Haqqımızda

“İpəkçi” qəzeti 13 mart 1933-cu il tarixdə  “Nuxa ipək kombinatı firqə kollektivinin və yerli komitəsinin orqanı” olaraq  nəşrə başlayıb. Qəzetin ilk redaktoru Rəsul Rəsullu olub. Daha sonra  - 1935-ci ildən, qəzet Əli İsgəndərovun və digər şəxslərin redaktorluğu ilə çap edilib. İkinci dünya müharibəsi illərində - 1943-cü ildə, qəzetin nəşri dayandırılsa da, müharibədən sonra - 1958-ci ildə yenidən bərpa edilib. 1958-1965-ci illərdə qəzetin redaktoru Məmmədiyyə Cabbarov (Süleymanlı), 1965-2009-cu illərdə Salis Məmmədov olub. Salis Məmmədov 1991-ci ilin sonlarında Azərbaycan Respublikasının Əməkdar Jurnalisti” fəxri adına layıq  görülmüşdür. 2009-cu ildən etibarən isə qəzet  Aydın Məmmədovun baş redaktorluğu ilə nəşr edilir.


İpəkçi” qəzeti 1983-cü ildə, 50 ilik yubileyi münasibəti ilə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur (Bax: "İPƏKÇİ" QƏZETİ, №15 – 16 (1411) ŞƏNBƏ, 28 MAY 1983-cü İL (50 ilik yubiley nömrəsi)). Qəzetin 60 illik yubileyi münasibəti ilə isə Azərbaycan Respublikasının o vaxtkı prezidenti, ulu öndər Heydər Əliyev qəzetin redaksiyasına təbrik məktubu ünvanlamışdır (Bax: Ulu öndər Heydər Əliyevin 20 il əvvəl "İpəkçi" qəzetinə göndərdiyi təbrik məktubunun mətni >> ).


İpəkçi” qəzetinin 12 dekabr 1990-cı il tarixli, 33-34-cü (1967-1968) sayında, V.İ.Lenin tərəfindən deyilmiş və sovet mətbuatının atributu olan “Bütün ölkələrin proletarları birləşin!” şüarı qəzetin başlığı üzərindən götürülmüş, buna qədər “Azərbaycan Kommunist partiyası V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı, Komsomol Komitələrinin və baş direktorluğun orqanı” olan qəzet “Şəki ipəkçilərinin açıq tribunası” elan edilmişdir. Bu, həmin vaxta qədər Azərbaycan Sovet mətbuatında analoqu olmayan, keçmiş SSRİ-də isə nadir hallarda təsadüf edilən bir hadisə idi. Qəzetin sözgedən sayında “Oxucularımıza” sərlövhəli baş məqalədə isə redaktor, mərhum Salis Məmmədov böyük qətiyyət, cəsarət və uzaqgörənliklə atılmış bu addım barədə daha təfsilatı ilə məlumat vermişdir...


2007-ci ildən qəzetin internet saytları fəaliyyət göstərir. 2018-ci  ilin əvvəlində isə qəzetin  rusca  saytı da fəaliyyətə başlayıb. 


Son illərdə İpəkçi” qəzetində və onun veb-saytında xüsusilə ipəkçilik və ipəkçilərin hüquqlarının müdafiəsi ilə bağlı  dərc olunan xəbər və məqalələr bir çox aparıcı KİV-in diqqətinə səbəb olmuş, daha çox yayılmış və daha çox oxunmuşdur. Biz problemlər haqqında məlumatları ictimailəşdirməklə problemlərin aradan qaldırılmasına, ulu öndərin  tövsiyəsinə uyğun olaraq,  hər bir oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmağ”a çalışırıq və bu işdən məmnunuq!