BARAMA MÖVSÜMÜ BAŞLAYIR, AMMA İPƏKÇİLİYİN İNKİŞAFI İLƏ BAĞLI KONSEPSİYA HƏLƏ DƏ QƏBUL OLUNMAYIB?!

1 Nis 2012 17:09 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
Məlum olduğu kimi, respublikamızda barama istehsalı ildən-ilə azalmaqdadır. Ötən il – 2011-ci ildə isə biabırçı nəticə qeydə alınıb: cəmi 12 ton barama tədarük edilmişdir!!! Nəticədə “Şəki-İpək” ASC-nin 2011-ci il martın 18-dən etibarən xammal yoxluğu ucbatından iş ahəngi dayanmış Baramaaçan istehsalatının qapıları bir daha açılmadı, çünki 12 ton barama bu istehsalatın cəmi bir həftəlik xammal ehtiyatı idi və bir həftəlik xammaldan ötrü də sexləri işə salmağa, fəhlələri işə çağırmağa dəyməzdi, bu da o deməkdir ki azı 1000 nəfər fəhlə işsiz qalmışdır!
Son illər respublikada kənd təsərrüfatının bütün sahələrinə dövlət qayğısından söhbət getsə də, az qala bütün kənd təsərrüfatı məhsullarının istehsalına dövlət büdcəsindən dotasiyalar verilsə, sahibkarlar üçün güzəştlər tətbiq olunsa da, təəssüf ki bütün bunlar ipəkçilikdən yan keçməkdədir və nəticə etibarı ilə barama istehsalı və barama becərənlərin sayı ildən-ilə azalır.
    Bəlkə 10 ilə yaxındır ki ipəkçiliyin inkişafı ilə bağlı dövlət səviyyəsində hansısa konsepsiyanın qəbul ediləcəyindən söhbət gedir, hesabatlar yazılır, ekspertlərin rəyi dinlənilir, təkliflər verilir, təşəbbüslər irəli sürülür, lakin heç bir konsepsiya qəbul olunmur ki, olunmur! “İpəkçi” qəzetinin redaksiyası hesab edir ki, əgər dövlət barama istehsalını artırmaq üçün 5 il ərzində ildə cəmi 1 milyon manat vəsait ayırarsa, yəni barama becərənlərə dotasiya verərsə, “Şəki-İpək” ASC-nin baramaaçan istehsalatında azı 1500 nəfər daimi işlə, 10 minlərlə ailə isə mövsümü (40 günlük) işlə təmin oluna bilər. Bizcə iqtisadiyyatımızda belə bir sahə yoxdur ki, ora cəmi 1 milyon manat vəsait yönəltməklə o qədər adamı işlə təmin etmək mümkün olsun. Məsələn, möhtərəm Prezident İlham Əliyev cənabları bu yaxınlarda Şəki Dram Teatrı binasının yenidən qurulması üçün məhz bu qədər məbləğdə pul ayırmışdır və aydındır ki, binanın təmirinə ən çoxu 50 nəfər fəhlə cəlb edilə bilər, deməli, 1 milyon manata cəmi yeri 50 iş yeri yaranmışdı, o da müvəqqəti. Amma eyni məbləğ ipəkçiliyin inkişafına ayrılsaydı...
    Qayıdaq yenə ipəkçiliyin inkişafı ilə bağlı konsepsiya. “Şəki-İpək” ASC İdarə heyəti sədrinin müşaviri Teymur Musayev bildirir ki, Konsepsiya layihəsinə hal-hazırda İqtisadi İnkişaf Nazirliyində baxılır. T.Musayev hesab edir ki, yaxın günlərdə onun qəbul olunması mümkündür.

    Şəkildə: Teymur Musayev, “Şəki-İpək” ASC İdarə heyəti sədrinin müşaviri

Comments