayevin keçməsindən sonra isə o, hələ bir müddət baş mühəndis vəzifəsini icra etdi. Elman Qarayev “Şəki-İpək” ASC idarə heyəti sədri təyin edəndə ona göstəriş vermişdilər ki, birinci növbədə Sabiq İmanovu müəssisədən uzaqlaşdırsın. Lakin Sabiq İmanov öz ərizəsi ilə vəzifədən getdi. Məsələ belə oldu: Elman Qarayev rəhbərliyə gələn kimi müəssisəyə kreditlər axmağa başladı. Ona qədər müəssisənin 1 qəpik də borcu yox idi. Dedilər baramanı gedib Özbəkistandan  alacağıq, “pul bizdə, bir də ingilisdə”. Birinci partiya Özbəkistandan “çerez” Qırğızıstan 300 ton barama gətirildi.  Bu iş bəzi adamlar üçün o qədər “yağlı tikə” oldu ki,  ondan sonra yerlərdə barama istehsalına, ümumiyyətlə, diqqət yetirilmədi, hər şeyi başlı-başına buraxıldı.  Hə, xaricdən gətirilən barama müəssisənin anbarlarına boşaldılanda baş mühəndis Sabiq İmanov diqqət yetirdi ki, kisələrin heç birinin çəkisi düz deyil, hətta kisələrin içindən kərpic-zad da çıxır. Elman Qarayev isə buna heç də təəcüblənmir, deyir get öz işinlə məşğul ol, sənə nə çəki düzdür, ya düz deyil?!”.   Sabiq İmanov isə cavab verir ki, “necə yəni “sənə nə”, mən baş mühəndisəm, hər kisədə 3-4 kq əskik varsa mən bunu kimin ayağına yazmalıyam, əgər məni təhqir etsəydiniz, mən buna dözərdim, belə şeyə isə dözə bilmərəm?! – və elə o saat ərizəsini yazıb işdən çıxır. Deyirlər ki Elman Qarayev 1-2 il sonra  müəssisəni saldığı bərbad vəziyyətə görə ASC idarə heyəti sədrliyindən uşaqlaşdırılanda, vaxtilə,  Sabiq İmanovun getməsinə yol verməklə böyük səhv etdiyini başa düşmüş və həm də etiraf etmişdir ki, əslində Sabiq İmanovun müəssisədən uzaqlaşdırılmasını ona əvvəlcədən tapşırımışdılar.
   Elman Qarayevin yerinə isə özbəklər gəldilər. “Marat Sultanoviç” kimi tanınan Marat Əkbərov ASC idarə heyəti sədri oldu. O, təbiətən mülayim xarakterli, xeyirxah bir şəxs idi. Lakin deyilənə görə, Marat Sultanoviç əslində 2-ci, 3-cü dərəcəli bir şəxs olub. Əsas fiqurlar onun arxasında gizlənmişdi. Onlardan biri isə "Şadiyev" familiyalı bir özbək idi – Özbəkistanın kriminalı kimi tanınırdı, 2 arvadı vardı, hər arvad üçün Şəkidə bir ev kirayə etmişdi, onun bir evinin aylıq işıq pulu 300 manata çatırdı. Bu pul da hökumət hesabına ödənilirdi. Özbəklərin dövründə fəhlələrin maaşı indiki kimi 100 manatdan çox deyildi,  əlacları olsaydı bir az da aşağı maaş verərdilər, amma özləri – yəni Marat Sultanoviçlə gələn 10-15 nəfər mütəxəsisin hər biri 7-8 min manat maaş almışdı. Üstəlik, onların komunal xərcləri, mənzillərinin kirayə haqqı da Azərbaycan tərəfindən ödənilirdi. Onların heç bir iş görmədiyini də demək doğru olmaz, amma toxuculuqdan ümumiyyətlə başları çıxmırdı və bu sahəyə diqqət yetirməmişdilər.  Özbəklərin dövründə müəssisənin kredit borcu 50 milyona çatdı. Yerlərdə barama istehsalı sürətlə endi”.
    Biz “ Şəki-İpək” ASC Həmkarlar İttifaqı Komitəsinin sabiq sədri Tahir Məmmədovla telefon əlaqəsi yaradıb bu hadisələrlə bağlı qəzetimizdə çıxış etməyə dəvət etdik, amma dedi ki o hər şeyi yazıb Ramiz Mehdiyev cənablarına göndərib və nəticəsini gözləyir. Deyəsən, Tahir müəllim doğrudan da inanır ki, onun yazdıqlarını yuxarılarda oxuyacaqlar və hələ üstəlik, tədbir-zad da görəcəklər?! (Sonradan məlumumuz oldu ki, həmin məktub baxılmaq üçün "Şəki-İpək" ASC-nə göndərilmişdir) Təəssüf ki, hələ də bilmir ki,  bütün baş verənlər lap yuxarıdan idarə olunur və dövlətin iqtisadi siyasətinin tərkib hissəsidir.
    Lakin orası da var ki bizbiləni, “Şəki-İpək” ASC-nə kənardan heç kim 1 qəpik də sərmayə yatırmayıb, bütün kreditlərin mənbəyi  dövlət özüdür.
   2011-ci ildə isə Özbəkistan barama ixracına qadağa qoydu, nəticədə xam malın olmaması səbəbi ilə müəssisənin Baramaaçan istehsalatının işi 18.03.2011-tarixən etibarən dayandı, hansı ki burada ən azı 300 nəfər işləyirdi. Nəhayət, özbəklərin “missiyası” başa çatdı, onlar hamısı 1 günün içində nəinki ASC-dən, hətta Azərbaycanda belə uzaqlaşdırıldılar.
  15.07.2011-ci il tarixdə “Şəki-İpək” ASC idarə heyətinin iclasında Azad Şıxəliyev adlı bir şəxsi, hansı ki ipəkçilik və toxuculuq sənayesi üzrə  anlayışı yoxdur, o, idarə heyətinə sədr təyin edildi?!
  Maraqlıdır, nə baş verir?!  2001-ci ildə müəssisə Prezidentin ehtiyat fondundan ayrılmış vəsaitlə, özü də indikilərlə müqayisədə çox cüzi görünən bir məbləğdə pul yardımı ilə işə düşür, sovet dövründə yetişmiş mütəxəssislərin fədakarlığı sayəsində cəmi 3 ilə barama istehsalı 0-dan  133 tona çatır, müəssisədə 2 min nəfər işlə təmin olunur, bu an isə hardansa “Pərvanə” MMC peyda olur, müəssisəyə sahiblik eləməyə başlayır, MTN-nin birbaşa təzyiqiylə bütün mütəxəssislər müəssisədən uzaqlaşdırılırlar, rəhbərliyə bu sahə üçün naşı adamlar gətirilir, müəssisə 50 milyonluq  kreditin altına girir, onun isə heç bir faydası olmur, işçilərin sayı 4 dəfə azalır, maaşlar qul əməyinə münasib – 100 manat civarında qalır,  barama istehsalı 133 tondan 8 tona düşür. Bəs 50 milyon hara getdi?!
Ona da diqqət yetirməliyik ki, bu heç də adi bir borc deyil, bu kredit borcudur! –  yəni illik  faizi də var, ən aşağı faizin isə 13 faiz olduğunu nəzərə alsaq, deməli müəssisənin kredit borcundan bu il heç nə ödənilməsə, gələn il o, 6,6 milyon manat da artacaqdır. Yeri gəlmişkən, əlavə edək ki,  müəssisəni bu borca salanlardan heç biri cibindən bir qəpik də çıxarıb ödəməyəcəkdir. Məsələn, sabiq idarə heyəti sədri Elman Qarayev indi “Gələsən-Görəsən” qalası yaxınlığındakı isirahət mərkəzininin sahibidir və  orada  bizneslə məşğuldur. Ondan sonrakı sədr Marat Əkbərov isə yəqin ki Özbəkistanda şad-xürrəm həyat sürməkdədir. Müəssisənin adına Beynəlxalq Bankdan pul götürmək hüququ olan və 50 milyon manat götürən investorun –  “Pərvanə” MMC-nin isə adı indi heç yerdə çəkilmir, onun rəsmi sahibi Xəqani Bəşirovu tapıb, pulzad istəyən olacaqmı?! Yox,  əlbəttə ki yox! Onlar hara ediblər,  necə ediblər,  ya israf ediblər, dəxli yoxdur, bu pulu son qəpiyinə qədər Şəki fəhləsi verməlidir, əlbəttə ki əgər iş olsa. Yəni fəhlə daha yüksək əmək haqqı əvəzinə, 100 manata işləməlidir, necə ki elə indi də belə işləyir.
 
Aydın Məmmədov,
"Şəkinin səsi" qəzeti,  15 yanvar 2013-cü il, №1 (440).

Həmçinin bax: