4 iyulda Aşağı karvansarada keçirilən konsertdən sonra bəstəkar Cavanşir Quliyev nə dedi? (Mətn və video)

6 Tem 2012 10:11 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
Bəstəkar Cavanşir Quliyev: Şəki boyda şəhərin konsert salonu yoxdur, var idi sökdülər, yerində otel tikdilər, indi bu gələnlər orada qalırlar.
Müsahibəni "İpəkçi" qəzetinin baş redaktoru Aydın Məmmədov götürür:

Tamaşaçılar arasında – sevimli  bəstəkarımız Cavanşir Quliyevi görüb, konsertdən sonra dərhal ona yaxınlaşdıq.

        Salam, Cavanşir  müəllim.

        Salaməleyküm.

        Aydın Məmmədov, “İpəkçi” və “Şəkinin səsi” qəzetlərinin redaktoru.

        Bilirəm.

        Sizdən qısa bir müsahibə götürə bilərikmi?

        Buyurun.

        İşləriniz necədir?

        İşlərim yaxşıdır.

        Eşitdiyimizə görə, hal-hazırda xaricdə yaşayırsınız.

        Bəli, Kiprdə yaşayıram.

        Orada vəziyyət necədir?

        Hansı vəziyyət?

        Həm iqtisadi, həm də siyasi vəziyyət.

        İqtisadi vəziyyət – gözəl, amma siyasi vəziyyət, bilirsiniz  ki, onların – cənub hissəsi ilə problemləri var. Şimalda yaşayan türklərlə cənubda yaşayan yunanların 1974-cü ildə savaşı olmuş, ada iki yerə bölünmüş, indi beynəlxalq-siyasi aləmdə o adanın birləşdirilməsi prosesi gedir. Vəziyyət bax bu cürdür.

        Orada yaradıcılıqla məşğul olursunuz?

        Bəli. Bir balet yazmışam orada –“Oğuznamə”, indi ikinci baleti yazıram, “Nuhun gəmisi” adlanır. Başqa əsərlər də var; kino musiqisi var, mahnılar var, tamaşalara yazılan musiqilər var, yəni, yazı-pozu var...

        Bir-iki kəlmə də tədbir barədə...

        Belə tədbirlər ağır tədbirlərdir. Şəki nə qədər çalışsa da, təbii, çətindir bunu keçirmək. Amma, hər halda, deyə bilərəm ki, böyük ölçüdə – öhdəsindən gəldilər. Çünki, məsələn, iradlar da tutmaq olar; bu boyda şəhərdə bir dənə də olsun konsert salonu yoxdur. Var idi, lakin onun yerində otel tikdilər, indi bu oteldə tədbir iştirakçıları yaşayır. Bundan əlavə, hamı bilir ki, Şəki yağışlı yerdir, yağış zamanı konsertlər nə olsun, tamaşaçılar nə olsun, səhnə nə olsun?! Bu barədə düşünən olmadı... Konsertlərin çoxu – elan edildiyi vaxtda başlanmadı. Elə bugünkü konsert də axşam saat 8-də başlanmalı idi, amma saat 9-da başlandı. Belə şey olmaz. Festivallarda heç nə dəyişilməməlidir. Çünki, ağır işdir, hərə bir yerdən gəlir, hamının işi-gücü var, buna görə də konsertlər düz vaxtında başlanmalıdır. Amma, konsertlər gözəl oldu, tamaşaçılar çox aktiv iştirak elədilər. Ümumiyyətlə, bayram əhval-ruhiyyəsində keçdi və yeri gəlmişkən, bu tədbirin içinə, Xan Sarayının da yubileyi qatıldı, çox gözəl bir tədbir alındı. Belə... Təbrik edirəm şəkililəri, təşkilatçılara da təşəkkürümü bildirmək istəyirəm ki, öhdəsindən gəldilər, hər şey gözəl keçdi. Şəki də gün-gündən gözəlləşir, abadlaşır... Hamınıza uğurlar!

–Çox sağ olun, təşəkkür edirik.



Comments