Rafael İmkansız yaradıcılığına bir nəzər

2 May 2012 13:13 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
Rəfael Abdullayev, Toxucu istehsalatıda baş mexanik
Abdullayev Rafael Rəcəb oğlu 1938-ci ildə Nuxa (Şəki) şəhərində anadan olub. 1956-cı ildə M.Qorki adına şəhər 10 №-li orta məktəbini bitirib. İki il müxtəlif peşələrdə işlədikdən sonra 1958-ci ildə Şəki Toxuculuq Texnikumuna qəbul olunmuş və 1961-ci ildə oranı bitirmişdir. Sonra isə Daşkənd Toxuculuq İnstitutunda ali təhsil almışdır. 1968-ci ildən yenidən əmək fəaliyyətini davam etdirməyə başlamış, 1984-cü ilə qədər Yevlax, Neftçala, Bakı şəhərlərində müxtəlif vəzifələrdə işləmiş, sonra yenidən doğma şəhəri Şəkiyə qayıtmışdır. Hal-hazırda Şəki şəhərində yaşayır və “Şəki-İpək” ASC-nin Toxucu İstehsalatında baş mexanik vəzifəsində işləyir.


Toxucu qız...

Darayanda ərişini,
Görmək olmur əllərini,
Bəzəyirsən qız, gəlini,
Toxucu qız, toxucu qız.

Uçan məkik sürətindir,
Hər bir metr şöhrətindir,
Top yığını sərvətindir,
Toxucu qız, toxucu qız.

Parçaların al-əlvan bol,
Arğac sapı keçdiyin yol,
Bu yolda cəsarətli ol,
Toxucu qız, toxucu qız.

Dəzgah səsi lirikandır,
Yanaqların al-əlvandır,
Çöhrən sanki, bir bahardır,
Toxucu qız, toxucu qız.

Yorulmasın ayaqların,
Sağlam olsun o qolların,
Əzizi ol bu diyarın,
Toxucu qız, toxucu qız.

Sənə budur mənim arzum,
Qoy deyim qalmasın borcum,
Məhəbbətdən sədaqət um!
Toxucu qız, toxucu qız.
                                                                     10.10.1986, Şəki


Rafael İmkansız bundan danışır...

(qoşma)


Qarışqa yükünə gücü çatmayan,
Dəvədən yapışıb, fildən danışır.
Özünün gözündə tiri duymayan,
Özgə gözündəki çöpdən danışır.

Həyat çox qəribə, möcüzə imiş,
Aqil də, cahil də bircə dolaşır.
Aqil öz sözünü hələ deməmiş,
Cahil bilmədiyi şeydən danışır.

Sözdəki hikməti hər adam bilməz,
Parlayan hər daşa zərgər ləl deməz,
Təmiz söz, xalis, ləl qiymətdən düşməz,
Naşı hikmətli söz, ləldən danışır.

İnsan daxilində utansın gərək,
Həddi, hüdudunu aşmasın gərək,
Bilmirsə susmağı bacarsın gərək,
Rafael İmkansız bundan danışır.

04.12.1999, Şəki


MEHRİBAN OLAQ 

(qoşma)


Ömür qısa, fələk isə amansız,
Gəlin ay insanlar mehriban olaq.
Dünya yalan dünya, həmdə vəfasız,
Gəlin ay insanlar mehriban olaq.

Yaşanan hər bir an bizdən gedirsə,
Gedəni qaytarmaq mümkün deyilsə,
Ölümdən heç kəs qaça bilmirsə,
Gəlin ay insanlar mehriban olaq.

Mehriban olmasa insan insana,
Dost da yavaş-yavaş olar miyana,
Kini, küdurəti artaq bir yana,
Gəlin ay insanlar mehriban olaq.

Fikir var, deyim var qəpiyə dəyməz,
Rafael İmkansız beləsin deməz,
Ürəkdən yanmasa məsləhət bilməz,
Gəlin ay insanlar mehriban olaq.

22.03.2001, Şəki
Comments